Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18

Azərbaycanın EİTİ-dən çıxması niyə sensasiya olmadı?


Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk etməsi xəbər başlıqlarından dərhal çıxıb. Hələ bir həftə bundan əvvəl geniş müzakirələrə və proqnozlara yol açan bu mövzuya indi heç kəs toxunmur.

Bunun bir səbəbi də Bakının bir qədər gözlənilməz demarşından əvvəl müstəqil politoloqların, vətəndaş cəmiyyəti üzvlərinin verdikləri proqnozların hələki özünü doğrultmamasıdır.

Vətəndaş cəmiyyətinin nümayəndələri, konkret olaraqMədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının üzvləri Boqota iclasından əvvəl bildirirdilər ki, Azərbaycanın EİTİ-nin 4 ay əvvəl verdiyi tövsiyələri yerinə yetirməməsi Bakı üçün ciddi maliyyə problemləri yarada bilər.

Bu xüsusilə vurğulanırdı ki, Azərbaycanın Cənub Qaz Dəhlizi kəməri layihəsindəki payını ödəmək məqsədilə beynəlxalq maliyyə təsisatlarından kredit alması çətinləşəcək.

Yeri gəlmişkən, belə proqnozlar təkcə Azərbaycandan yox, həm də Qərbdən səslənirdi. Nüfuzlu Financial Times qəzeti hələ ötən ilin oktyabrında yazırdı ki, Azərbaycanın EİTİ-dəki statusu onun Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kimi təsisatlardan kreditlər almasında əhəmiyyətli rol oynayır.

Seçim

Lakin artıq ötən həftə keçirilmiş Boqota iclasının ardınca elə həmin Financial Times yazırdı ki, EITI könüllü təşkilat olsa da, Bakının qurumu tərk etmək qərarı qaz kəmərinin sponsorlarını kommersiya maraqları ilə təşəbbüsün şəffaflıq və yaxşı idarəçilik prinsiplərinə əməl etmək seçimi qarşısında qoyacaq.

Amma elə həmin məqalədən görünür ki, sözü gedən sponsorlar öz seçimlərini ediblər və bu seçim heç də vətəndaş cəmiyyətinin xeyrinə olmayıb.

Şahmar Mövsümov
Şahmar Mövsümov

AYİB Bakının EİTİ-dən çıxmaq qərarını şərh edərkən bildirib ki, təşkilatın hər hansı layihəyə vəsait qoyub-qoymamaq qərarını qəbul etmək üçün öz daxili proses və mexanizmləri var.

Başqa sözlərlə bu o deməkdir ki, Azərbaycan EİTİ-dən kənarda da istədiyi kreditlərə ümid bəsləyə bilər.

FT Azərbaycan Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümovdan da iqtibas gətirirdi. Cənab Mövsümov qəzetə bildirmişdi ki, Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi üzrə kreditlər alması imkanını EİTİ üzvlüyü ilə birbaşa bağlamaq düzgün deyil.

Dünya Bankının hadisə ilə bağlı verdiyi şərh də Mövsümovun dediklərindən əmin olduğunu göstərir. “Dünya Bankı Azərbaycanın neft gəlirlərinin idarə olunması və bütünlükdə mədən sənayesindəki şəffaflığın təminatı üçün təmiz, açıq və şəffaf çərçivə yaratmaq cəhdlərini dəstəkləməkdə davam edəcək" – deyilir qurumun şərhində.

Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi üzrə əsas biznes partnyoru BP şirkəti isə bildirib ki, Azərbaycanın EİTİ-dəki fəaliyyətinin dayandırılması qərarının ədalətsiz olduğuna inanır, çünki şirkətin qənaətinə görə Azərbaycan ondan tələb olunan sahələr üzrə irəliləyişə nail olmuşdu.

"Lakin biz həm də Azərbaycanın EİTİ-dən çıxmaq qərarından məyusuq. Biz inanırıq ki, EİTİ şurasının qərarı və onun nəticəsi heç bir tərəfin marağında deyildir" - deyilir BP-nin bəyanatında.

Göründüyü kimi Azərbaycanın EİTİ-ni tərk etməsini nə onun ən böyük partnyoru, nə də beynəlxalq maliyyə təsisatları “faciə etmirlər”.

Koalisiyanın gələcəyi nə olacaq?

Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının koordinatoru, iqtisadçı Qubad İbadoğlu AzadlıqRadiosuna deyib ki, BP-nin Azərbaycanın EİTİ-dən çıxmasına belə soyuqqanlı münasibətini təbii qəbul etmək lazımdır, çünki burda korporativ maraqlar əsas rol oynayır.

Bununla belə iqtisadçı hesab edir ki, istər EİTİ şurası, istərsə də beynəlxalq maliyyə təsisatları Azərbaycanın təşəbbüsdən çıxmasına daha ciddi yanaşmalı idilər.

Qubad İbadoglu
Qubad İbadoglu

Qubad İbadoğlunun fikrincə, əksinə hökumət bu təsisatların və BP-nin mövqeyini əvvəlcədən bildiyinə görə EİTİ-dən tamamilə çıxmaq qərarını həyəcansız və rahat qəbul edib, halbuki rəsmi Bakı belə bir addımı atmazdan əvvəl özünün yerli tərəfdaşları ilə məsləhətləşməli idi.

İqtisadçı alimin fikrincə AYİB-in də mövqeyi başa düşüləndir, çünki təsisatın Azərbaycana kredit verməsi ilə bağlı proseslərə artıq başlanmışdı.

Qubad İbadoğlu düşünür ki, yaranmış sitiuasiyada vətəndaş cəmiyyəti, konkret olaraq Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası mürəkkəb vəziyyətdə qalır.

Qurumun növbəti addımları barədə indidən nəsə demək çətindir. Azərbaycanın EİTİ-dən çıxması ilə Koalsiyanın funksiyası bir növ naməlum qalır və onun fəaliyyəti üçün platforma qalmır.

Qubad İbadoğlu bildirir ki, koalsiyanın öz tərkibinin də yekcins olmadığı nəzərə alınmalıdır. Burada həm hökumətyönlü, həm də müstəqil QHT-lərin nümayəndələri birləşir. Hökumətin innən belə bu qurumla münasibətlərinin necə olacağı, kiminlə işi davam etdirəcəyi məlum deyil.

Cənab İbadoğlu AzadlıqRadiosuna deyib ki, bütün bu suallara koalisiyanın mayın 1-dək keçirilməli olan iclasında cavab axtarılacaq.

Onun fikrincə indiki mərhələdə nikbinlik üçün elə bir əsas yoxdur.

XS
SM
MD
LG