Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:33

Əksər bəndi razılaşdırılan sülh sazişi havada qalıb?


Üçüncü Qarabağ savaşı realdır? - Vaşinqton, Yerevan və Bakıdan rəylər
Gözlə

No media source currently available

0:00 0:12:41 0:00

Üçüncü Qarabağ savaşı realdır? - Vaşinqton, Yerevan və Bakıdan rəylər

2020-ci il 44 günlük savaşdan sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqları artıq dörd ildir davam edir. Danışıqlar ayrılıqda həm Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi və həm də birbaşa aparılsa da, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb. Hərçənd, Azərbaycan prezidenti İlham Əliyev ötən həftə bildirdi ki, sülh müqaviləsi layihəsi 80 faizi razılaşdırılıb.

Dünən, sentyabrın 9-da da Ermənistan xarici işlər naziri Ararat Mirzoyan dedi ki, Yerevan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, üçünü isə qismən razılaşdırıblar.

Bu gün, sentyabrın 10-da Ermənistan baş naziri Nikol Paşinyan layihədə 13 maddənin razılaşdırıldığından bəhs etdi. Üstəlik, o əlavə etdi ki, preambula tam razılaşdırılıb.

Bir müddət öncə də o, razılaşdırılmış bəndlər üzrə sənədi imzalamağı, qalan bəndləri isə sonra razılaşdırmağı təklif etmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə A.Mirzoyanın sözlərini şərh edərək bildirib ki, Ermənistan sülh sazişi layihəsindən zəruri olan müddəaları çıxarıb: "Layihə... təqribən 80 faiz razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması, hələlik, mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu, məqbul hesab edilə bilməz".

A.Hacızadə vurğulayıb ki, saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə Azərbaycana qarşı ərazi iddialarına istinad edən Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. Yerevandan son açıqlamalara görə, Ermənistan isə Konstitusiyaya yalnız 2027-ci ildə dəyişiklik etmək niyyətindədir. Belə olan halda, Azərbaycanda vəziyyətdən çıxış yolunu nədə görürlər? Bu məsələnin həlli bu iki ölkədən, yoxsa kənar amillərdən asılıdır?

Rasim Musabəyov
Rasim Musabəyov

"Bu təklif masa üzərindədir"

Milli Məclisin VI çağırış deputatı Rasim Musabəyov "Turan"a bildirib ki, sülh müqaviləsinin imzalanması daha çox iki ölkədən asılıdır: "Konkret iki tərəfinin bir-birinə iradları və təklifləri da bəllidir. Azərbaycan prezidenti təklif edib ki, sülh müqaviləsinin razılaşdırılmış 80 faiz mətni paraflansın. Paraflanma imzalanma demək deyil, sadəcə olaraq paraflanma qaydalarına görə, razılaşdırılmış mətnə daha dəyişiklik edilmir. Bu təklif masa üzərindədir".

R.Musabəyovun vurğuladığına görə, Konstitusiyanın dəyişməsi vaxt tələb edir, ancaq elə məsələlər var ki, onlar parlament səviyyəsində həll oluna bilər: "Həmin o Qarabağla birləşmə ilə bağlı deklarasiya məsələsi Ermənistan parlamentində qəbul olunmuşdu. İndi buyursunlar, parlamentdə bu, qanunazidd və icra olunmayan hissəni Konstitusiyadan xaric etsinlər. Bunu etmirlər".

Onun sözlərinə görə, ayrı sənədlər var ki, onlar parlament və hökumət səviyyəsində qəbul olunmuşdu: "Zəhmət çəkib onları dəyişsinlər və Azərbaycan görsün ki, bu proses baş verir. Ermənistan parlamentinin separatçı qurumla birgə komissiyası var idi. Bu komissiyanın ləğvi zəruridir, çünki bu separatçı qurum hüquqi cəhətdən də tanınmırdı, indi faktiki də yoxdur. Bu qondarma qurumun qərargahının ləğvini Alen Simonyan dilə gətirib. Bu, müsbət addımdır və bu yöndə atılan addımları Azərbaycan qiymətləndirəcək".

Simonyan: "Dağlıq Qarabağ vahid kimi mövcud deyil"

Sentyabrın 9-da Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan deyib ki, "Dağlıq Qarabağ, Artsax rəsmiləri artıq mövcud deyillər və Ermənistanda daha heç kəsin belə statusu yoxdur. Artsax Respublikası onun öz rəsmilərinin qərarı ilə buraxılıb... Söhbət yalnız bizim deportasiya olunmuş soydaşlarımızdan gedir və Ermənistan hökuməti onların problemlərini mükəmməl şəkildə həll edir".

Qarabağın erməni əhalisi regionu Azərbaycanın bölgədə 2023-cü ilin sentyabrında keçirdiyi hərbi əməliyyatdan sonra tərk edib. Rəsmi Bakı onların zorla deportasiya olunduqlarına dair iddiaları qəbul etmir.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"2027-ci ilə qədər sülh sazişinin havada qalması..."

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da AzadlıqRadiosuna deyib ki, sülh sazişinin böyük hissəsinin razılaşdırıldığını hər iki tərəf təsdiq edir: "Yeganə mübahisə doğuran məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bənddir. O bənd Konstitusiyadan çıxarılsa, sülh sazişinin imzalanmasına heç bir əngəl qalmayacaq".

Politoloq düşünür ki, 2027-ci ilə qədər sülh sazişinin havada qalması və bölgədə gərginliyin davam etməsi hər iki ölkənin maraqlarına cavab vermir: "Ermənistan Azərbaycanın şərtini ilin sonuna qədər yerinə yetirə bilər. Sadəcə Paşinyan da Azərbaycandan hansısa qarşılıqlı addımın atmasını istəyir. Bu addım isə təhlükəsizlik təminatının verilməsi və Ermənistanın ərazi bütövlüyünün tanıması ola bilər".

Ekspertin sözlərinə görə, regionda sözügedən prosesə təsir edən bir neçə güc mərkəzi var: "Bu, Rusiyadır, İrandır, Fransadır və ABŞ-dir. Türkiyə zatən sülhü və regional layihələrin işə düşməsini istəyir. Amma qeyd etdiyim bu dörd dövlətin fərqli maraqları ola bilər. ABŞ da əslində Ermənistanla Azərbaycan arasında qısa zamanda sülhün bağlanmasını istəyir və Ermənistan hakimiyyətinə müəyyən təsir edir ki, məsələni uzatmasın, Azərbaycanla razılığa gəlsin ki, Rusiyanın Cənubi Qafqaza təsiri azalsın. Fransa Ermənistan üzərindən bölgədə varlığını gücləndirmək istəyir".

Ekspertin fikrincə, Rusiya da istəyir ki, sülh olacaqsa, onun vasitəçiliyi ilə olsun: "Amma tərəflərin buna ehtiyacı yoxdur və bu, Rusiyanı narahat edir. Ermənistan addım atsa, heç bir böyük dövlət bunun qarşısını ala bilməyəcək".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG