Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:30

Formula-1-in Bakıda istisi və tüstüsü...


Bakıda Formula-1
Bakıda Formula-1

Bakı şəhərində 4-6 iyun tarixində keçiriləcək Formula-1 yarışları ilə əlaqədar paytaxtda bəzi yollar qismən, bəziləri isə tam bağlıdır. Bu səbəbdən də mayın 31-dən iyunun 8-ə qədər 23 marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər edilib. Hətta Formula-1 Qran-Prisi ilə əlaqədar nəqliyyatın hərəkətinin dayandığı ərazilərdəki doqquz məktəb distant tədrisə keçib.

İndi bəzi sosial şəbəkə istifadəçiləri deyirlər ki, koronavirus pandemiyasi ilə bağlı bir müddət distant təhsilə keçməyi başa düşmək olardı, amma bu qərar mübahisəyə açıqdır.

"Kimsə deyirsə, bu, bizə ziyan vurur..."

Hələ 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyev Formula-1 yarışının Azərbaycan üçün çox böyük faydası olduğunu deyib. Onun sözlərinə görə, bu yarışı keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxtı, ya da ki, böyük şəhərləridir: "Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, Formula-1 yarışı ölkəmizə böyük iqtisadi dividentlər gətirir, necə ki, bütün başqa şəhərlərə. Əgər kimsə deyirsə, bu bizə ziyan vurur, o, ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir".

Prezident bildirib ki, xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir: "Birinci Formula-1-dən sonra Azərbaycana kütləvi turist axını başlamışdı. Tarixdə ilk dəfədir ki, Azərbaycana 3 milyondan çox turist səfər etmişdir...".

Milyonlar yatırılan turizm obyektləri niyə yerli camaatı sevindirmir?
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

"Formula-1 Azərbaycana 506 milyon dollar gəlir gətirib"

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən isə "Turan"a bildirilib ki, Bakıda 2016-2019-cu illər ərzində keçirilən Formula-1 yarışları Azərbaycana 506.3 milyon dollar gəlir gətirib: "Bu məbləğ Formula-1 yarışları ilə əlaqədar Bakıya gələn qonaqların xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir".

Qurumun məlumatına görə, birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana, nəqliyyat sektorları tutur və Bakıda baş tutmuş dörd Qran-Pri ərzində qeydə alınmış birbaşa gəlirlərin 73.8 milyon dolları məhz bu sektorların payına düşür: "Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 300.6 milyon dollar təşkil edib".

"Xərcləri ildən-ilə azalır"

Xərclərə gəlincə, şirkətin hesablamalarına görə, Formula-1 yarışları ilə bağlı Azərbaycanın xərcləri ildən-ilə azalır: "Yarış ilk keçirilən zaman infrastrukturun qurulmasına, o cümlədən asfalt örtüyünün çəkilməsinə, reklam işinin aparılmasına xərclər çəkilirdi. Lakin artıq bu xərclər azalıb. Yarışların keçirilməsi üçün infrastruktur artıq qurulub, reklam işinə o qədər də çox vəsait xərclənmir".

Lakin qurumdan xərclərlə bağlı konkret bir rəqəm deyilməyib.

B.Hacıyev
B.Hacıyev

"Böyük otel, restoran şəbəkələrinin sahibləri faydalanır"

İctimai fəal Bəxtiyar Hacıyev də AzadlıqRadiosuna bildirib ki, Formula-1 yarışının Azərbaycana faydası çoxdur: "Sadəcə, bundan sadə vətəndaşlar yox, təşkilatçılar və böyük otel, restoran şəbəkələrinin sahibləri faydalanır. Hansılar ki, hakim ailənin himayəsindədir və ya hakim ailəyə yaxın adamlardır".

Onun fikrincə, sadə vətəndaşların həmin yarışdan qazandıqları isə çətinliklər, tıxaclarda vaxt itirməkləri olur: "Bununla bağlı əvvəlki illərdə də çox şikayətlər olub, amma hakimiyyət sadə insanları sanki eşitmir və heç vaxt bu şikayətləri nəzərə almayıb".

Bu fikirlərə, hələlik, ölkə rəhbərliyi və başqa rəsmi şəxslərdən isə münasibət almaq mümkün olmayıb. Amma hakim ailənin biznes imkanları ilə bağlı iddiaları rəsmi qurumlar bundan əvvəl, bir qayda olaraq, böhtan və qərəzli fikirlər kimi dəyərləndirib.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Formula-1-in kifayət qədər gəlirli yarış olma potensialı var: "Bir çox ölkələrdə keçirilərkən biletlərin, yayınların satılması, reklam kampaniyaların olması ölkələrə gəlir gətirir. Həmçinin, bu yarışlar zamanı ölkəyə turist axını güclənir".

N.Cəfərli
N.Cəfərli

"Azərbaycan bu il heç bir gəlir əldə etməyəcək"

Amma onun əlavə etməsinə görə, bu il koronavirus pandemiyasına görə Azərbaycanda bu yarışlar, demək olar ki, turistsiz keçiriləcək: "Ölkəyə gəlmək çətinliyi, biletlərin baha olması, müxtəlif ölkələrlə hələ ki, sərhədlərin açılmaması o deməkdir ki, Azərbaycan bu il heç bir gəlir əldə etməyəcək və xərclərini öz cibindən edəcək".

N.Cəfərli də qeyd edib ki, yarış xərcləri ilə bağlı rəsmi məlumat yoxdur: "Dəqiq rəqəmlər olmasa da, ortaya çıxan dolayı rəqəm vasitəsilə hər il üç günlük yarışa təqribən 80 milyon manat xərc çəkildiyi bilinir. Formula-1 yarışını Azərbaycanda keçirmək üçün təşkilatçılara lisenziya haqqı bu məbləğə daxil deyil".

Xatırlatma

Azərbaycanda Formula-1 yarışları 2016-cıildən keçirilir. Amma ötən il koronavirus pandemiyası ilə bağlı bu yarışlar təxirə salındı.

Təşkilatçı tərəflə bağlanan müqaviləyə əsasən, Azərbaycan hələ 2024-ci ilə kimi bu yarışlara ev sahibliyi etməlidir. Hökumət bu yarışlara çəkilən tam xərcləri dəqiq açıqlamayıb. Müxalifət hesab edir ki, ölkədə bu yarışlara çəkilən xərclər əhalinin sosial ehtiyaclarına sərf olunmalıdır.

XS
SM
MD
LG