Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:32

Ölüm saçan yol


Bəhrəmtəpə -Biləsuvar yolu
Bəhrəmtəpə -Biləsuvar yolu

«Bu yol ölkənin cənub-qərb dəhlizini birləşdirir. İmişlinin dörd kəndi yolun üstündə yerləşir. Bərbad vəziyyətdədir. Bu yoldan bir dəfə keçən bir də keçməz».

İmişlinin Çaxırlı kəndinin sakinləri AzadlıqRadiosuna Bəhrəmtəpə -Biləsuvar yolunun vəziyyətindən danışırlar.

«RADİO SİZƏ YOL ÇƏKƏSİ DEYİL Kİ...»

AzadlıqRadiosu əvvəllər də yol haqqında yazmışdı. Təqribən 1 il 6 aydan sonra yolun birləşdirdiyi kəndlərin sakinləri «Qaynar xətt»ə təkrar müraciət ediblər. Onların deməsinə görə, həmin yazıdan sonra yerli dövlət qurumları onlara yolun təmirini vəd ediblər. Ancaq bu vəd hələ də yerinə yetirilməyib. Kənd sakini Qasım İsmayılov: «Dedilər, «yolun düzəlməsinə az qalıb. Radio, qəzet sizə yol çəkəsi deyil ki... Niyə dilinizi farağat qoymursuz». Tökülüşdülər, yolu sağdan-soldan ölçdülər, biz də sevindik ki, daha yol sarıdan əziyyətimiz olmayacaq. Guya üzü qışa təzə yolun bizim kənddən keçən hissəsinin çəkilişi olacaqdı».

Bəhrəmtəpə-Biləsuvar yolu İmişlinin Hacırüstəmli kəndinin sakinlərini də yorub. Kənd sakinləri AzadlıqRadiosuna bildiriblər ki, xəstələri rayon mərkəzindəki xəstəxanaya vaxtında çatdıra bilmirlər. Kənd mərkəzdən cəmi 46 kilometr aralıda olsa da, yolların bərbadlığı üzündən şəxsi taksilər sakinləri mərkəzə çatdırmaq üçün azı 20 manat alır. Sürücülər müştəridən yüksək xidmətpulu almalarını maşın hissələrinin bərbad yolda sıradan çıxması ilə əlaqələndirirlər. İkicə dəfə bu yolu şütüyən avtomobil mütləq təmirə gedir.

Bəhrəmtəpə -Biləsuvar yolu
Bəhrəmtəpə -Biləsuvar yolu

DƏRİN ÇUXURLAR

Əziyyətin bir hissəsi də Aranlı sakinlərinin üzərinə düşür. İskəndər Vahabov deyir, Sovet vaxtı salınan yolun bu kənddən keçən hissəsində tez-tez qəzalar baş verir: «Hətta ölümlə nəticələnən qəzalar da olub. Yağışlı havalarda su çuxurlara dolur, bu yoldan ilk dəfə keçən sürücülər də həmin dərin çuxurlara düşürlər. Palçıqlı havalarda avtomobillər palçıq üzərində hərəkət edə bilmir, toqquşurlar».

AzadlıqRadiosunun Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, İmişli rayonlarından keçən yolun nə vaxt təmir olunacağı ilə bağlı sualını İmişli və Biləsuvarın icra hakimiyyətindən cavablayıblar. Bu cavablar sakinləri qane edəcəkmi? Demək çətindir. Çünki hər iki qurumdan maliyyə vəsaitinin çatışmazlığı ilə bağlı yol təmiri layihələrindəki işlərin çevrəsinin daraldığı bildirilib.

XS
SM
MD
LG