Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:34

Dükan, çayxana - hərracda ən çox alınan obyektlər


Hərracda dükan, çayxana və başqa xidmət obyektləri ilkin qiymətinə – 283 min 500 manata satılıb.
Hərracda dükan, çayxana və başqa xidmət obyektləri ilkin qiymətinə – 283 min 500 manata satılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 25-də keçirilmiş hərracların nəticələrini dərc edib. İnvestorlara təklif olunan hər üç daşınmaz əmlakın ikisi satılmayıb.

Məlumata görə, həmin gün Bakıda və ölkənin digər şəhər və rayonlarında özəlləşdirilməsi nəzərdə tutulan 36 obyekt və qeyri-yaşayış sahəsinin 12-nə müştəri çıxıb. Onların 9-u Bakıda yerləşir.

ORTA QİYMƏT 195 MANAT

Toplam 124 kvadrat metr olan 3 qeyri-yaşayış sahəsinin satış qiyməti 107 min 500 manat olub. 1980 kvadrat metr sahəsi olan 9 dükan, çayxana və başqa xidmət obyektləri ilkin qiymətinə – 283 min 500 manata satılıb.
Beləliklə, hərraclarda satılan obyektlərin 1 kvadrat metrinin orta qiyməti 195 manat təşkil edib. Bəzi obyektlər isə qat-qat baha qiymətə alınıb. Məsələn, Bakının Nəsimi rayonunda 18,8 kvadratlıq bir obyektin hər kv.m-i alıcıya 3 min 191 manata başa gəlib.

Buna da bax: Hərracda dollar yenə bahalaşdı​

ƏMƏK KOLLEKTİVİ ADİ İNVESTORDAN ÜSTÜNDÜR

Hərracda satılan 9 obyektdən 5-nin əmək kollektivi üzvü var. Amma obyekti onların, yoxsa başqa bir şəxsin özəlləşdirdiyi haqda bilgi verilmir.
Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına əsasən, əgər hərracda əmək kollektivi qalib gələrsə, onun satış qiymətinin 30 faizlik hissəsi ödənişdən azad edilir. Pulun 30 faizi 5 gün ərzində, qalan 40 faizi isə 2 ildən gec olmayaraq ödənilir. Adi investor isə boyun olduğu pulun hamısını ƏMDK ilə alqı-satqı müqaviləsini bağladıqdan sonra 5 gün ərzində ödəməlidir.

Buna da bax: Bir aydan sonra əmlakla torpaq birlikdə satılacaq​

GƏLƏN DƏFƏ QİYMƏT DÜŞƏ BİLƏR

Qaydalara görə, bu hərracda satılmayan 24 obyekt növbəti həftələrdə yenidən hərraca çıxarılmalıdır. İşdir, ikinci dəfə də alıcı çıxmazsa, o zaman 3-cü hərracda qiyməti 10 faiz, dördüncü hərracda 25 faiz, beşinci hərracda isə yarı qiymətinədək salına bilər.

Sentyabrdan bəri keçirilən hərraclara çıxarılan daşınmaz əmlak bazar qiyməti ilə təklif olunur. Ekspertlərin fikrincə, hərraclara çıxarılan əmlakın çoxunun satılmamasının səbəbi iqtisadi sıxıntılardır. Obyektləri işlədən şəxslərin bir çoxunun kredit borcu var. Əmlakın bazar qiymətinə satılması bir çoxunun maddi imkanı xaricindədir. İşləyən obyektə kənardan alıcının çıxmamasını isə ekspertlər biznesin mental xüsusiyyətləri ilə izah edirlər.

XS
SM
MD
LG