Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:41

Bayden Konqresdən Ukrayna və İsrail üçün 106 milyard dollar istəyir


ABŞ prezidenti Co Bayden ölkə Konqresinə 106 milyard dollarlıq büdcə sorğusu göndərib.

Xəbər verilir ki, bu paketə Ukraynaya yardım üçün 61 milyard dollar və İsrailə dəstək üçün 14 milyard dollar daxildir.

Ağ Ev bu barədə sorğunu Konqresə oktyabrın 20-də prezidentin Amerika xalqına televiziya müraciətindən bir gün sonra göndərib.

Co Bayden bu çıxışında Rusiyanın müdaxiləsinə qarşı döyüşən Ukraynaya və Həmas radikal təşkilatı ilə mübarizə aparan İsrailə ABŞ yardımının həyati mühüm olmasını vurğulamışdı.

Ağ Evin məlumatında deyilir ki, bu sorğuya müsbət cavab verilməsi ABŞ-ın milli təhlükəsizliyinin gücləndirilməsi və onun müttəfiqlərinə dəstək verilməsi üçün lazımdır.

Bu da qeyd olunur ki, İsrail bu vəsaitlə girovların azad edilməsi və Həmasın “dəhşətli hücumundan sarsılmış mülki vətəndaşlara” humanitar yardım göstərilməsi üçün istifadə edəcək.

Qlobal demokratiyanın müdafiəsinə

Ukraynaya veriləcək yardımdan isə ölkənin silahlı qüvvələrinin təlimi və təchizatı, son nəticədə Rusiyanın işğalında olan torpaqların azad olunması üçün istifadə olunacağı bildirilir.

Bayden Ukraynaya və İsrailə maliyyə yardımının mühümlüyü barədə oktyabrın 19-da etdiyi televiziya müraciətində bəhs etmişdi.

ABŞ prezidenti demişdi ki, istər Rusiyanın Ukraynaya qarşı müharibəsi, istərsə də İslam cihadçılarının İsrailə qarşı hücumları qlobal demokratiyaya təhlükə yaradır.

Bu da bildirilir ki, Bayden administrasiyası sözü gedən vəsaitin 9 milyard dollarını Ukraynada, Qəzza zolağında və İsraildəki humanitar ehtiyaclara görə istəyib.

Bu vəsaitin habelə ABŞ-ın cənub sərhədlərinin qaçaqmalçılıqdan müdafiəsinə, və qaçqınlara yardıma xərclənməsi nəzərdə tutulur.

XS
SM
MD
LG