Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:36

Gözəl Bayramlı ombudsmanla görüşmək istəyir


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavinlərindən Gözəl Bayramlının səhhətindəki problemlərin kəskinləşdiyi bildirilir.

Bu haqda iyunun 30-da Bakı İstintaq Təcridxanasında onunla görüşən vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkil bildirib ki, həkimlər Gözəl Bayramlını dəfələrlə müayinə ediblər.

“Ancaq müayinənin cavabını gizlədirlər. Müayinə nəticəsində heç bir müalicə də təyin olunmayıb. Tbilisidən gələrkən onun üzərində olan reseptlərlə dərmanları da ona verməyiblər”, - Mustafayev bildirib.

Tibbi ekspertizadan imtina olunub

Vəkilin sözlərinə görə, bu gün ona Gözəl Bayramlı barəsində məhkəmə-tibb ekspertizasının təyin olunması haqqında istintaqın qərarı elan olunub.

“Sərhəddə saxlanılan zaman Gözəl Bayramlı zədə alıb. İndi həmin xəsarətlə bağlı tibbi ekspertiza keçirmək istəyirlər. Biz məsləhətləşərək belə qərara gəldik ki, artıq bu ekspertizanın keçirilməsinə zərurət yoxdur. Çünki uzun zaman keçdiyi üçün xəsarətin mövcudluğunu və dərəcəsini müəyyən etmək mümkün deyil ”.

Vəkil həmçinin bildirir ki, Gözəl Bayramlının qanuni maraq kəsb edən şəxslərlə telefon zəngi hüququ ciddi surətdə məhdudlaşdırılıb. Elə bu səbəbdən artıq, iyunun 22-dən etibarən o, istədiyi şəxslərlə əlaqə imkanı yaradılanadək zəng hüququndan imtina edib.

Ombudsmana müraciət

Əsabəli Mustafayev Gözəl Bayramlının ona münasibətlə bağlı ombudsman Elmira Süleymanovaya müraciət etdiyini də qeyd edib.

“Gözəl Bayramlı müraciətində ombudsmandan şəxsən onunla görüşməyi tələb edib. Çünki, basqılar Gözəl Bayramlının həyatına təhlükə yaradıb. Hesab edirik ki, ombudsman xanım siyasətçinin həyatına yaranmış təhlükəni araşdırmaq üçün onunla şəxsən görüşməlidir”, vəkil vurğulayıb.

Vəkilləri bundan əvvəl də Gözəl Bayramlının səhhətində problemlərin olduğunu bildirmişdilər. Müdafiə tərəfinin deməsinə görə, xanım siyasətçinin üz-çənə artrozu problemi var. Müxtəlif vaxtlarda bir neçə dəfə əməliyyat da olunub.

Vəkilinin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail Rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

“İş üzrə toplanmış istintaq materialları ilə həmçinin, müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib”, - rəsmi açıqlamada vurğulanır.

Gözəl Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son 2 ildə Gürcüstanda 3 dəfə əməliyyat olunub.

Daha sonra cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verilib.

XS
SM
MD
LG