Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:49

Azərbaycanda elektron pullar buraxılacaq?


Online ticarətə maraq artır, bəs şərait varmı?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Online ticarətə maraq artır, bəs şərait varmı? (Arxiv)

Azərbaycanda elektron pul və ödəniş təşkilatlarına lisenziyalar verilir. Bu proses mayın sonunda başlayıb, hazırda davam edir.

Bəzi ekspertlər hesab edir ki, bu, Azərbaycanda elektron pulların dövriyyəyə buraxılması ilə nəticələnəcək.

Hələ ötən il Milli Məclis "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun qəbul edib. Qanunun 48.1-ci maddəsinə görə, elektron pul təşkilatı ödəniş xidmətləri sahəsində fəaliyyətini lisenziya aldıqdan sonra həyata keçirə bilərlər.

Rəqəmsal valyutaya keçid cəhdləri 2006-cı ildə İsveçdə başlanılıb.

Elektron pullar yalnız kompüter, planşet və yaxud smartfonlarda saxlanılan, dəyəri müəyyən edilən pul növüdür.

2023-cü ildə dünyada rəqəmsal ödəniş bazarının gəlirləri 111.2 milyard dollar olub.

Vüqar Bayramov
Vüqar Bayramov

"Şəffaflığın artırılmasına da xidmət edir"

Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov "Turan"a bildirib ki, indiyədək lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib. Yaxın zamanlarda isə sözügedən lisenziyaya sahib olan təşkilatların sayı arta bilər.

İqtisadçının fikrincə, bu, deməyə əsas verir ki, tezliklə Azərbaycanda da elektron pulların dövriyyəyə buraxılması mümkün olacaq: "Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı, mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər".

V.Bayramov deyir ki, bu, banklar üçün yeni imkan olmaqla bərabər pul bazarı üçün də yeni məhsul buraxılışdır: "Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəyinə də çevrilə bilər".

Natiq Cəfərli
Natiq Cəfərli

Elektron pul kriptovalyuta deyil

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, elektron pul dedikdə kriptovalyuta nəzərdə tutulmur: "Kriptovalyutanın alqoritmi tam başqadır. Ona heç lisenziya lazım deyil və bunun dövlət tərəfindən tənzimlənməsi mexanizmi yoxdur".

Ekspertin sözlərinə görə, elektron pullarla bağlı Çin, Yaponiya və Rusiyadan tutmuş digər ölkələrdə də cəhdlər olub: "Onların öz valyutalarını elektron şəkildə buraxması cəhdləri olub, amma heç bir irəliləyiş əldə olunmayıb, çünki burada məntiqsizlik var. Bizim cibimizdə kartlar var və həmin kartlarda olan pullar formal olaraq elektron pulun bir formasıdır".

N.Cəfərli hökumətin elektron pulları dövriyyəyə buraxmaqla nə əldə etmək istədiyini başa düşməkdə çətinlik çəkdiyini vurğulayır: "Bu proses Mərkəzi Bankın nəzarətində olmalıdır. Konstitusiyada deyilir ki, ölkə ərazisində vahid ödəniş sistemi olmalıdır və Mərkəzi Bank tərəfindən tənzimlənməlidir. Əgər proses AMB tərəfindən tənzimlənəcəksə, hansısa bir özəl şirkətin pul buraxmasına necə icazə veriləcək? Yəni, burada suallar çoxdur".

İqtisadçı bildirir ki, Azərbaycanda elektron pullar dövriyyəyə buraxılarsa belə, bunun manatın məzənnəsinə heç bir təsiri olmayacaq: "Manata kənar təsirlər çox azdır. Manat inzibati qaydalarla tənzimlənir".

XS
SM
MD
LG