Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:54

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı: Orduya yardım məsələsi də araşdırılır


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyevin istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay artırılıb. Oktyabrın 2-də Xətai rayon Məhkəməsinin hakimi Fuad Axundov bu barədə qərar çıxarıb.

Hakim Baş prokuror Kamran Əliyevin təqdimatını təmin edib. Baş Prokuror Hacıyev haqqında həbs qətimkan tədbirinin müddətcə daha 3 ay uzadılması barədə məhkəməyə təqdimat verib. Təqdimatda göstərilib ki, onunla bağlı istintaq yekunlaşmadığından, müddətin artırılmasına ehtiyac var.

İctimai fəalın özü də, vəkilləri də buna etirazlarını bildirərək deyiblər ki, istintaq bir ildən artıq sürə bilməz. Təqdimat təmin olunacağı halda, 12 aylıq müddət keçir və qanun pozulur. Axı Hacıyevlə bağlı cinayət işi ötən ilin oktyabrında başlanıb və o, dekabrda həbs edilib.

Bəxtiyar Hacıyev təqsirsizliyini, siyasi sifarişlə həbs olunduğunu vurğulayıb.

Məhkəmənin gedişində hakim səhhətində problem olduğunu əsas gətirərək, 1 saata yaxın fasilə verib. Nəticədə ictimai fəalın işi üzrə məhkəmə prosesi 3 saatdan çox çəkib. Sonda hakim təqdimatı təmin edərək, B.Hacıyev haqqında həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.

İctimai fəalın vəkili Rövşanə Rəhimli deyir ki, bu qərarı qanunsuz və əsassız saydıqlarından. ondan apellyasiya şikayəti verəcəklər.

İnsanlar niyə siyasətə qarışmaq istəmir? 'Başıma torba keçirdilər...'.
Gözlə

No media source currently available

0:00 0:10:46 0:00

Xatırlatma

Bəxtiyar Hacıyev ötən ilin dekabrında bloger Ülviyyə Muradovaya (Alovluya) qarşı xuliqanlıq və məhkəməyə sayqısızlıqda ittiham edilərək həbs olunub. Bu ilin iyununda ona qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilən əmlakı leqallaşdırma, qaçaqmalçılıq və başqa yeni ittihamlar verildi.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, istintaq B.Hacıyevin 2020-ci ildəki 44 günlük müharibə dövründə orduya yardım kampaniyasıyla bağlı da araşdırma aparır.

B.Hacıyev həbs olunmazdan öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsinin zalında onunla Ü.Muradova arasında mübahisəyə dair bağlı görüntülər yayılmışdı. Bu məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində araşdırmalar gedirdi.

B.Hacıyev Ü.Muradovanın cəzalandırılmasını tələb edirdi. Hətta buna görə bir neçə dəfə sosial şəbəkələr vasitəsilə daxili işlər nazirinə də üz tutmuşdu. Ancaq sonda onun özünü təqsirləndirilən şəxs kimi həbs etdilər.

İyunda verilən ittihamlarınsa Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətilə bağlı olduğu bildirilir. İddia olunur ki, B.Hacıyev alınan qrantları təyinatı üzrə xərcləməyib. Onun özü bütün ittihamları rədd edir və əsassız saydığını bildirir. B.Hacıyev məhkəmələrdə də deyib ki, daxili işlər naziri Vilayət Eyvazovu tənqid etdiyinə görə cəzalandırılıb.

XS
SM
MD
LG