Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:38

Bakı dəniz limanı iki ildir 'havadadır'


Liman
Liman

2015-ci ilin martında prezident İlham Əliyevin «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» Qapalı Səhmdar Cəmiyyəti yaradılmasına dair sərəncamı hələ də kağız üzərindədir.

Məsələn, Tarif (qiymət) Şurasına Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla liman xidmətləri üzrə tariflərə yenidən baxıb, bir ay ərzində təsdiq etmək tapşırılsa da, liman hələ də öz preyskurantına uyğun xidmət göstərməkdədir.

SƏRƏNCAM İCRA EDİLMİR. NİYƏ?

AzadlıqRadiosu aşkarlayıb ki, sərəncamın icrasıyla bağlı demək olar ki, heç bir iş görülməyib. Liman əvvəlki adı altında (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) fəaliyyət göstərir. Onun nizamnaməsi təsdiqlənməyib, səhmdar cəmiyyəti isə hələ də yaradılmayıb.

Sənədə əsasən, QSC-nin dövlət qeydiyyatına alınması üçün tədbirlərin görülməsi Vergilər Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdı. Məsələ ilə bağlı ƏMDK-da AzadlıqRadiosuna deyiblər ki, sərəncamda bu məsələ ilə bağlı əsas məsul qurum Vergilər Nazirliyi müəyyən olunub və komitədən asılı bir şey yoxdur.

Vergilər Nazirliyində isə bildiriblər ki, səhmdar cəmiyyətinin dövlət qeydiyyatına alınması üçün ilk növbədə onun nizamnaməsi təsdiqlənməlidir. Bu məsələ sərəncamda Nazirlər Kabinetinə həvalə olunmuşdu. Nazirlər Kabineti nizamnaməni iki ay müddətində prezidentlə razılaşdıraraq təsdiq etməliydi. Bu müddət ərzində baş nazir həm də «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC-nin nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən zəruri maliyyə vəsaiti ayrılması məsələsini həll etməliydi. Hazırda onun nizamnamə kapitalı 16 min manatdır.

RƏSMİ QURUMLAR SUSUR

AzadlıqRadiosu prezident İlham Əliyevin tapşırıqlarının iki ildən bəri hökumətdə yubadılması səbəblərini öyrənmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinə müraciət edib. Mətbuat xidmətinin rəhbəri Akif Əlidən açıqlama almaq mümkün olmayıb.

Elə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyi də prezidentin sərəncamının icra vəziyyətinə dair sorğuya cavab verməyib. Xatırladaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu eyniadlı QSC-nin yaradılması haqda sərəncamla eyni gündə səhmdar cəmiyyətinin baş direktoru da təyin olunub.

PREZİDENTİN LİMANA DAİR QAPALI SƏRƏNCAMI

Bakı dəniz limanı ilə bağlı digər sərəncamı (№ 2813) isə prezident İlham Əliyev bu il aprelin 13-də imzalayıb. Sənəd nə prezidentin saytında, nə Hüquqi Aktların Dövlət Reyestrində açıqlanıb. Bu sərəncamın 3.2-ci bəndinin icrası məqsədilə Nazirlər Kabineti iki həftə sonra qərar qəbul edib. Qərara əsasən, 2011-ci ildə Nəqliyyat Nazirliyinin nəzdində yaradılan təsərrüfat hesablı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.

XS
SM
MD
LG