Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:49

Keçmiş səfir: ‘Bayden Qarabağ məsələsində tərəf tutmayacaq’ (VIDEO)


ABŞ-ın yeni prezidenti Qarabağa nə vəd edir? Keçmiş səfirlər şərh edir
Gözlə

No media source currently available

0:00 0:10:00 0:00

ABŞ-ın yeni prezidenti Qarabağa nə vəd edir? Keçmiş səfirlər şərh edir

Yanvarın 20-də Ağ Evin yeni sahibi Cozef Baydenin andiçmə mərasimi keçirildi və o, prezidentlik fəaliyyətinə başladı.

Birləşmiş Ştatlar həm də Qarabağ münaqişəsi üzrə danışıqlara vasitəçilik edən Minsk Qrupunun üç həmsədrindən biridir.

Keçən payız Qarabağda müharibə gedəndə, özünün seçki kampaniyası dövründə Cozef Bayden hakimiyyətdə olan prezident Donald Trampa çağırış etmişdi ki, Qarabağda döyüşlərin dayanmasına nail olsun və Azərbaycan Ordusunun irəliləməsinə mane olsun.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, siyasi şərhçi Metyu Brayza deyir ki, Bayden tarixən də erməni və yunan diasporalarına yaxın olub, seçki vaxtı da bu qrupların səsini almaq üçün bəyanatlar verib, amma indi durum fərqlidir:

“Cozef Bayden strateji düşünən adamdır. Hətta seçki dövründə Ermənistanı dəstəkləyən bəyanatlar versə də, o, nəticə etibarilə uzunmüddətli və beynəlxalq qanunlar əsasında ədalətli şəkildə əldə edilmiş sülhün əhəmiyyətini başa düşəcək. Bu isə Azərbaycan torpaqlarının Azərbaycana qaytarılması deməkdir. Amma bu, bir qədər vaxt ala bilər”.

Keçmiş diplomat:"Biden ermənipərəst kimi tanınıb, amma..."
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Komandada erməni kökənlilər olsa da…

Berlində yerləşən “Intellinews” dərgisi isə yazır ki, Bayden administrasiyasında erməni kökənli bir neçə aparıcı rəsmi var və administrasiya Azərbaycanın Dağlıq Qarabağda daha çox ərazini geri almasını önləyə bilər:

“Amma mövcud durumu nəzərə alaraq Bayden komandasının münaqişədən sonrakı danışıqlarda güclü rol oynayacağını təsəvvür eləmək çətindir... Regiona 2 min sülhməramlı yerləşdirmiş Rusiya bu regional münaqişədə təşəbbüsü əlinə alıb”.

İlham Əliyev (solda) və Co Bayden - 2016-cı il
İlham Əliyev (solda) və Co Bayden - 2016-cı il

ABŞ -ın Azərbaycanda səfiri olmuş başqa bir siyasi şərhçi Riçard Kozlariç isə hesab edir ki, Co Bayden münaqişənin qənaətbəxş həllini dəstəkləyəcək, kiminsə tərəfində olmacayacaq:

“Sülhməramlı diplomatik prosesin davam etməsinə başlamalı və əldə olunmuş atəşkəs razılaşmasını sülh razılaşmasına qədər inkişaf etdirməlidirlər. Bayden administrasiyası bunu dəstəkləyəcək. Heç kimin tərəfini saxlamayacaq. Mən bu fikirlə razı deyiləm ki, Bayden tərəf tutacaq”.

Kozlariç hesab edir ki, Qarabağda sülh və Azərbaycanda demokratiya Bayden hökumətinin rəsmi Bakı ilə bağlı əsas prioriteti olacaq.

Sülhməramlı məsələsi qaldırıla bilər

Rusiya sülhməramlıları Qarabağa yerləşəndə, bəzi şərhçilər hesab edirdilər ki, bu həm də Qərbin, o cümlədən ABŞ-ın münaqişəyə diqqətinin azalması nəticəsində baş verdi.

Amerikalı şərhçi Pol Qobl AzadlıqRadiosuna demişdi ki, Bayden administrasiyası sülhməramlı məsələsini yenidən qaldıra, burda çoxmillətli sülhməramlıların gəlməsinə nail olmasına çalışa bilər.

Siyasi şərhçi Metyu Bryza isə deyir ki, ATƏT sülhməramlıların çoxmillətli olması məsələsini qaldırsaydı, bu çox yaxşı addım olardı və ABŞ da bunu dəstəkləyərdi, amma hələ ki, bu haqda ciddi bir müzakirə yoxdur və Rusiyanın buna necə reaksiya verəcəyi də bəlli deyil.

Qarabağda keçən ilin sentyabrında başlayıb 44 gün davam edən müharibə ilə Azərbaycan bu bölgədə erməni qüvvələrinin işğalı altında olan yeddi rayonu geri qaytarıb.

Amma atəşkəs razılaşması ilə, Azərbaycan ərazisi olan Qarabağda erməni yaşayış məntəqələri ətrafına Rusiya sülhməramlı qüvvələri yerləşdirilib.

XS
SM
MD
LG