Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:58

Bakının havasını nələr kirləyir – bitməyən abadlıq işləri, avtomobillər...


Bakıda tozlu hava
Bakıda tozlu hava

Bakıda sanki heç bitməyən təmir-abadlıq işləri beynəlxalq tədbirlər öncəsi daha da intensivləşir – yol kənarları hasarlanır, binalar ağardılır. Piyadalar istədikləri ünvana dolanbac yollarla gedib çıxmalı, həm də yolüstü tozlu havanı ciyərlərinə çəkməli olurlar. Noyabrda keçiriləcək COP29 BMT-nin iqlim sammiti öncəsi də oxşar mənzərə yaranıb. Üstəlik, bu yay Bakıda bir neçə dəfə havada tozun miqdarının normadan yuxarı olduğu açıqlandı və transsərhəd xarakterli olduğu bildirildi.

Tozlu, çirkli hava dünyada hər doqquz ölümdən birinə bais olur. Bəs, Bakıda hava çirklənməsinə səbəb olan amillər hansılardır, onların monitorinqi aparılırmı, aparılırsa, hansı tədbirlər görülür?

"Köhnə binaların divarlarını qaşıdılar və ağartdılar"

"COP29-a görə köhnə binaların divarlarını qaşıdılar və ağartdılar. Halbuki o qaralma təkcə qədimliyi göstərmirdi, həmçinin karbon qazının udulmasına kömək edirdi. Qaşınması əlavə tozun atmosferə atılmasına səbəb oldu", – iqlimşünas Məhərrəm Mehdiyev AzadlıqRadiosuna danışır.

Məhərrəm Mehdiyev
Məhərrəm Mehdiyev

BMT-nin qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr edilmiş COP29 sammitinin Bakıda başlamasına sayılı günlər qalıb. Tədbirin məqsədi Paris Sazişinin tələbinə – dünyada istixana qazı emissiyalarını azaltmaq və qlobal istiləşməni sənayeləşmədən əvvəlki dövrdəki kimi 1.5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdı.

Lakin COP29-a hazırlıq üçün aparılan təmir-tikinti işləri Azərbaycanın bu hədəfinə heç uyğun gəlmir. "Köhnə binaların arasında rənglənənlər, yaxud metal örtüklə əvəzlənənlər varsa, karbon qazının udulmasına ciddi maneələr olacaq. Ağardılırsa, bir müddət karbon qazı kiçik məsamələr ilə gec udulacaq, qaşınanda ayrılan toz isə atmosferə birbaşa təsir edəcək", – M.Mehdiyev söyləyir. O xüsusən də son illər artan tikintilər zamanı qum, sement kimi materiallardan çıxan tozun da havanı çirkləndirdiyini vurğulayır: "Həmçinin, dörd sement zavodu şəhərdən kənarda yerləşsə də, onların atdığı sement tozu kilometrlərlə hava yolu qət edir və 15 kilometr uzağı belə tozlandırır".

Ənvər Əliyev
Ənvər Əliyev

Təkcə təmir-abadlıq işləri deyil...

Bakının havasının kirlənməsində ən böyük paya nəqliyyat vasitələri malikdir. Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, dosent Ənvər Əliyev bu göstəricinin 70 faiz olduğunu bildirir. Dediyinə görə, daxili yanma mühərrikindən 260-dan çox müxtəlif növ çirkləndirici buraxılır: "Onlara karbon-oksidi, azot-oksidi, kükürd oksidləri, aldehidlər, his, qurum aiddir. Ən qorxulusu da avtomobillərin təkərləri altından çıxan və sürtünmə nəticəsində asfaltla broun hərəkətində olan çox xırda hissəciklərdir".

Daha bir səbəb cənubdan gələn hava axınlarıdır. Mütəxəssis AzadlıqRadiosuna deyir ki, cənubdan – Ərəbistan və Afrika səhralarından, cənub-şərqdən- İrandan, eləcə də Türkmənistandan hava axınları ilə toz gəlir: "Fırtınaların olması, küləklərin güclənməsi ilə tozlanma böyük regional miqyasda baş verib. Dəniz səviyyəsindən aşağı olduğundan Bakıya kiçik toz dənəciklərinin gəlməsi asanlaşır. Lokal tozlanmaya həm də təmir-tikinti səbəb olur. Xüsusən də divarlar ağardılanda, sement-çınqıl işləri vaxtı yüksək miqdarda toz havaya qalxır".

Hava çirkliliyi rəqəmlərdə

2023 Dünya Hava Keyfiyyəti Hesabatına görə, Azərbaycan dünyanın ən çirkli havalı ölkələri ilə eyni sırada yer alıb. 134 ölkənin hava çirkliliyini təhlil edən hesabatda 52-ci yerdə qərarlaşıb və paytaxtı Bakı ölkədə ən çirkli havaya malik şəhər sayılıb. ÜST standartlarına görə, bir bölgədə təmiz hava ilə nəfəs almaq üçün PM2.5 - havadakı toz hissəciklərinin miqdarı ən çox 5 μg/m3 olmalıdır. Azərbaycanda bu göstərici 18.8-dir. Hesabata Azərbaycanla bağlı məlumatlar 2021-ci ildən salınıb və həmin il uyğun göstərici 2023-cü ildən daha aşağı olub – 17.6. Bu isə nisbətən təmiz hava deməkdir.

Hazırda ölkədə əhalinin təxminən 14 faizi ÜST-ün illik PM2.5 təlimatına uyğun gəlməyən atmosfer havasına məruz qalır. Havanın çirklənməsindən ən çox təsirlənən isə 20-39 yaş arası şəxslərdir, - elə həmin hesabatda vurğulanır.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə atmosferə atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 34.5 min ton çoxalaraq ümumilikdə 965.1 min ton təşkil edib.

COP29-un əsas hədəfi atmosferə buraxılan istixana qazlarının məhdudlaşdırılmasıdır. Ancaq rəsmi rəqəmlər belə Azərbaycanın bu hədəfə çatmadığını göstərir. Belə ki, 2020-ci ildə atmosfer havasına düşən karbon oksid 17.3 min ton idisə, 2023-cü ildə 37.7 min tona yüksəlib. Bir nəfərə düşən karbon oksid miqdarı da həmin illərlə müqayisədə 2 dəfədən çox artaraq 1.7 kiloqramdan 3.7 kiloqrama çatıb.

Müstəqil şəkildə ekoloji problemləri araşdıran mütəxəssislərdən biri AzadlıqRadiosuna vəziyyətin əslində daha qəliz olduğunu deyir. O bunu az və qeyri-dəqiq monitorinqlər və müstəqil araşdırmaya məhdudiyyətlə əlaqələndirir. "Havanı çirkləndirən bəzi maddələr iysiz və gözlə görünməsi mümkünsüz kiçik ölçüdə olur. Bu kiçik maddələr daha zərərli sayılır və bütün bədəni əhatə edə bilir", – söyləyən ekspert vurğulayır ki, bu amilləri nəzərə alanda tozlanma əslində daha çoxdur.

Çıxış yolları

İqlimşünas M.Mehdiyev deyir ki, Azərbaycanda atmosferin tozlanmasında tikinti işlərinin faiz göstəricisi yuxarı deyil, amma bunu da minimuma endirmək mümkündür. Məsələn, 99.9 faiz toz tutulmasına nail olmaq üçün elektron toz tutucu filtrlərdən istifadə edilə bilər. Sözügedən qurğulardan istifadə, eləcə də atmosferin havasının təmizlənməsi ilə bağlı digər tədbirlər haqda AzadlıqRadiosu aidiyyəti qurumlardan cavab ala bilməyib.

"Atmosferin mühafizəsi haqqında" Qanuna görə, tikinti layihələrində atmosfer keyfiyyətinə zərər verən maddələrin azaldılması və onların zərərsizləşdirilməsi yerli qanunvericilikdə öz əksini tapmalıdır, bunu da icra hakimiyyəti orqanları müəyyən etməlidir. Lakin AzadlıqRadiosu 10-a yaxın icra hakimiyyətindən həmin tələbləri öyrənə bilməyib.

Memar Elnur Muxtarov AzadlıqRadiosuna Bakıda tikintilərin düzgün aparılmadığını, konkret tələblər qoyulmadığını deyir. Belə ki, Nazirlər Kabinetinin dövlət şəhərsalma və norma qaydalarında deyilir ki, məskunlaşma əraziləri atmosferi çirkləndirən mənbələrdən uzaq salınmalıdır: "Amma bu mənbələr hansılardır, nə qədər uzaqda olmalıdır, nə kimi monitorinqlər edilir, bilgi yoxdur. Halbuki tikinti materialları yüksək radioaktivlik gətirir".

Müstəqil mütəxəssislər Azərbaycanda tikintinin Aİ-nin Avrokod standartlarına uyğun aparılacağı halda, bu məsələlərin də tənzimlənə biləcəyi qənaətindədir.

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, dosent Ə.Əliyev hava çirklənməsi ilə mübarizə tədbiri kimi elektromobillərin alınmasından danışır, amma bu məsələdə belə problem olduğunu deyir: "Elektromobillərə doldurulacaq hazırki enerji də təbii qazdan, mazutdan alınır ki, bu da yenə atmosferi korlayacaq. Ona görə də yaşıl enerjinin artması ilə bağlı genişmiqyaslı tədbirlər görülməlidir".

Monitorinq aparılırmı

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ölkədə həm dövlət, həm də özəl sektorun apardığı tikinti-abadlıq işləri zamanı ətraf mühitin mühafizəsi tələbləri qoyulub. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Nazirlər Kabinetindən nə ictimaiyyətə, nə də AzadlıqRadiosunun müxbirinə havanın tozlanmasının qarşısının alınması məqsədilə hansı işlərin görüldüyü açıqlanmayıb.

AzadlıqRadiosu ETSN-ə havanı çirkləndirən yerli amillər ilə mübarizə, monitorinqlər barədə suallar ünvanlayıb. Sorğu qəbul olunsa da, material dərc olunana kimi cavab gəlməyib. Hava çirklənməsi üzrə son illəri əhatələyən monitorinq nəticələri bəlli deyil.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti fərqli tarixlərdə havaya normadan artıq tullantı atan obyektlərin cərimələndiyini desə də, bununla bağlı yekun hesabat gözə dəymir. ETNS-nin 2022-ci il hesabatında yazılıb ki, atmosferə zərərli maddələrin atılmasına görə 72 ekoloji sənəd verilib, hüquq- mühafizə və məhkəmə orqanlarına 77 iş göndərilib.

2023-cü ildə ekoloji hüquqpozma faktları üzrə 133 cinayət işi başladılıb. Lakin atmosferin mühafizəsi ilə bağlı rəqəmlər bəlli deyil. Yeri gəlmişkən, İnzibati Xətalar Məcəlləsinə görə, atmosferi çirkləndirən şəxslər 200 manatdan 10 min manatadək cərimələnə bilər.

Qonşu təcrübəsi

2023-cü il Dünya Hava Keyfiyyəti Hesabatında ən çirkli paytaxtlar arasında Bakı dünyada 45-ci yerdə qərarlaşıb. Bu siyahıda Yerevan 27-ci, Tbilisi 59-cu, Ankara 76-cı, Moskva 81-ci yerdə olub. Yəni, Azərbaycanın havası təkcə Ermənistanla müqayisədə daha təmizdir.

Qafqazın ən təmiz havalı paytaxtına sahib Gürcüstandadır. Havanın keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin əksəriyyəti 2014-cü ildə Avropa İttifaqı-Gürcüstan Assosiasiya Sazişinə salınmış öhdəliklərin icrası ilə sıx bağlıdır. "Gavigudet" (Biz boğuluruq) hərəkatının fəalı, Rustavi şəhərində hava keyfiyyətinin artırılması ilə bağlı təbliğata rəhbərlik edən Tinatin Maqedani 2022-ci ildə bu sazişin Gürcüstanda havanın keyfiyyətinə təsiri haqda analizlər aparıb. O yazır ki, ölkədə bir sıra qanunlara dəyişiklik edilib, Gürcüstan ərazisi havanın keyfiyyətinin qorunması və yaxşılaşdırılması məqsədilə zonalara və aqlomerasiyalara bölünüb.

"Yəni, havanın keyfiyyətinə dair planlar hər əraziyə uyğun hazırlanıb. Sənaye sektoruna təsirli ekoloji nəzarət üçün lisenziyalaşdırma təkmilləşdirilib. Standartlara uyğun olmayan yanacağın idxalı, ölkə daxilində istehsalı və ya istehlakı qanuna zidd sayılıb. Standartdan aşağı yanacağın satışına və təmirə ehtiyacı olan avtomobillərdən istifadəyə görə cərimələr artırılıb", – T.Maqedani "Heinrich Boell Stiftung/Foundation" saytındakı məqalədə yazıb.

Çirkli hava azərbaycanlıları necə xəstə salır? Qafqazda hər kəsdən geridə
Gözlə

No media source currently available

0:00 0:09:55 0:00

Tozlu havanın gətirdiyi xəstəliklər

Dünyada hər doqquz ölümdən birinə hava çirkliliyi səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il yeddi milyon vaxtından əvvəl ölüm faktı havanın çirklənməsi ilə əlaqələndirilir. Belə ki, tənəffüs zamanı çirkli hava zərrəcikləri ağciyərlərdən qan dövranına daxil olaraq orqanizmdə tənəffüs orqanları və ürək-damar xəstəlikləri, insult, xərçəng yaranma riskini yüksəldir. Bronxial astma xəstəliyi olanlar havanın çirklənməsi səbəbindən nəfəs darlığından əziyyət çəkirlər.

Azərbaycanda da sözügedən xəstəliklərdən əziyyət çəkənlərin sayında artım var və həkimlər bu artımda tozlu, çirkli havanın mühüm rolu olduğu qənaətindədir. Rəsmi statistikaya görə, ötən il 964 minə yaxın şəxsə ilk dəfə tənəffüs orqanları xəstəliyi diaqnozu qoyulub. 2020-ci ildə bu say 677 min idi. Xərçəng xəstəliyi ilə bağlı ilk diaqnoz qoyulan xəstələrin sayı da son üç ildə ilə 13 min nəfərdən aşağı düşmür.

"World Statistics" beynəlxalq statistika mərkəzinin 2024-cü ildə yaydığı siyahıda Azərbaycan ürək xəstəlikləri səbəbindən hər 100 min nəfərə 388 ölümlə ikinci yerdə qərarlaşıb.

XS
SM
MD
LG