Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:44

Astara rayonunda sel həyətlərə, evlərə təhlükə yaradıb


Yol daralıb
Yol daralıb

Astara rayon Şiyəkəran kənd sakini Vaqif Əsədov deyir ki, Pensərçayın daşıması nəticəsində yaşayış evi təhlükəli duruma düşüb. O, Qarabağ müharibəsi veteranıdır. Vurğulayır ki, ötən həftə sel suları torpağı yuyaraq yaşadığı evə bir az da yaxınlaşıb. Evdə çaydan axan suyun səsi aydın eşidilir: "Pensərçay evimin yanından keçir. Çay 2019-cu ilin aprelində torpağın bir hissəsini yuyub apardı. Bu ərazidə çay 20 metrdən çox enlənib. Keçən həftə sel sularının gəlməsi işimizi daha da çətinləşdirib. Hasara qədər su torpağı yuyub. Gözümüzün qabağında torpaq çökdü. Çayın kənarında ağaclar əkilmişdi ki, torpağı su apara bilməsin. Sel suları ağacları da apardı. Son illər daşqınlar artıb. Növbəti belə daşqın olsa, su hasarı, evi apara bilər".

"Döymədiyim qapı qalmayıb"

O əlavə edir ki, ötən ilə nisbətən hasarla çay arasında olan məsafə iki dəfə azalıb: "Bu problemlə bağlı döymədiyim qapı qalmayıb. Dörd-beş ildir qorxu içində yaşayırıq. Rayon icra hakimiyyətində dəfələrlə olmuşam. Birinci vitse-prezidentə yazmışam, bugünlərdə də Astara rayon İcra Hakimiyyətində oldum. Hər dəfə təhlükə sovuşanda gəlirlər, baxırlar, ölçürlər, təhlükəli vəziyyətin olduğunu etiraf edirlər, amma tədbir görmürlər".

V.Əsədov iqtisadi vəziyyətindən də şikayət edir. Deyir ki, heç yerdən kömək görməyib: "Mən birinci, oğlum isə İkinci Qarabağ müharibəsinin veteranıyıq. Oğlum Valeh Əsədovun müharibədən qayıdanda böyrəklərində problem var idi. Müalicə etdilər, özüm də xərc çəkdim. İkinci oğlum Lənkəran Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Orduda xidməti iyul ayında başa vurduqdan sonra evə qayıdıb. Müəllimliyə götürmürlər. Deyirlər ki, müəllimlərin işə qəbulu qurtarıb. Üçüncü oğlum də hərbi xidmətə gedəcək. Faktiki olaraq altı baş ailə mənim 80 manat veteran puluma baxır".

Pensərçay
Pensərçay

"Məmurlar bu deyilənləri qulaqardına vururlar"

V.Əsədov deyir ki, valideynləri sağ ikən ona dayaq olublar: "İndi faktiki günəmuzd işləyirəm, o da iş olanda. İqtisadi vəziyyətim yaxşı deyil, kömək də yoxdur. 80 manatla necə dolanım? Özünüməşğulluq proqramında varam, amma hər dəfə mənə deyirlər ki, gözlə. Ölkə başçısı həmişə deyir ki, Qarabağda yaralananlara, veteranlara diqqətlə yanaşın, problemlərini həll edin. Amma məmurlar bu deyilənləri qulaqardına vururlar".

"Çaydan çınqıl, daş daşınır"

Əslində kənddə tək V.Əsədov yox, onun qonşuları da narahatdır. Qonşulardan adının çəkilməsini istəməyən biri: "Su dağdan gəlir, bura aşağı. Pensərçay kəndin mərkəzindən keçir. Çay ildən-ilə genişlənir, həm də dərinləşir. Çaydan çınqıl, daş daşınır. Su dağdan gəlir, bura aşağı olduğu üçün sürəti artır. Sel suları da əlavə olanda qabağına nə çıxır, dağıdıb aparır. Son yağıntıda su kəndin ərazində olan iki asma körpünü apardı. Bir körpü qalıb, o da qəzalı vəziyyətdədir. Kəndin 7 mindən çox əhalisi var, iki yerə bölünüb".

"50 yaşında küçələrə düşəcək?!"

Onun sözlərinə görə də, ən təhlükəli vəziyyət V.Əsədovun yaşadığı evin çaya tərəf olan hissəsindədir: "Dörd oğul böyüdür. Bir oğlu da müharibə veteranıdır. Bir evdə iki veteran var. Bu ailə vətən üçün əlindən gələni edib. Kəlbəcərdə böyrəkləri sətəlcəm olub, ata öz şəxsi vəsaiti hesabına onu müalicə edir. Fəhlədir, günəmuzd işləyir. Heç yerdən köməyi yoxdur. Evini su aparsa, yenisini necə tikəcək? 50 yaşında küçələrə düşəcək?!".

Onun söylədiyinə görə, problemi aradan qaldırmaq elə də çətin deyil.

Torpağı su aparıb
Torpağı su aparıb

"Çayın sahilini betonlasalar, problem həllini tapar"

V.Əsədovun başqa bir qonşusu Arif Hüseynov da yaranmış vəziyyətdən narazıdır: "Uşaqlar məktəbə necə getsin? Su böyük bir ərazini yuyub aparıb. Qaz xətti, evlər, yol təhlükə altındadır, buradan keçmək olmur. Çayın sahilini betonlasalar, problem həllini tapar. Su betona dəyib yoluna davam edəcək. Görürsünüz, yarğan əmələ gəlib. Torpağın altı ovulur, sonra çökür. Bu işi görmək beləmi çətindir?".

İcra hakimiyyətindən…

Astara rayon İcra Hakimiyyətindən isə bildirirlər ki, Pensərçayda sahilbərkitmə işləri aparmaq üçün müvafiq orqanlara müraciət olunub. İcra hakimiyyətindən deyildiyinə görə, problemlər həllini tapacaq.

XS
SM
MD
LG