Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:50

'Avtoritar idarəetmələrdə siyasi məhbusların həyatı təhlükədə olur'


Məhbus
Məhbus

Fevralın 16-da Rusiyanın müxalifət lideri Aleksey Navalnının saxlandığı həbsxanada ölümü Azərbaycanda da həbsdə olan bəzi müxalif fəalların yaxınlarında narahatlıqlar yaradıb.

Buna qədər Azərbaycanda da həbsdə bəzi müxalifətçilərin, hüquq müdafiəçilərinin müəmmalı şəkildə ölümü müəyyən şikayətlərə səbəb olmuşdu.

Faina Kunqurova və...

Məsələn, narkotikdə ittiham olunan Azərbaycan Demokrat Partiyası fəalı Faina Kunqurova 2007-ci ildə Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat etmişdi. Onu beynəlxalq təşkilatlar siyasi məhbus kimi tanıyırdı. Yaxud "Tolışi sədo" qəzetinin vətənə xəyanətdə günahlandırılaraq 10 il həbsə məhkum olunan baş redaktoru Novruzəli Məmmədov 2009-cu ildə həbsdə vəfat edib. Habelə, narkotik ittihamı ilə 2017-ci ildə həbs edilən bloqer Mehman Qələndarovun da az sonra həbsdən ölüm xəbəri gəlmişdi. Rəsmi olaraq Kunqurovanın ölüm səbəbi kimi qida və ürək çatışmazlığı (onun həbsdə aclıq aksiyası keçirdiyi bildirilirdi), Məmmədovun baş beyin damarlarının kəskin trombozu göstərilirdi, Qələndərovun isə intihar etdiyi vurğulanır.

Kunqurovanın qohumları isə 33 yaşlı xanımın sağlam olduğunu, təcridxanaya yemək göndərdiklərini, yeməyin qəbul edildiyini bildirmişdi və onun ölümünü "müəmmalı" adlandırmışdılar. Məmmədovun da yaxınları onun səhhətində problemlərin olduğuna baxmayaraq müalicə müəssisəsinə köçürülməsinin yubadıldığını deyirdilər. Bloqer Qələndərovun isə 1 saylı Bakı İstintaq Təcridxanasında intihar etdiyi ilə bağlı rəsmi açıqlamanı bəzi hüquq müdafiəçiləri şübhə ilə qarşıladılar.

Q.Toğrul
Q.Toğrul

Qubad İbadoğlunun yaxınları narahatdır

Azərbaycan Demokratiya və Rifah Partiyasının həbsdə olan sədri Qubad İbadoğlunun (saxta pul əldə etmə və dini ekstremist materialları hazırlamada günahlandırılır) qardaşı Qalib Toğrul AzadlıqRadiosuna bildirib ki, ailəsi onun səhhətinə görə çox ciddi narahatdır: "Onun səhhəti və eyni zamanda həbsxana şəraitində keyfiyyətli tibbi yardımla əhatə olunmamasına görə biz, onun ailəsi olaraq çox böyük narahatlıq içindəyik".

Q.Toğrul o qənaətdədir ki, Q.İbadoğlunun həyatı böyük təhdid altındadır: "Qardaşımın qanda şəkəri yüksəkdir və o, həbsə düşəndən sonra artıq insulin qəbul etməyə başlayıb. Amma buna baxmayaraq, onun şəkəri tənzimlənmir. Şəkər artıq qardaşımın daxili orqanlarında böyük fəsadlar törətməyə başlayıb. Eyni zamanda, onun bir çox xəstəlikləri var ki, Azərbaycan hakimiyyəti onları etiraf etmir...".

"Müayinələrin nəticələri saxtalaşdırılır"

Siyasətçinin qardaşının sözlərinə görə, Q.İbadoğludan həbsxana şəraitində götürülən analizlərin, müayinələrin nəticələri saxtalaşdırılır: "Azərbaycan hakimiyyətinin üzərinə öhdəlik qoyulub ki, Avropa İnsan Haqları Məhkəməsini Qubad İbadoğlunun səhhəti ilə bağlı məlumatlandırsın. Amma çox təəssüf ki, ora və digər beynəlxalq təşkilatlara saxtalaşdırılmış məlumatlar göndərilir".

Q.İbadoğlunun qardaşının bu dediklərinə konkret rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən "Turan"a bildirilib ki, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında şəxslərin saxlanma şəraiti və təhlükəsizliyi qanunvericilikdə göstərilmiş qaydada tam təmin olunur. "Tibbi təminat ilə bağlı suallarla Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət edə bilərsiniz", - açıqlamada bildirilir.

Lakin Tibb Baş İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

E.Nəsirov
E.Nəsirov

Deputat: "Heç kim nigaran olmasın"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov isə "Turan"a deyib ki, Ombudsman Aparatının əməkdaşları tez-tez cəzaçəkmə müəssisələrində monitorinq aparıb məhbusların vəziyyəti ilə maraqlanırlar və neqativ hallar qeydə alınırsa, dərhal bunu müvafiq qurumların nəzərinə çatdırırlar: "Bu məsələ həmişə bizim müvafiq dövlət qurumlarının nəzarəti altındadır".

Deputat qeyd edib ki, penitensiar sistemdə rəhbərlik dəyişdiriləndən sonra cəzaçəkmə müəssisələrində vəziyyət yaxşılığa doğru xeyli dəyişib: "Əgər əvvəl çox nadirən hansısa neqativ hallar barədə biz eşidirdiksə, indi bu neqativ hallar tam aradan qaldırılıb və cəzaçəkmə müəssisələrində sağlam mühit tam hökm sürməkdədir".

Komitə üzvü hesab edir ki, Aleksey Navalnı məsələsi ilə paralelliyin gətirilməsi üçün heç bir əsas yoxdur: "Navalnının özü ilə bağlı da, hələlik, tam həqiqət ortaya çıxmayıb. Amma Azərbaycanla belə məsələləri müqayisə etmək düzgün deyil... Azərbaycanda belə halların yaşanması üçün heç bir əsas yoxdur, heç kim bundan nigaran olmasın".

R.Səfərov
R.Səfərov

"Rusiyada olduğu kimi..."

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov isə AzadlıqRadiosuna həbsdə olan fəal Bəxtiyar Hacıyevin (məhkəməyə hörmətsizlikdə və başqa qanunsuz əməllərdə ittiham edilir) bugünlərdə müraciətini xatırladıb. Onun deməsinə görə, Hacıyev narahatdır ki, Navalnının ölməsinə bənzər hallar digər avtoritar ölkələrdə də baş verə bilər: "Zaman-zaman siyasi yük altında cinayət təqiblərində olan insanların vəfat etməsinin şahidi olmuşuq. Məsələn, Mehman Qələndərov Tbilisidə etiraz aksiyasını təşkil etmişdi, sonra Azərbaycanda həbs olunmuşdu və həbsdə müəmmalı şəkildə öldü".

Onun sözlərinə görə, istər Rusiya olsun, istər Azərbaycan, bütün avtoritar idarəetmələrdə cəzaçəkmə müəssisələrində siyasi məhbusların həyatı təhlükə altında olur: "Azərbaycanda siyasi məhbusların cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında keyfiyyətli tibbi xidmətə çatmaması bir, onların orada təhlükə altında qalmaları da digər bir problemdir... Yəni, Rusiyada olduğu kimi, Azərbaycanda da bu baxımından çox narahatedici vəziyyət var".

XS
SM
MD
LG