Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:30

Bakı-Tbilisi-Qars işə düşdü


Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi
Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi

Bu gün, oktyabrın 30-u Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə ilk qatar yola salınıb. İlk qatar Qazaxıstandan gələn 32 konteynerdən ibarət yükü daşıyır.

İlk qatarın yola salınmasından öncə Bakıdan 70 km cənub-qərbdə yerləşən Ələt qəsəbəsində Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib. Mərasimə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstan baş naziri Georgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakintjan Sagintayev və Özbəkistan baş naziri Abdulla Aripov qatılıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən prezident İ.Əliyev BTQ-nin Avropa və Asiyanı birləşdirən ən qısa yol olduğunu vurğulayıb. Onun bildirdiyinə görə, BTQ ilə ilkin mərhələdə hər il 5 mln. ton, növbəti illərdə isə 17 mln. tonadək yük daşınacaq.

«Bu yol sabitliyə, təhlükəsizliyə xidmət edəcək. Qarşılıqlı investisiyaları artıracaq, turizmin inkişafına töhfə verəcək. BTQ-nin uğurlu fəaliyyəti bizim ölkələrin geosiyasi əhəmiyyətini artıracaq», - İ.Əliyev bildirib.

LONDONDAN PEKİNƏ QATARLAR BİRBAŞA HƏRƏKƏT EDƏCƏK

Prezident xatırladıb ki, bundan öncə Azərbaycan, Gürcüstan, Türkiyə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərini işlə salıblar. Bütün bunlar üç ölkə arasında dostluq və qardaşlığın nümunəsidir.

«Bizim ölkələrimiz bütün region və dünya üçün mühüm layihələr həyata keçirirlər. Hazırda «Cənub Qaz Dəhlizi» layihəsi (Azərbaycan qazını Avropaya nəql edəcək-AR) uğurla həyata keçirilir», - deyən İ.Əliyev vurğulayıb ki, məhz enerji layihələrinin reallaşması BTQ-nin inkişafına əlverişli şərait yaradıb.

Daha sonra Türkiyə prezidenti, Gürcüstan, Qazaxıstan, Özbəkistanın baş nazirləri və digər qonaqlar çıxış edərək layihənin önəmindən bəhs ediblər.

Bakı-Tbilisi-Qars dəmir yolu
Bakı-Tbilisi-Qars dəmir yolu

APA-nın xəbərinə görə, Türkiyə prezidenti R.T.Ərdoğan isə bildirib ki, bununla ölkələrin rifahı istiqamətində yeni addım atılır:

«Yeni İpək Yolunun bir həlqəsi, Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi istifadəyə verilir. Artıq Londondan Pekinə qatarlar birbaşa hərəkət edəcək. Azərbaycanlı dostlarımız deyir ki, zəhmətlə yeyilən soğan minnətlə yeyilən baldan şirindir. Bu layihənin bütün bölgəmiz, xalqlarımız üçün xeyirli olmasını diləyirəm».

Mərasim başa çatdıqdan sonra ilk qatarın yola salınması mərasimi olub.

Dövlət başçıları və baş nazirlər ilk qatarı Ələt stansiyasınadək müşayiət ediblər.

XATIRLATMA

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi 2007-ci ildə imzalanmış Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası sazişi əsasında həyata keçirilib.

Layihə çərçivəsində Gürcüstanda Axalkalaki stansiyasından Qars şəhərində dəmir yolu stansiyasına qədər 105 km uzunluğunda dəmir yolu xətti tikilib. Bunun 76 kilometri Türkiyənin, 29 km-i Gürcüstan ərazisinin payına düşür. Axalkalakidə həmçinin, 1435 mm /1520 mm təkərdəyişdirmə stansiyası tikilib. Həmçinin, 183 km-lik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması həyata keçirilib. BTQ-nin ümumi uzunluğu 826 km-dir.

Birinci mərhələdə BTQ ilə ildə 1 mln. sərnişin və 6.5 mln. ton yük daşınacaq. Gələcəkdə illik yük axını 17 mln. tona, sərnişin axını 2 mln-a çatdırılmalıdır.

Gürcüstan hissəsinin tikintisini Azərbaycan maliyyələşdirib. Azərbaycan Gürcüstana ümumi məbləği 775 mln. dollar olan iki imtiyazlı kredit ayırıb.

BTQ ilə qatarların maksimum hərəkət sürəti saatda 120 km-ə çatacaq.

BTQ Avropadan Çinə qədər dəmir yollarının birləşdirilməsi üzrə daha böyük layihə olan yeni «Böyük İpək Yolu» layihəsinin bir hissəsidir.

Türkiyə dəmir yollarının inkişafı proqramına əsasən, İstanbulda Bosfor körfəzi altında Marmaray sualtı dəmir yolu tuneli tikilib. Bu, ümumavropa dəmir yolları şəbəkəsi ilə birbaşa əlaqəni təmin edir.

XS
SM
MD
LG