Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:50

Azərbaycan - Güney Qafqazda qazancı ən çox, maaşı ən az olan ölkə


Bakıda insanlar neft buruğunun yanından keçir
Bakıda insanlar neft buruğunun yanından keçir

Bu ilin ilk yarısına aid rəqəmlər Güney Qafqaz ölkələri arasında ixracdan ən çox gəlir götürən ölkənin Azərbaycan olduğunu göstərir – 17.9 milyard dollar. Eyni göstərici Ermənistanda 3.2 milyard, Gürcüstanda 3.1 milyard dollardır. Deməli, Azərbaycanın ixracdan əldə etdiyi gəlir Ermənistan və Gürcüstanla müqayisədə təxminən 6 dəfə çoxdur. Bu baxımdan, Azərbaycanın ixrac gəlirləri təkcə mütləq müqayisədə deyil, adambaşına ixrac göstəricisi baxımından da digər iki qonşusundan yüksəkdir.

Azərbaycanın ixracdan digər iki ölkə ilə müqayisədə bu qədər çox gəlir götürməsi ölkənin enerji resurslarından qaynaqlanır. Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilərdən aydın olur ki, 2023-cü ilin ilk yarısında Azərbaycanın ixrac gəlirlərinin 90.1 faizi - 16.1 milyard dolları sırf neft və qaz satışı ilə bağlıdır. Belə çıxır ki, neft və qaz satışı nəzərə alınmasa, Azərbaycanın ixracı Ermənistan və Gürcüstandan daha azdır.

Xarici ticarətdən ən çox gəlir qazanan ölkə Azərbaycan olsa da, orta aylıq əməkhaqqına görə Azərbaycan bölgədə sonuncudur - Azərbaycanda orta aylıq əməkhaqqı 922 manatdır. Eyni göstərici Gürcüstanda 1 min 114 manatdır. Ermənistanda isə orta aylıq maaş 1 min 177 manata yaxındır.

İxracda əsas ölkələr

Güney Qafqaz ölkələrinin ixracında əsas yeri tutan dövlətləri gözdən keçirəndə fərqlər müşahidə edilir. Bu ilin ilk yarısında Azərbaycanın ən çox ixrac gerçəkləşdirdiyi ölkə İtaliyadır. Bölgə olaraq Avropa Birliyinin Azərbaycanın ixracında ön plana çıxmasının səbəbi bu bölgənin Azərbaycanın enerji idxalında əsas yer tutmasıdır. Azərbaycanın ixracında təkcə İtaliyanın payı 46.5 faizdir. İxrac da ikinci yeri Türkiyə tutur - 15.4 faiz. Yunanıstan (4.5 faiz), İspaniya (3.6 faiz) və İsrail də (3.5 faiz) Azərbaycanın ən çox ixrac gəliri əldə etdiyi ilk beş ölkə arasındadır. Hər üç ölkə Azərbaycandan enerjidaşıyıcılar idxal edir.

Gürcüstanın ixracında ilk yeri tutan ölkə isə Ermənistandır. 2023-cü ilin ilk altı ayında Gürcüstanın ixrac gəlirlərinin 14.4 faizi Ermənistan hesabına formalaşıb. Gürcüstanın ixracında ikinci yeri Azərbaycan tutur. Azərbaycanın Gürcüstanın toplam ixracında payı 13.5 faizdir. Rusiya (11.3 faiz), Qazaxıstan (9.8 faiz) və Qırğızıstan (9.2 faiz) da Gürcüstanın ən çox məhsul göndərdiyi ilk beş ölkə arasındadır. Bu baxımdan, aydın olur ki, Gürcüstanın ixracı əsas keçmiş sovet respublikaları ilə bağlıdır. İxracın 63 faizi keçmiş sovet respublikaları ilə ticarət hesabına formalaşıb.

Gürcüstan kimi, Ermənistanın da ixracında əsas yeri keçmiş sovet respublikaları tutur. Bu ölkənin ixracında həmin bölgənin payı 56 faizə yaxındır. Ayrılıqda Ermənistanın ən çox məhsul ixrac etdiyi ölkə Rusiyadır. Oraya ixrac Ermənistanın toplam ixracının təxminən yarısı qədərdir. Burada diqqət çəkən məqam Ukrayna ilə müharibə başladıqdan və Rusiyaya sanksiyalar tətbiq edildikdən sonra Ermənistanın Rusiyaya ixracının kəskin artmasıdır. İki il öncə ilə müqayisədə hazırda Ermənistanın Rusiyaya ixracı iki dəfəyə yaxın artıb. Eyni dövr ərzində Ermənistanın Gürcüstana ixracı 208 milyon dollar civarındadır. Bu, ölkənin toplam ixracının təxminən 6 faizi deməkdir. Avropa Birliyi ölkələrinin Ermənistanın ixracındakı payı isə təxminən 11 faizdir.

İdxalda əsas ölkələr

Bu ilin ilk yarısında Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi ölkə, ənənəvi olaraq, Rusiyadır. Rusiyadan məhsul alışına toplam 1.5 milyard dollar ödənilib. Bu, Azərbaycanın toplam idxalının 18.8 faizi deməkdir. Rusiyadan sonra Azərbaycan idxal üçün ən çox vəsaiti Çinə ödəyib. Altı ay ərzində Azərbaycan Çindən 1.2 milyard dollarlıq mal gətirib. Bu, Azərbaycanın toplam idxalının 15.4 faizi deməkdir. Azərbaycanın idxalında üçüncü yeri tutan Türkiyənin toplam idxaldakı payı 13.9 faizdir. İl ərzində Azərbaycan Türkiyədən 1.1 milyard dollarlıq idxal həyata keçirib.

Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkə isə Türkiyədir. Bu ilin ilk altı ayı ərzində Gürcüstan Türkiyədən 1.2 milyard dollarlıq məhsul idxal edib. Türkiyənin Gürcüstanın idxalındakı payı 17.3 faizdir. Gürcüstanın idxalında ikinci yeri Rusiya tutur. Bu ilin ilk altı ayında Gürcüstan Rusiyadan 927 milyon dollarlıq idxal gerçəkləşdirib. Rusiyanın Gürcüstanın idxalındakı payı 12.9 faizdir. Gürcüstanın idxalında üçüncü ölkə ABŞ-dır. İlk yarımildə Gürcüstan ABŞ-dan 775 milyon dollarlıq məhsul gətirib. ABŞ-ın Gürcüstanın idxalındakı payı 10.7 faizdir.

İxracda olduğu kimi, idxalda da Ermənistanın əsas ticarət partnyoru Rusiyadır. Bu ilin ilk altı ayında Ermənistan Rusiyadan toplam idxalın 25 faizi qədər - 1.4 milyard dollarlıq məhsul gətirib. Ermənistan daha 1 milyard dollarlıq idxalı Avropa Birliyi ölkələri hesabına gerçəkləşdirib (18 faiz). Çinin Ermənistanın idxalındakı payı da 804 milyon dollardır (14 faiz).

XS
SM
MD
LG