Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:55

Bakı və Yerevan çaylardan istifadə sxemini hazırlayır


Oxçuçay
Oxçuçay

Bakı və Yerevan transsərhəd çaylardan istifadə sxemini hazırlayır. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi noyabrın 12-də öz X hesabında yazıb.

"Azərbaycan və Ermənistandan olan bir qrup hidroloq və mühəndis bizim fəal dəstəyimizlə transsərhəd çaylar üçün inteqrasiya olunmuş su idarəçiliyi sxemi üzərində birgə işləyir", - səfir əlavə edib.

Hələlik, bu açıqlamaya Azərbaycan rəsmiləri münasibət bildirməyib.

Amma Elm və Təhsil Nazirliyi Coğrafıya İnstitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov AzadlıqRadiosuna deyib ki, Azərbaycanın su ehtiyatlarının təxminən 70 faizi transsərhəd çayların hesabına formalaşır: "Biz maraqlıyıq ki, bu çaylardan qonşu ölkələrlə qarşılıqlı əlaqələr, beynəlxalq hüquqa söykənən normativ sənədlər əsasında birgə istifadə olunsun".

Rza Mahmudov
Rza Mahmudov

"Nə Ermənistan, nə Gürcüstan, nə də hətta Türkiyə konvensiyaya qoşulub"

Professor vurğulayır ki, transsərhəd suların istifadəsi ilə bağlı Helsinki Konvensiyası var, həmin konvensiyanı ratifikasiya edən ölkələr öz ərazisindən keçən çay su ehtiyatlarını keyfiyyət və kəmiyyət göstəriciləri baxımından qonşu ölkəyə ötürməyə məsuliyyət daşıyır: "Azərbaycan da bu konvensiyaya qoşulub. Amma qonşu ölkələrimizdən nə Ermənistan, nə Gürcüstan, nə də hətta Türkiyə bu konvensiyaya qoşulub. Çünki belə olan halda, onlar bu öhdəliklərini yerinə yetirməlidilər. Yəni, çayların minimal ekoloji axınını Azərbaycana keçməsini təmin etməli və çayların çirklənməsinə qarşı tədbirlər planı hazırlamalıdırlar".

Onun sözlərinə görə, Ermənistanda mis-molibden kombinatı var ki, onun çirkli suları Oxçuçaya və Araza axıdılır: "Bu məsələlər dövlət tərəfindən həmişə qaldırılır. Ancaq təəssüf ki, bu proses bu gün də davam edir. 90-95 faizə qədər çirkləndirmə qonşu ölkələr tərəfindən edilir".

Rövşən Abbasov
Rövşən Abbasov

"Bunu həll etmək dövlətlərarası işdir"

Ekoloq Rövşən Abbasov da AzadlıqRadiosuna bildirib ki, transsərhəd çaylardan Oxçuçay, Bazarçay, Kür və Arazı qonşu ölkələr çirkləndirib: "Bunu həll etmək dövlətlərarası işdir. Ermənistandan Azərbaycana gələn çaylar var. Məndə olan məlumata görə, məsələni heç Ermənistan özü həll edə bilmir. Yəni, orada çoxlu müəssisələr, məsələn mis-molibden, ayrıca mis kombinatları var, bu müəssisələr onlara gəlir gətirir".

Ekspert deyir ki, onların bəziləri çox böyük risk altındadır: "Qafan şəhəri üzərində Artsvanik su hövzəsi var və oranın zəhərli tullantıları sular vasitəsilə süzülərək Oxçuçaya axır".

Onun fikrincə, bununla bağlı müzakirələr on illərlə çəkə bilər: "Gərək infrastruktur çəkilən zaman bu cür səhvlər buraxılmasın. Səhv buraxılandan sonra onu düzəltmək çox çətin olur".

Hələlik, bu açıqlamalara Ermənistanın rəsmi qurumlarının münasibəti bəlli deyil.

Ermənistandan izah

Lakin su resurslarının idarəedilməsi və ekologiya məsələləri üzrə ekspert İnessa Qabayan AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, proqram təzə başlayıb və iki qrupun onlayn görüşü, hələlik, olmayıb.

O qeyd edib ki, çay sərhədlərə baxmadan istədiyi istiqamətdə və coğrafi ərazidən axır: "Aqstev (Ağstafa) çayının çirklənməsi ilə bağlı isə deyim ki, Azərbaycandakı həmkarım dəfələrlə bu məsələni qaldırıb. Azərbaycan çirkli suları təmizləyən stansiyanın tikilməsinə investisiya edə bilər. Niyə də yox?!".

Onun sözlərinə görə, bu, düzgün, beynəlxalq yanaşmadır: "Berkaber su anbarı haqqında. Belə bir hal olub ki, oraya gələn mütəxəssisə qarşı tərəfdən atəş açılmışdı. Ora təhlükəsiz deyil. Su anbarı on illər ərzində boşaldılmayıb. Amma bunu hər il etmək lazımdır. Ötən 30 il ərzində orada heç bir iş görülməyib".

XS
SM
MD
LG