Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Səfirin bacısına xəbərdarlıq edilib


Bakı Dövlət Universitetinin dekan müavini Nigar İsmayılzadə. 25may2017
Bakı Dövlət Universitetinin dekan müavini Nigar İsmayılzadə. 25may2017

Bakı Dövlət Universitetinin dekan müavini Nigar İsmayılzadənin məhkəməyə verdiyi tələbə Zəka Mirağayev universitetin “İlahiyyat” fakültəsində baş verənlərlə bağlı yeni iddia irəli sürüb.

O bildirib ki, fakültədə uzun müddət dərslərə gəlməyən və bu səbəbdən imtahanda iştirak hüququnu itirən tələbələrə görə jurnal saxtalaşdırılır. Mirağayev bu iddianı iyunun 8-də öz məhkəməsində səsləndirib.

Buna da bax:​ Səfirin bacısının məhkəməsində Vasim Məmmədəliyevin adı hallandı

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısı olan dekan müavini tələbənin həbsini tələb edir. Xüsusi ittiham qaydasında məhkəməyə təqdim etdiyi iddiada da göstərib ki, Z. Mirağayev onun universitetdə neqativ əməllərlə məşğul olması, rüşvət alması haqda mediaya müsahibələr verib, məktublar göndərib. Bununla da ona böhtan atıb. Ona görə də Mirağayevin CM-nin 147-ci (böhtan) maddəsi ilə cəzalandırılmasını istəyir.

“DƏYİŞİKLİYİ ELƏ-BELƏ ELƏMƏYİBLƏR”

Nigar İsmayılzadənin iddiasına Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyev baxır.

İyunun 8-də keçirilən məhkəmədə tələbə “İlahiyyat” fakültəsinin işçisi Aynur Məmmədova (tyutor) və müəllim Faiq Əhmədzadənin məhkəmədə şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb. Bildirib ki, həmin şəxslərin dindirilməsi fakültədəki saxtakarlığı təsdiqləyə bilər. Zəka Mirağayevin sözlərinə görə, Lalə Hacıyeva adlı tələbə dərslərdə iştirak etmədiyindən imtahanda iştirak hüququnu itirib. Onu imtahana buraxmaq üçün jurnal saxtalaşdırılıb: “Yəqin ki, jurnalda dəyişikliyi də elə-belə eləməyiblər, rüşvət müqabilində olub. Universitetdə bizim şikayətimizdən sonra yaradılan komissiya da araşdırma zamanı jurnalın saxtalaşdırıldığını təsdiqləyib”.

Buna da bax:​ Səfirin bacısı tələbəni həbs etdirmək istəyir

N.İsmayılzadənin vəkili Kamandar Nəsibov deyib ki, vəsatətdə adları çəkilən şəxslər məhkəmədə rüşvətlə bağlı heç nə danışmayacaq: “Hesab edirəm ki, qarşı tərəf Nigar İsmayılzadə haqqında rüşvət ittihamını sübut edə bilmir, ona görə də prosesi bu cür yollarla uzatmaq istəyir”.

“BUNUN RÜŞVƏT İTTİHAMINA AİDİYYƏTİ YOXDUR”

Nigar İsmayılzadənin digər vəkili Sadiq Rəsulov da bildirib ki, jurnal dəyişdirilibsə belə, bu, yalnız rəhbərliyin razılığı ilə baş verə bilərdi: “Rəhbərlik də buna görə Nigar İsmayılzadəyə heç bir cəza, töhmət verməyib. Bu adamlar da gəlib ən yaxşı halda, jurnalın dəyişdirildiyini təsdiqləyə bilər. Bunun isə Nigar xanımın ünvanına səsləndirilən rüşvət ittihamına heç bir aidiyyəti yoxdur”.

N.İsmayılzadə özü də təsdiqləyib ki, tələbə Mirağayevin şikayətindən sonra yaradılan komissiya təlim-tədris prosesində müəyyən qüsurlar aşkarlayıb. Onlardan biri də jurnal məsələsi olub: “Komissiya bunu texniki qüsur kimi qiymətləndirib”.

Buna da bax:​ Yaponiya səfirinin bacısının adı gedən məhkəmə

Z.Mirağayevin vəkili Elçin Sadıqov hakimə BDU-nun rektoru Abel Məhərrəmovun əmrini çatdırıb. Həmin əmrdə fakültədə təlim-tərbiyə prosesinə gərəkən nəzarət göstərmədiyinə və digər məsələlərə görə N.İsmayılzadəyə xəbərdarlıq olunub.

N.İsmayılzadə də ona xəbərdarlıq edildiyini təsdiqləyib və bu əmrdən şikayət vermədiyini deyib: “Rektorun əmri müzakirə olunmur”.

Fakültənin iki müəlliminin dindirilməsi haqda vəsatət təmin edilib.

MÜSAHİBƏYƏ BAXIŞ KEÇİRİLİB

Daha sonra Z.Mirağayevin "Kanal 13" internet televiziyasına verdiyi müsahibə məhkəmədə nümayiş etdirilib. Dekan müavini məhkəməyə iddiasına həmin müsahibənin diskini də əlavə edib.

Buna da bax:​ BDU 'dekan müavini' olayı ilə bağlı açıqlama verəcək

Sözügedən müsahibədə Z.Mirağayev universitet rəhbərliyinin, konkret prorektorların N.İsmayılzadəni müdafiə etdiyini deyib. Bildirib ki, fakültədə əvvəllər rüşvət olmayıb:

“Nigar İsmayılzadə dekan müavini təyin ediləndən sonra vəziyyət dəyişib. Bu haldan tələbə və müəllimlər də narazıdır. Dəfələrlə dekana, rektora, Təhsil Nazirliyinə bu barədə məlumat vermişəm. Amma onlar məsələni araşdırmaq əvəzinə ört-basdır eləmək yolunu tutublar”.

Diskə baxış keçiriləndən sonra vəkil E.Sadıqov deyib ki, nümayiş etdirilən kadrlarda tələbə özünün və ya bir başqasının birbaşa N.İsmayılzadəyə rüşvət verməsindən danışmır. Bu səbəbdən diskə yenidən baxış keçirilib. Vəkil bu dəfə də eyni fikri səsləndirib. Amma N.İsmayılzadənin vəkilləri bu fikirlə razılaşmayıblar. Bildiriblər ki, həmin müsahibədə Z.Mirağayev dəfələrlə dekan müavininin adını çəkib.

Dekan müavininin tələbəyə qarşı məhkəməsi iyunun 14-də davam edəcək.

XS
SM
MD
LG