Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:55

Baltik ölkələri Rusiya ilə sərhəddə vahid müdafiə xətti yaradacaq


Litva-Rusiya sərhəd dirəkləri
Litva-Rusiya sərhəd dirəkləri

Estoniya, Latviya və Litva Rusiya və Belarusla sərhəddə ümumi müdafiə zonasının yaradılmasına dair razılaşma əldə ediblər.

Söhbət müxtəlif müdafiə qurğularından gedir. Bunlardan məqsəd “hərbi təhlükənin cilovlanması və lazım gəldikdə ondan müdafiədir”.

Müdafiə obyektləri həm də düşmənin sərhəddə ləngidilərək müttəfiqlərə köməyə çatmaları üçün vaxt verilməsinə xidmət edəcəklər.

The New York Times 2023-cü ilin aprelində yazırdı ki, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi ilə bağlı NATO özünün Avropadakı müdafiə strategiyasını dəyişməyi qərara alıb.

Əgər alyans əvvəllər üzv ölkə ərazisinin müvəqqəti işğalını mümkün sayırdısa, bundan sonra müdaxilənin ilk günündən “hər bir qarışı” müdafiə etmək qərarı verilir.

600 beton bunker

Bu strategiyanın dəyişdirilməsini ilk növbədə elə Baltik ölkələri tələb etmişdilər. Delfi yazır ki, Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis müdafə xəttinin yaradılmasından məqsədin “müharibəyə hazırlıq” olduğunu bəyan edib:

"Bu Litva, Latviya və Estoniyanın siyasi müraciətidir ki, biz müharibənin yaxınlaşmasını hiss edirik. Biz başa düşürük ki, əgər Rusiya Ukraynada dayandırılmasa, o daha irəli gedəcək. Daha irəlidə isə Baltik ölkələridir”.

Estoniyanın müdafiə naziri Hanyu Pevkur isə fikrini belə ifadə etmişdi:

"Rusiyanın Ukrayna ilə müharibəsi göstərdi ki, bizə Estoniyanı birinci metrindən müdafiə etmək üçün texnika, sursat və canlı qüvvədən başqa həm də sərhəddə fiziki müdafiə obyektlərinin olması lazımdır. Biz bunu ona görə edirik ki, Estoniya sakinləri özlərini təhlükəsizlikdə hiss etsinlər”.

Postimees yazır ki, Estoniya özünün şərq sərhədində təxminən 600 beton bunker yaratmağı planlaşdırır. Belə düşünülür ki, bu bunkerlər hərbçiləri düşmən atəşindən və qəlpələrdən qoruya biləcək. Ölçüsü 30-35 kvadrat metrlik hər bir bunkerə 10 əsgər sığına biləcək. Sayt yazır ki, bunkerlərin quraşdırılmasına 2025-ci ilin birinci yarısından başlanmalıdır.

“Azacıq gecikməyə” yol verilib

Latviyanın keçmiş müdafiə naziri və hazırda Northern Europe Policy Centre analitik mərkəzinin direktoru Artis Pabriks hesab edir ki, bu məsələdə “azacıq gecikməyə” yol verilib.

Bununla belə, Pabriks əlavə edib ki, üç Baltik ölkəsinin öz şərq sərhədlərini qorumaq üçün səylərini birləşdirməsi mühüm məqamdır.

O AzadlıqRadiosunun CurrentTime telekanalına müsahibəsndə deyib:

"Tezliklə Avropa Parlamentinə seçkilər olacaq. Düşünürəm ki, Avropa deputatı seçilənlərdən hər biri şimalda Finlandiyadan ən azı Polşaya qədər Avropa İttifaqı və NATO-nun şərq sərhədlərinin müdafiəsinin gücləndirilməsi məsələsini qaldıracaq”.

Pabriksin sözlərinə görə müdafiə qurğularının tikintisində “21-ci əsrin bütün imkanlaırndan” istifadə olunacaq:

"Biz elə etmək istəyirik ki, sərhədimizi keçmək istəyən elə yerindəcə dayandırılsın”.

Minalar məsələsi

Latviyanın müdafiə naziri Arvid Spruds deyib ki, Rusiya və Belarusla sərhəddə tank və piyadalar əleyhinə minalardan istifadə oluna bilər:

"Latviya dövlətində hazırda ölkənin Ottava Konvensiyasından çıxması mümkünlüyü nəzərdən keçirilir. Bu Konvensiya piyadalar əleyhinə minaları qadağan edir. Bu qərarın qəbul olunub-olunmayacağı hələ məlum deyil”.

Bununla belə Estoniya Müdafiə Nazirlyinin məlumatında deyilir ki, dinc vaxtlarda müdafiə xəttində partlaycı maddələr yerləşdirilməyəcək. Pabriks bu barədə deyib:

"Biz mülki şəxslərin təhlükəsizliyi məsələsində ciddi olmalıyıq. Amma bizim bu minaları orada çevik şəkildə yerləşdirmək imkanımız olmalıdır. Estoniya sərhədində vəziyyət Latviya və Litva sərhədlərindəkindən bir qədər fərqlidir. Bizdə həm havalar dəyişkəındir, həm də sərhəddə çaylar və göllər var. Yəni bunu nəzərə almaq lazımdır və bu fikir ayrılığı deyil”.

XS
SM
MD
LG