Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:27

AvroMed şirkətinin “pulyuyan maşından” milyonlarla dollar aldığı güman edilir


Foto-illüstrasiya
Foto-illüstrasiya

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmasının çərçivəsində növbəti məqaləsini dərc edib.

Bu məqalə “pulyuyan maşın” sxemi üzrə 2013-cü ilin avqustunda 138 milyon dollar mənfəət əldə etdiyi iddia olunan AvroMed şirkəti barədədir.

Məqalədə deyilir ki, Azərbaycanın ən böyük əczaçılıq şirkətlərindən biri olan bu şirkətə pullar Azərbaycanın hakim ailəsinə bağlı iki Britaniya balıqqulağı şirkətindən göndərilib.

Bu iki şirkət Azərbaycan “pulyuyan maşınının” özəyini təşkil edir.

Təhqiqat jurnalistləri yazırlar ki, AvroMed birinci ailə ilə biznes əlaqələri olan parlament üzvü Cavanşir Feyziyevin həmtəsisçiliyi ilə yaradılıb və 2010-cu ilədək onun idarəçiliyində olub. O prezident Əliyevin etibarlı şəxsi və Avropa İttifaqının lobbilənməsində əsas vasitəçisi sayılır.

Jurnalistlərin sorğusuna cavab olaraq AvroMed şirkəti rəhbərinin müavini Şəhla Mahmudova deyib ki, şirkət “tarixi boyunca özünün kommersiya fəaliyyətindən kənarda heç bir ödənişlər etməyib və heç bir vəsait almayıb”.

Mahmudova konkret tranşlar barədə şərh verməyib.

Cavanşir Feyziyev
Cavanşir Feyziyev

Belə olduğu halda, AvroMed-in aldığı milyonlarla dolların onun hansı biznesi ilə bağlı olduğunu söyləmək çətindir. Şirkətin ödənişlərin edildiyi Baltik ölkələrində nə ofisi, nə də nümayəndələri var.

Məqalədə deyilir ki, pulyuyan maşın kimi çirkli pulların yuyulması əməliyyatları keçmiş sovet respublikalarına xas cəhətdir və çox vaxt onların iqtisadiyyatına dərindən sirayət etmiş olur. Bundan hökumət, cinayətkar qruplar və hətta adi bizneslər də aldıqların pulun mənşəyini gizlətmək, vergidən yayınmaq və rüşvətlər vermək üçün istifadə edə bilərlər.

Bu pulun son nəticədə hara gedib çıxdığı və ondan necə istifadə olunduğu bəlli deyil.

Bu da qeyd olunur ki, AvroMed ölkədə dərman və tibb ləvazimatının başlıca idxalçısıdır və bu mallar bütün regionda ən baha əmtəə sayılır.

Qəribə təsadüf

Məqalədə deyilir ki, 138 milyon dollar, biri Latviyada, digərisə Estoniyada olmaqla AvroMedin adında olan iki hesaba (“AvroMed Company” and “AvroMed Company LLP”) oturub. Maraqlıdır ki, heç bir hesabın adında məhdud məsuliyyətli şirkəti (limited liability company) bildirən “MMC” hərfləri yoxdur.

AvroMed-in harada qeydiyyatda olduğu da bəlli deyil, çünki qurum özünü Birləşmiş Krallıq/Azərbaycan şirkəti adlandırır. Dünya biznesləri arasında axtarış “AvroMed Company” adlı yalnız iki şirkəti ortaya çıxarıb. Onlardan biri Azərbaycanın əczaçılıq nəhəngidir.

Buna görə də AvroMed şirkətinin AvroMed Company LLP-yə necə bağlı olduğu naməlumdur. AvroMed şirkətinin nümayəndələri öz şirkətlərinin sahibliyi və başqa AvroMed şirkəti ilə bağlılıqlarına dair suallara cavab vermirlər.

Bu da öz növbəsində bu bank hesablarını əminliklə Azərbaycanın əczaçılıq nəhənginə bağlamaq imkanı vermir.

Amma sözü gedən tranşlar, onların məhz real AvroMed-ə edildiyi barədə təsəvvür yaradır.

“AvroMed Company LLP” adlı digər şirkət tranşlar başlanandan bir neçə ay əvvəl, 10 sentyabr 2012-ci ildə Birləşmiş Krallıqda qeydiyyatdan keçib. Şirkətin Britaniya qeydiyyatı sənədlərində Dominika Birliyində beynəlxalq biznes şirkətləri kimi qeydiyyatdan keçmiş iki ofşor şirkətin - Kenmark Inc. və Ostberg Ltd-nin adları var. Bu iki şirkətin adı “AvroMed Company LLP”- nin əsl sahibi kimi təsdiqlənir. Birləşmiş Krallıqdakı firma 2017-ci ilin əvvəllərində ləğv olunub.

Bu şirkətə e-maillərində AvroMed, ödənişlər və ya Birləşmiş Krallıq şirkətinə bağlılığı barədə heç nə demir.

Azərbaycanın AvroMed şirkəti reklam materiallarında özünü müştərək Britaniya-Azərbaycan əczaçılıq şirkəti kimi təqdim edir. Britaniya AvroMed-inin illik hesabatları isə göstərir ki, şirkət “əczaçılıq malları üçün ticarət agenti” kimi fəaliyyətdə olub və bəzi real ödənişləri qəbul edib.

Fontan vuran uğur

2001-ci ilin sonlarında qeydiyyatdan keçmiş Azərbaycan AvroMedi tez bir zamanda GlaxoSmithKline, Aventis, Sanofi və Novartis də daxil Amerika vəAvropa əczaçılıq nəhəglərinin müstəsna distribyutoruna çevrilib.

Onun internet saytının erkən vesiyasının arxivlərindən şirkətin heyrətamiz artım yaşadığı görünür. Onun 2002-ci ildəki dövriyyəsi cəmi 3, 5 milyon manat (3, 6 milyon dollar) olub. Amma 2011-ci ilədək gəlir dramatik şəkildə 60 dəfə artaraq 212 milyon manata (270 milyon dollar) çatıb.

Bu gün bu şirkət Azərbaycanda 500-dən artıq başqa əczaçılıq şirkəti ilə rəqabətdədir və şirkət rəsmilərinin məlumatına görə bazarın 25 faiznə nəzarət edir. Bu şirkət dünyanın 42 ölkəsinin 250-dən çox əczaçılıq şirkətindən mal idxal edir.

Onun müştəriləri arasında 15 dövlət xəstəxanası, 200-dək özəl klinika, yüzdən çox gözəllik və sağlamlıq mərkəzi, idman federasiyaları və klublar, 2000 aptek, habelə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi var.

2012-ci ildə şirkətin o vaxtkı baş meneceri Elşad Abdullayev The Business Year məcmuəsinə müsahibəsində demişdi ki, şirkət 2007-ci ildən bəri Səhiyyə Nazirliyi tenderlərinin “az qala 50 faizini” təchiz edir.

Təkcə 2016-2017-ci illərdə AvroMed 115 milyon manatlıq hökumət tenderlərini udub.

AvroMed-in əsl sahibi kimdir?

AvroMedin qüdrətli həmtəsisçisi Cavanşir Feyziyev 2016-ci ilin noyabrında yerli qəzetə müsahibəsində deyib ki, özünün şirkətdəki payından 2015-ci ildə parlamentə təkrar üzv seçilərkən imtina edib.

O deyib ki, “mən bu qərara şəxsən özüm gəlmişəm və bu, şəxsi məlumat olduğuna görə onu mətbuata açmağa borclu deyiləm”.

Məqalədə deyilir ki, Azərbaycanda şirkət sahibləri və onların maliyyə məlumatları ictimaiyyət üçün açıq deyil və buna görə də onları müstəqil şəkildə yoxlamaq olmur.

Feyziyevin AvroMed-dəki partnyorlarının adları heç vaxt açıqlanmasa da, onun bundan əvvəlki işbirlikləri şirkətin nəhəng uğurunun arxasında gizlənən səbəblərə müəyyən işıq salır.

Birinci ailə ilə partnyorluq

2008-ci ilin sentyabrında Feyziyev Azərbaycanda Dokta MMC adlıbaşqa bir əczaçılıq şirkətinin əsasını qoyub. OCCRP-nin bundan əvvəl əldə etdiyi sənədlər göstərir ki, onun bu şirkətdəki iki partnyoru Azərbaycanın hakim elitasının mühüm üzvləridir.

Birinci ailəyə yaxın olan, lakin adının çəkilməsini istəməyən mənbə bildirib ki, Əliyevlər Feyziyevi “etibarlı partnyor və yaxşı menecer” kimi 1990-cı illərdən tanıyıblar və o Əliyevlərə özünün biznes bacarıqları və sadiqlik reputasiyası ilə tanındığına görə təqdim edilib.

Cavad Mərəndi
Cavad Mərəndi

Onun Dokta şirkətindəki partnyorlarından biri – Cavad Mərəndi birinci ailənin yaxın dostudur və bir vaxtlar onun tikinti biznesinin menecment partnyoru olub, hərçənd indi özünü yalnız məsləhətçi kimi təqdim edir. O həm də, incəsənət və kinoyamaraqları ilə tanınan prezident qızı Leyla Əliyevaya hamilik edir.

Feyziyevin Dokta şirkətindəki digər partnyoru Mircəlal Paşayev birinci ledi Mehriban Əliyevanın əmisi oğludur. O 2014-cü ildə Londonda Mərəndidən hədiyyə olaraq 6 milyon dollarlıq mənzili qəbul edib.

Dokta uğurlu biznesdir. Bu şirkətin Bakıda dərman, kosmetika malları, körpə qidası və tibb avadanlığı satan apteklər şəbəkəsi var.

Süni qıtlıq və qiymət artımı

Mətbuat uzun illər AvroMed-i özünün inhisarçı vəziyyətindən istifadə edərək başqa şirkətləri dərmanları ondan almağa məcbur etməkdə, süni dərman qıtlığı yaradaraq qiymətləri qaldırmaqda ittiham edib.

Ən son böhran 2017-ci ilin fevralında baş verib. Onda bir neçə həftə ərzində körpə uşaqlar üçün qida məhsullarının qıtlığı yaranmışdı.

Bu da qeyd edilir ki, Azərbaycan bütün MDB məkanında dərmanların əhəmiyyətli dərəcədə baha olduğu ölkələrdəndir. Ekspertlərin təhlilinə görə eyni dərmanların qiyməti Azərbaycanda Türkiyə və İranda olduğundan iki, bəzən isə üç dəfə bahadır.

2015-ci ildə “Müsavat” qəzetinin müxbiri Feyziyevi dərman qiymətlərinin son dərəcə bahalığı barədə sorğu-suala tutanda, o, şirkətin inhisarçı mövqeyə malik olduğunu inkar etmişdi.

Lakin özü də etiraf etmişdi ki, azad rəqabət şəraitində qiymətlər düşməlidir, Azərbaycanda isə qalxır.

XS
SM
MD
LG