Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:49

Baş həkim işdən çıxarılıb


“Astara Rayon Mərkəzi Xəstəxanasındakı çatışmazlıqlar aradan qaldırılır”

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiriblər.

Bu günlər İrandan gələn Azərbaycan vətəndaşlarından bəziləri Astara Rayon Mərkəzi Xəstəxanasındakı durumla bağlı video çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Orada xəstəxanada sanitar qaydalara əməl edilmədiyi, hətta sabun belə olmadığı qeyd edilirdi.

TƏBİB-dən vurğulanıb ki, fevralın 26-da Astara Rayon Mərkəzi Xəstəxanasında yoxlama olub və yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyev işindən azad edilib.

Qurum qeyd edib ki, Astara Rayon Mərkəzi Xəstəxanası gömrük-keçid məntəqəsinə yaxın ərazidə yerləşdiyindən, oranın karantin bölgəsi kimi istifadə olunması qərara alınıb:

"Bu baxımdan, xəstəxananın mövcud şəraitinin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması istiqamətində işlər davam etdirilir. Günün sonunadək karantində olan vətəndaşların ehtiyacları təmin ediləcək".

Bu açıqlamaya, hələlik, Əlövsət Əliyevin özündən münasibət almaq mümkün olmayıb.

Son günlər İrandan Azərbaycana gələn bir çox şəxslərin karantin məqsədi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi açıqlanıb.

Elə bu gün, fevralın 27-də Səhiyyə Nazirliyi də ölkədə koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülən şəxslərin sayı ilə bağlı açıqlama vermişdi.

Nazirlikdən bildirildiyinə görə, 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsində 7, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında isə 91 nəfər həkim müşahidəsinə alınıb.

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.8 mini keçdiyi bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır.

Artıq bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı bildirilir. İranda bir çox şəxslərin bu virusdan öldüyü vurğulanır. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar.

Azərbaycan isə, hələlik, İranla sərhədi bağlamayıb.

XS
SM
MD
LG