Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:25

'AMAY Abdulla': 'Yazığım gəldi, uşaqların 'atası' oldum...'


Abdulla Abdullayev məhkəmədə. 2015
Abdulla Abdullayev məhkəmədə. 2015

Özünü MTN polkovniki kimi təqdim edib, müxtəlif adamları iş qurmaq, sənəd düzəltmək adıyla aldadıb, onlara hədə-qorxu gəlib ümumilikdə 1 milyona yaxın pullarını ələ keçirməkdə suçlanan Aygün Akimova «AMAY Abdulla» kimi tanınan məşhur işadamını da işə salıb. 2014-cü ildə həbs olunub 13 il cəza alan və təxminən iki il sonra həbsdən buraxılan Abdulla Abdullayev elə buraxılan kimi yenə istintaqa cəlb olunub. Bu dəfə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan Akimovanın işi üzrə istintaqa.

XADİMƏ KİMİ AYDA 300 MANAT MAAŞ VERİB

Akimovanın zərərçəkmişlərinin dediyinə görə, bu qadın onlara vəd verərkən həyat yoldaşının məşhur vəzifəli şəxs olduğunu, onun vasitəsilə işləri düzüb-qoşacağını deyib. Hətta bəzilərinə konkret Abdulla Abdullayevin adını deyib.

Məsələ burasındadır ki, doğum haqqında şəhadətnamələrdə də hazırda həbsdə olan Aygün Akimovanın uşaqlarının atası kimi Abdulla Abdullayevin adı yazılıb.

***Buna da bax-Zərərçəkmiş ittiham olunana: 'Sizin həyat yoldaşınız kimdir?'

Bütün bu məsələlərlə əlaqədar istintaqa cəlb olunan işadamı ifadəsində bildirib ki, AMAY şirkətinin rəhbəri olduğu vaxt – 2004-cü ildə Dilarə adlı qadın onun iş yerinə gələrək seyid nəslindən olduğunu deyib, başqa bir qadına olan borcunu təcili qaytarmaq üçün ondan kömək istəyib. O da yardım edib. Bir müddət sonra həmin qadın yenə gəlib. Bildirib ki, Aygün adlı qızını bir kişi aldadıb, əgər mümkünsə, Abdullayev nüfuzundan istifadə edib o adamla danışsın, qızı ilə evlənməsini tələb etsin: «Əlbəttə ki, mən imtina etdim. Bir gün o qadın məndən xahiş etdi ki, bu işin üstü açılmasın deyə, qızı Aygünün xaricdəki zavodlarımdan birində işləməsinə kömək edim. Mən isə xaricdə olan zavodlarımın fəaliyyətini dayandırdığını dedim. Bir müddət sonra Aygün özü mənim qəbuluma gəldi və onu işə götürməyimi xahiş etdi. Bundan sonra Aygünü xadimə kimi işə götürdüm, ona aylıq 300 manat maaş verirdim».

YENƏ YAZIĞI GƏLDİYİ ÜÇÜN RAZILIQ VERİB

İşadamının sözlərinə görə, bir müddət sonra Aygün Akimova oğlan uşağı dünyaya gətirib, gəlib Abdulla Abdullayevə deyib ki, əri olmadığından uşağın doğum haqqında şəhadətnaməsində ata kimi onun adını yazdırmaq istəyir: «Mənim də Aygünə yazığım gəldiyi üçün buna razılıq verdim. Aygünün uşağının atası isə başqası olub».

***Buna da bax-''AMAY Abdulla' deyir, gedin pulunuzu istintaqdan tələb edin'

Məsələ bununla da bitməyib. Bir müddət sonra Akimovanın qızı da dünyaya gəlib. Onun da doğum haqqında şəhadətnaməsində atasının adı Abdulla Abdullayevdir. İşadamı ifadəsində ikinci uşaqla bağlı deyib ki, o da onun övladı deyil, sadəcə, yenə yazığı gəldiyi üçün razılıq verib.

Abdulla Abdullayev deyir ki, daha sonra Aygünün xoşagəlməz hərəkətlərindən xəbər tutub, ona müəyyən görüntülər göstəriblər. O da həmin görüntüləri Akimovanın anasına və qardaşına göndərib. Ardınca da onu işdən çıxarıb. Dediyinə görə, bundan sonra onu nə görüb, nə də telefonla danışıb.

İşadamı onu da söyləyib ki, 2012-ci ildə Aygün Akimovanın övladlarının atası kimi doğum haqqındakı şəhadətnamələrdə adının silinməsi üçün Nərimanov rayon Məhkəməsinə müraciət edib. Ancaq sonradan işləri, həbs olunması səbəbindən bu işin axırına qədər gedə bilməyib.

MAŞIN, EV ALMADIĞINI DEYİR

Aygün Akimovanın adamları aldatması barədə ittihamlara gəlincə, Abdulla Abdullayev deyir ki, onun əməllərindən xəbəri yoxdur. O, Aygünün maddi ehtiyaclarını qarşılaması, ona maşın, ev alması haqda deyilənləri də təkzib edib: «Aygünə şirkətdə işlədiyi vaxt 300 manat maaş vermişəm, atası və anasının müalicəsinə çox az-az məbləğdə pul vermişəm. Aygünə mənzil almağım haqda deyilənlər də yalandır. Bildiyimə görə, Aygün ailəsi ilə Sumqayıtda kirayədə yaşayıb».

Akimovanın mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

İki il əvvəl dələduzluqda və daha bir neçə cinayətdə təqsirləndirilən işadamı Abdulla Abdullayevə Bakı Ağır Cinayətlər Məhkəməsi 13 il həbs cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvəsində saxlayıb. O, sonradan Ali Məhkəmənin qərarı ilə 5 il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılıb.

XS
SM
MD
LG