Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:27

Bayden: 'Putinin cılız torpaq hərisliyi iflasa uğrayacaq...'


Prezident Co Bayden Varşavadakı Kral qəsrində çıxış edib
Prezident Co Bayden Varşavadakı Kral qəsrində çıxış edib

Ukraynaya tarixi səfərini başa vuran ABŞ prezidenti Co Bayden fevralın 21-də Polşada etdiyi nitqdə NATO müttəfiqlərini Kiyevə “sarsılmaz” dəstək verməyə və alyansın şərq cinahının möhkəmləndirilməsinə çağırıb.

Bu da qeyd olunur ki, bu, ABŞ prezidentinin müharibədə olan və Amerika hərbçilərinin olmadığı bir ölkəyə cəsarətli səfəri idi.

Reuters agentliyi yazır ki, Bayden Varşavadakı Kral qəsrində çıxış edib:

"Bir il əvvəl dünya Kiyevin süqut edəcəyindən narahat idi. Amma mən indi deyə bilərəm: Kiyev möhkəm dayanıb, qürurlu dayanıb, ayaq üstündə şax dayanıb və ən mühümü budur ki, azad dayanıb”.

Reuters yazır ki, prezident Bayden bu səfərindən müharibənin ikinci ilinin başlanğıcında Ukraynaya dəstək ifadəsi üçün istifadə edib.

“Putin elə bilirdi ki...”

Eyni gündə Moskvada çıxış edən Rusiya prezidenti Vladimir Putin ölkəsinin Vaşinqtonla nüvə silahlarına nəzarətə dair imzaladığı müqaviləni dayandırdığını bəyan edib.

Putin əlavə edib ki, Moskva müqavilədən çıxmır, sadəcə bu razılaşmada iştirakını dayandırır.

Bayden Varşavada etdiyi çıxışında daha sonra deyib:

"Prezident Putin öz tanklarına Ukrayna ərazisinə girməyi əmr edəndə düşünürdü ki, biz bunun üstündən ötüb keçəcəyik. Amma o səhv etdi”.

İki prezidentin çox fərqli çıxışları

Yağışlı və soyuq havada Amerika bayraqlarını dalğalandıran kütləyə xitab edən Bayden Vladimir Putini qəddarlıqda ittiham edib və deyib ki, onun suveren bir dövləti ram etmək cəhdi iflasa uğrayıb:

“Prezident Putinin cılız torpaq və hökmranlıq hərisliyi iflasa uğrayacaq”.

Müxbirlər diqqəti belə bir məqama çəkirlər ki, Putin Federasiya Şurasında etdiyi çıxışda Baydenin adını bircə dəfə də olsun çəkməsə də, ABŞ prezidenti onun adını 10 dəfə hallandırıb.

CNN bunu qeyd edir ki, iki prezidentin eyni gündə etdiyi iki çıxış bir-birindən çox fərqli idi.

Baydenin çıxışını minlərlə insan şüarlar və çağırışlarla müşayiət etdiyi halda, Putinin 1 saat 45 dəqiqəlik çıxışını dinləyənlər yuxulu kimi görünürdülər.

Ağ Ev Baydenin çıxışından əvvəl bildirmişdi ki, onun çıxış vaxtı Putinin bəyanatlarını cavablandırmağa hesablanmayıb.

Buna baxmayaraq Bayden çıxışının bir məqamında Putinin “müharibəni biz başlamadıq” bəyanatına cavab verib:

“Qərb Rusiyaya hücum etməyi planlaşdırmırdı”.

Ukrayna heç vaxt Rusiya üçün qələbə olmayacaq

Bayden əlavə edib ki, Ukraynaya hücumla sınağa çəkilən təkcə Ukrayna deyildi:

“Rusiya müdaxilə edəndə, sınağa çəkilən təkcə Ukrayna deyildi. Əsrlər ərzində dünya sınaqla üzləşmişdi. Avropa sınağa çəkilmişdi. Amerika sınağa çəkilmişdi. NATO sınağa çəkilmişdi”.

Bəzi məqamlarda Bayden sanki birbaşa Putinə müraciət edirdi:

“Avtokratlar yalnız bir sözü başa düşürlər: Yox! Yox, yox! Yox, sən mənim ölkəmi qəsb etməyəcəksən. Yox, sən mənim azadlığımı əlimdən ala bilməyəcəksən. Yox, sən mənim gələcəyimi əlimdən ala bilməyəcəksən”.

ABŞ prezidentinin bu qətiyyətli bəyanatı isə sürəkli alqışlarla qarşılanıb:

“Ukrayna heç vaxt Rusiya üçün qələbə olmayacaq. Heç vaxt!”

“Bayden, Ukraynaya F-16 ver”

Fevralın 21-də Co Bayden Qərbin Ukraynaya dəstəyinin ən qızğın müdafiəçilərindən biri olan Polşa prezidenti Andjey Duda ilə görüşüb.

Duda bildirib ki, Baydenin səfəri ABŞ-ın Avropada təhlükəsizliyin saxlanmasına sədaqətini nümayiş etdirib. Polşa prezidenti ABŞ prezidentinin Kiyevə səfərini “misilsiz jest” adlandırıb.

Polşa NATO-nun Ukrayna ilə ən uzun sərhədi olan ölkəsidir, Ukraynaya Qərb silahlarının gətirilməsində və qaçqınların Ukraynadan çıxarılmasında əsas marşrut olub.

Duda deyib:

"Mən bütün Avropa ölkələrinə, NATO dövlətlərinə Ukrayna ilə həmrəylik nümayiş etdirməyə, ona hərbi dəstək verməyə çağırıram ki, onların vuruşmaq üçün nəsə silahları olsun”.

40 il ərzində kommunist hakimiyyəti altında olan Polşa 1989-cu ilədək Moskvanın başçılıq etdiyi Varşava hərbi paktına daxil idi. Amma hazırda bu ölkə Avropa İttifaqının və NATO-nun üzvüdür.

Reuters bunu da xəbər verir ki, Baydenin gecələdiyi otelin qarşısında asılmış nəhəng plakatda: “Bayden, Ukraynaya F-16 ver” yazılmışdı.

XS
SM
MD
LG