Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:52

«Bank Standard» dövlət himayəsinə götürülsə də, suallar qaldı...


Bank Standard
Bank Standard

«Bank Standard» dövlət himayəsinə götürülən 2-ci bank oldu. Daha öncə Azərbaycan Beynəlxalq Bankı dövlət hesabına sağlamlaşdırılmağa başlanmışdı.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) bu gün – iyulun 4-də açıqladığı məlumatda bildirilir ki, «Bank Standard» dövlət bankı olan «Azər-Türk Bank» vasitəsilə sağlamlaşdırılacaq. «Azər-Türk Bank»a avqustun 3-nədək «Bank Standard»ın idarəetmə orqanlarını yenidən formalaşdırmaq yetkisi verilib.

Bankın maliyyə öhdəliklərinin yerinə yetirilməsinə «zəruri vəsait» ayrıldığını deyən Palata vəsaitin həcmini açıqlamayıb.

Bir çox ekspertin ortaq fikrinə görə, hökumət, əslində, bankı bağlamaqla da canını qurtara bilərdi. Ancaq bankın sistem əhəmiyyətliyi, eləcə də əhalinin əmanətlərinin böyük həcmi olduğundan, buna gedə bilməyib.

«HƏLƏ BAXARIQ...»

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, əmanətçi və digər müştərilərin bankdakı vəsaitlərindən sərbəst yararlana biləcəkləri ən başlıca xəbərdir: «Yəni, məhdudiyyətsiz və limitsiz. Düzdür, bunun həqiqətən belə olacağına hələ baxarıq».

Ekspert sağlamlaşdırmanın «Azər-Türk Bank» vasitəsilə aparılmasına dair məlumatı yetərli saymır: «Mexanizm açıqlanmır. Aydın deyil ki, səhmdar və inzibatçılar dura-dura, niyə məhz bu bank «Bank Standard»ın idarəetmə orqanlarını formalaşdıracaq? Belə qərarı yalnız məhkəmə verə bilər. Amma məlumatda məhkəmə qərarından söz açılmır».

«NİYƏ MƏRKƏZİ BANK KREDİTİ BIRBAŞA DEYIL…»

Ə.Həsənovun fikrincə, Mərkəzi Bankın (MB-nin) krediti birbaşa deyil, «Azər-Türk Bank» vasitəsilə verməsinin səbəbi aydın deyil: «Elə birbaşa versin də! Kredit xəttinin məbləği də açıqlanmır, halbuki şəffaf olmalıdır. Biz bilməliyik ki, dövlət bu bankın xilasına nə qədər pul ayırıb. Bütün bunlar hələ iki ay öncə məlum olmalı, Nazirlər Kabinetinin qərarında təsbit edilməli idi. Amma qərar indiyədək dərc olunmayıb. Bütövlükdə prosesin qeyri-şəffaflığı narahatlıq doğurur».

«BANKLARI BAĞLAMAQDANSA...»

Maliyyə məsələləri eksperti Cəfər İbrahimli bankları bağlamaqdansa, mümkün variantlarla sağlamlaşdırmanın daha faydalı olacağını düşünür: «Bankların bağlanması ciddi sosial və iqtisadi problemlər yaratdığından, sağlamlaşdırmaya üstünlük verilməli, və bu, mümkün olmayanda ləğv məsələsi gündəmə gəlməlidir».

Ekspert deyir ki, Azərbaycan maliyyə sistemində sağlamlaşmanı hansı qurumun və necə aparacağı tam müəyyənləşməyib: «Məsələn, Palata inzibatçı təyin edir, ancaq maliyyə dəstəyini MB saxlayır və ya ləğv qərarından sonra Əmanət Sığorta Fondu dövriyyəyə girməli olur. Son illərdə sağlamlaşdırmanın digər banklara verilməsi arzulanan nəticə verməyib. «Bank Standard»ınsağlamlaşdırılmasını Palatanın təyin etdiyi inzibatçıların aparması, MB-nin prosesə qoşulması «Azər-Türk Bank» dəstəyi ilə, çətin olsa da, müəyyən nəticələrin əldə olunacağına ümid oyadır».

XS
SM
MD
LG