Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:45

Kabil bildirir ki, Azərbaycan Taliban Əfqanıstanında səfirlik açıb


Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədovu qəbul edib
Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədovu qəbul edib

Əfqanıstandakı Taliban hökuməti bildirib ki, Azərbaycan Kabildəki səfirliyini rəsmi qaydada yenidən açıb.

Taliban hökuməti Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qəhhar Bəlxi fevralın 15-də X sosial media platformasında yazıb ki, Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov Kabilə gələrək rəsmi etimadnaməsini Talibanın xarici işlər naziri Əmir Xan Müttəqiyə təqdim edib.

Postda qeyd olunur ki, bu görüşdə “Əfqanıstan və Azərbaycan arasında diplomatik münasibətlər, iqtisadi əməkdaşlıq və başqa məsələlər” müzakirə olunub.

Müttəqi səfirliyin açılmasını və səfir ranqında diplomatın göndərilməsini ikitərəfli münasibətlərdə “mühüm tərəqqi” adlandırıb.

Azərbaycan prezidenti İlham Əliyev Kabilə səfir təyin edilməsinə dair qanunu 2021-ci ilin yanvarında imzalamışdı. Həmin ilin iyulunda Məmmədov səfir təyin olunmuşdu.

Dekabr ayında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov demişdi ki, Azərbaycan Kabil səfirliyini 2024-cü ildə açacaq.

Azərbaycan ABŞ-ın Əfqanıstan koalisiyasında iştirak etmişdi

Şərhçilər xatırladırlar ki, Azərbaycan silahlı qüvvələrinin kontingenti ABŞ-ın rəhbərliyi altında Əfqanıstanda keçirilən beynəlxalq antiterror əməliyyatında iştirak edib.

Azərbaycan kontingenti Əfqanıstanı ABŞ koalisiya qüvvələri ilə eyni vaxtda, 2021-ci ilin avqustunda, beynəlxalq aləmdə terrorçu qruplaşma kimi tanınan Taliban hakimiyyətə qayıdanda tərk etmişdi.

Məmmədovun Kabilə səfəri BMT-nin baş katibi Antonio Quterrişin Qətərdə keçirəcəyi konfransdan üç gün əvvələ təsadüf edib.

Bu konfransda Əfqanıstan xalqına yardım cəhdləri müzalkirə olunmalıdır.

Taliban bu ayın əvvəlində sözü gedən konfransa dəvət aldığını təsdiq etmişdi.

Talibanın hakimiyyətə qayıtması milyonlarla əfqanı yoxsulluğun girdabına salıb, belə ki, ölkəyə bütün beynəlxalq yardımlar dərhal dayandırılıb.

Taliban liderlərinə qarşı sanksiyalara görə Əfqanıstanın beynəlxalq maliyyə təsisatlarındakı milyardlarla dollarlıq hesablarına həbs qoyulub.

XS
SM
MD
LG