Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:45

Lukaşenka Almaniyanın iki təşkilatının nümayəndəliyini bağlayır


Alyaksandr Lukaşenka
Alyaksandr Lukaşenka

Almaniya Belarusun iki tanınmış alman təhsil ocağının bu ölkədəki fəaliyyətinin tam qadağan edilməsinə dair qərarını kəskin pisləyib.

Minsk bu addımı Avropa İttifaqı Belarus üzərinə sərt iqtisadi sanksiyalar elan etdikdən sonra atıb.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü iyunun 30-da deyib ki, Berlin Alman dil və mədəniyyətinin bütün dünyada təşviqi ilə məşğul olan Göte İnstitutunun və Alman Akademik Mübadilə Xidmətinin bu ölkədəki fəaliyyətinin dayandırılması barədə qərardan “təəssüf hissi” keçirir.

Sözçü bunu da deyib ki, Belarus bu addımı avtokrat Alyaksandr Lukaşenkaya qarşı Avropa İttifaqının son sanksiyalarına cavab olaraq atıb.

Lukaşenka rejimi 2020-ci ilin avqust prezident seçkisindən sonra müxalifətin kütləvi aksiyalarına, vətəndaş cəmiyyəti nümayəndələrinə və müstəqil jurnalistlərə divan tutduğuna görə beynəlxalq təzyiq altındadır.

Müxalifət 9 avqust seçkisinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını və seçki nəticələrini tanımadığını bəyan edib.

Avropa İttifaqı, Birləşmiş Ştatlar və bir sıra başqa ölkələr də bu seçkinin nəticələrini və Lukaşenkanın legitimliyini tanımadıqlarını bildiriblər.

“Zərərçəkənlər Belarus vətəndaşları olacaq”

Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, Minskin bu qərarı Belarusun beynəlxalq aləmdəki təcridini daha da gücləndirəcək:

“Bu qərarın zərəçəkənləri Belarus vətəndaşlarıdır. Onlar sosial-mədəni fəaliyyətlərini davam etdirməkdən məhrum edilirlər”.

Bəyanatda qeyd olunur ki, sözü gedən iki Almaniya təsisatı onilliklər ərzində Almaniya, Avropa və Belarus arasında mədəniyyət və təhsil körpüsü rolunu oynayıb.

Almaniya XİN eyni zamanda Belarus hakimiyyətinə, etirazçı hərəkatın legitim tələblərinə uyğun olaraq ciddi milli dialoqa daxil olmaq çağırışlarını təkrar edib.

Ötən həftə Avropa İttifaqı Belarus iqtisadiyyatının Lukaşenka iqtidarına xarici valyuta gəliri gətirən sahələrinə sanksiyalar elan edib.

Bu sanksiyalar Ryanair aviaşirkətinin sərnişin təyyarəsinin zorla Minskə endirilməsinə və təyyarədə olan müxalifətçi jurnalist Raman Prataseviçi həbs etməsinə etiraz olaraq elan edilib.

Buna cavab olaraq Belarus özünün Avropa İttifaqındakı daimi nümayəndəsini geri çağırıb və blokun Belarusdakı daimi nümayəndəsinə “məsləhətləşmələr üçün” ölkəni tərk etmək təklifi edib.

Minsk habelə Belarusun Şərq Tərəfdaşlığı proqramında iştirakının dayandırıldığını elan edib.

Belarus hökuməti ona qarşı sanksiyalarda iştirakı olan Avropa rəsmilərinin Belarusa daxil olmasının qadağan ediləcəyini bildirib.

XS
SM
MD
LG