Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:50

XİN: Ermənistan üzərinə götürdüyü öhdəliklərə sadiq deyil


Paşinyandan Azərbaycana sülh təklifi
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Paşinyandan Azərbaycana sülh təklifi

Azərbaycan XİN Ararat Mirzoyana cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın “Armenpres” agentliyinə müsahibəsində səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.

XİN-in vebsaytında yerləşdirilmiş açıqlamada qeyd edilir ki, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə sadiq deyil.

Vurğulandığına görə, Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşdə iştirak üçün Ermənistan tərəfindən şərt irəli sürülməsi, müsahibədə belə bir görüşün yalnız Fransa prezidentinin iştirakı ilə keçirilə biləcəyinin bir daha təsdiqlənməsi göstərir ki, onlar öhdəliklərə sadiq deyillər:

“Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan tərəfi Brüsseldə əldə edilmiş razılığa uyğun olaraq, liderlər arasında danışıqlardan imtina etməyib və danışıqların davam etdirilməsi öhdəliyinə sadiqdir" .

Delimitasiya prosesinin hansı əsasda aparılması barədə razılığa gəldikdə isə Mətbuat xidmətindən bunlar bildirilib:

“Ermənistan xarici işlər nazirinin iddiasının əksinə, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlarda delimitasiyanın BMT nizamnaməsində, Alma-Ata bəyannaməsində qeyd edildiyi kimi ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub".

Azərbaycan XİN bildirir ki, qeyd edilən görüşlərdə delimitasiyanın hansı xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir müddəa olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur:

“Cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə Ermənistan tərəfinin mina basdırması və hərbi mövqelərimizə qarşı təxribat törətməsi nəticəsində baş vermiş toqquşma nəticəsində Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi iddiasının heç bir əsası yoxdur.”

Açıqlamada habelə vurğulanır ki, “8 kəndi hələ də işğal edən, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, Ermənistanın Azərbaycanı delimitasiya edilməmiş sərhəddə hər hansı mövqe tutmaqda və bununla komissiyanın işinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır”.

Rəsmi Bakı Yerevanın təkliflərinə cavab verib

Rəsmi Bakı Yerevanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bunu “Armenpres” agentliyinə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan deyib. Ancaq o, Azərbaycanın təkliflərlə razılaşdığını, yaxud etiraz etdiyini açıqlamayıb.

Bu xəbərə Azərbaycan rəsmi münasibət açıqlamayıb. Rəsmi Yerevan isə Bakının sülh sazişinə dair hansı təkliflər verdiyini deməyib.

İndiyədək Azərbaycan rəsmiləri sülh sazişi üçün əsas prinsiplər kimi iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, sərhədlərin delimitasiyasını göstərirlər.

“Azərbaycana münasibətlərin tənzimlənməsi, yaxud sülh sazişi layihəsi ilə bağlı təkliflərimizi vermişdik və bu yaxınlarda onların cavabını almışıq. Ona görə də müzakirələr davam edir. Tezliklə bu məsələdə razılaşmanın əldə olunacağına ümid edirik. Beynəlxalq tərəfdaşlarımızın səyləri də bu prosesdə vacib rol oynaya bilər”, – Mirzoyan vurğulayıb.

Görüş olacaqmı?

Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan gələn ay Brüsseldə keçirilməsi planlaşdırılan üçtərəfli görüşdən imtina edib. Mirzoyan isə Yerevanın bu görüşdə iştiraka hazır olduğunu deyir.

“Praqada dördtərəfli görüş zamanı növbəti görüşlə bağlı razılıq əldə olunub. Biz bu razılığa sadiq qalırıq, Ermənistanın baş naziri, Azərbaycan və Fransa prezidentləri və Avropa İttifaqının prezidenti arasında görüşün təşkilinə hazırıq. Hesab edirik ki, Praqada belə bir formatda görüş Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşması baxımından yetərincə effektli və vacib idi. Ermənistan tərəfi əvvəlki tək münasibətlərin tənzimlənməsində maraqlıdır”, – Mirzoyan vurğulayıb.

Əliyev deyirdi ki, Paşinyan yalnız Fransa Prezidenti Emmanuel Makronun iştirakıyla görüşməyə razılaşıb. Azərbaycan isə Fransa prezidentinin vasitəçiliyinə qarşıdır, Əliyev bunu “Parisin antiazərbaycan mövqeyilə” izah edir.

Fransa Senatı noyabrın 15-də hökuməti “Azərbaycanın Ermənistan üzərinə hücumlarına və Qarabağdakı təcavüzünə görə” Bakı üzərinə sanksiyalar qoymağa çağıran qətnamə qəbul edib. Azərbaycan buna görə Fransaya etiraz notası verib.

Sərhədlərin delimitasiyası

Sərhədlərin delimitasiyasının tarixi xəritələr əsasında aparılmasına dair Bakının bəyanatlarına gəlincə, Mirzoyan deyir ki, oxşar bəyanatlar Praqa və Soçidə götürülmüş öhdəlikləri pozur. Yəni, delimitasiya işləri BMT Nizamnaməsi və 1991-ci ilin Alma-ata deklarasiyası əsasında aparılmalıdır.

Mirzoyanın sözlərinə görə, müxtəlif istiqamətlər danışıqların davam etməsinə baxmayaraq, Azərbaycan hərbi bəyanatlarını, erməni tərəfə əsaslandırılmamış ittiham və təhdidlərini davam etdirir. O, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisində qaldığını, Azərbaycanın mütəmadi olaraq provokativ hərbi əməliyyatlar apardığını sözlərinə əlavə edib.

Yerevan ötən ilin mayında və bu ilin sentyabrında Azərbaycanın onun suveren ərazisinə müdaxilə etdiyini bildirib. Sentyabrın ortasında sərhəd toqquşmalarında 300-dək hərbçi həlak olub. Azərbaycan isə müdaxilə ittihamlarını rədd edir, sərhədlərin delimitasiya olunmadığını əsas gətirir.

Danışıqlar

Ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi. Oktyabrın 31-də isə Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə tərəflər üçtərəfli görüşün yekunları ilə bağlı bəyanat qəbul etmişdilər. Bəyanatda Rusiya sülhməramlı kontingentinin Qarabağda təhlükəsizliyin təmin olunmasına mühüm töhfəsi qeyd edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG