Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:28

Lukaşenkanın opponentləri üçün pasport tələsi


Xaricdəki mütəşəkkil müxalifətin bir qismi həbs riski ilə üzləşən belaruslular üçün çıxış yolu kimi öz pasportlarını yaradıblar.
Xaricdəki mütəşəkkil müxalifətin bir qismi həbs riski ilə üzləşən belaruslular üçün çıxış yolu kimi öz pasportlarını yaradıblar.

Belarusun səfirlikləri bundan sonra daha nə yeni pasportlar verəcək, nə də xaricdə yaşayan vətəndaşların pasportlarını yeniləyəcək. Belarusun rəhbəri Alyaksandr Lukaşenka sentyabrın 4-də bu barədə sərəncam verib. Sənədə ehtiyacı olan Belarus vətəndaşları vətənə gəlməli olacaqlar.

Rejimin tənqidçiləri burada onları Belarus təhlükəsizlik qüvvələrinin gözləyəcəyindən narahatdırlar. Hesablamalara görə, 2020-ci ilin avqustundan bəri 200 min – 300 min adam ölkəni tərk edib. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hesablamasına görə isə, bu rəqəm 500 mindir.

2020-ci ilin avqustunda Lukaşenka ziddiyyətli seçkilərin ardınca altıncı beş illik müddət üçün özünü prezident elan edib. Bu seçkidən sonra baş qaldıran etiraz dalğası Lukaşenkanın təhlükəsizlik qüvvələri tərəfindən yatırılıb. Yüzlərlə adam həbs edilib. Onların çoxu işgəncəyə məruz qoyulub, bir neçəsi isə təhlükəsizlik əməkdaşlarının əlində həyatını itirib. Müxalifət liderlərinə təzyiqlər artırılıb. Onların çoxu həbs edilib, qalanı isə ölkədən qaçmağa məcbur olub. Qərb Lukaşenkanı Belarusun legitim prezidenti kimi qəbul etməkdən imtina edib.

Belarus insan haqları qrupu "Vyasna" bildirir ki, hazırda ölkədə 1500 siyasi məhbus var.

Seçkilərdə Lukaşenkaya qalib gəldiyi deyilən, ölkəni tərk edərək Litvaya getməli olan müxalifət lideri Svetlana Tixanovskaya sentyabrın 4-də "The Associated Press"ə açıqlamasında belaruslulara xəbərdarlıq edib. "Hətta pasportunuzun vaxtı keçibsə belə, əgər sizi təqib edirlərsə, vətənə dönməməlisiniz", – o deyib.

Müxalifətin "yeni milli pasport"u

Müxalifətçilər və fəallar bu yeni qadağaların Lukaşenkanın opponentlərini həbs etmək üçün qurduğu tələ olduğunu deyirlər. Proqnozlara görə, onun bu addımından sonra daha çox belaruslu yaşadığı ölkədə siyasi sığınacaq və ya pasport almağa çalışacaq. Bundan başqa, mühacirətdə olan Belarus müxalifətinin buraxdığı "yeni milli pasport" da var. Ancaq o, hələlik, dünyada tanınmır.

Lukaşenkanın bu son qadağası ciddi qınağa səbəb olub. ABŞ-ın Belarusdakı səfirliyi X sosial şəbəkəsində bu hərəkəti "xaricdə yaşayan belaruslulara nəzarət etmək və onlara qadağalar qoymaq üçün daha bir repressiv addım" adlandırıb.

Lukaşenkanın sərəncamına görə, indi Belarus pasportu yalnız Belarus daxilində, sahibinin qeydiyyatda olduğu yerdə yenilənə bilər.

"Konsul xidmətlərinin ləğvi mühacirətdə olan belarusluları təhlükəli duruma salır. Vaxtı keçmiş pasportlarını yeniləmək üçün Belarusa dönməsələr, şəxsiyyətlərini təsdiq edən əsas sənədsiz qala, yaşadıqları ölkədə bir sıra əsas xidmətə çıxışdan məhrum ola bilərlər. Ancaq Belarusa qayıtmaları onların daha öncə rejim əleyhinə etirazlarda iştirakına görə həbsinə və təqibinə səbəb ola bilər", – Atlantika Şurasının qeyri-rezident təqaüdçüsü Hanna Lyubokova deyir.

"Məsələn, xaricdə yaşayan, vətəndə üçüncü şəxs vasitəsilə öz əmlakını satmaq istəyən belaruslu bunun üçün vəkalət verməlidir; ancaq indi bu, yalnız Belarus daxilində edilə bilər", – Tixanovskayanın hüquq müşaviri Krıstsina Rıxter AzadlıqRadiosunun Belarus xidmətinə deyib.

"Eyni şey daşınmaz əmlak və avtomobillərlə bağlı müqavilələrin notarial təsdiqi və dövlət qeydiyyatına da şamil edilir", – o deyir.

Bu il 100 belaruslu həbs edilib

"Vyasna" təşkilatının məlumatına görə, bu il ərzində xaricdə yaşayan 100-dək belaruslu vətənə dönən kimi həbs edilib. Lukaşenka hökuməti avqustda "Vyasna"nın özünü də "ekstremist təşkilat" elan edib. "Vyasna"da çalışan hüquqşünas Svyatlana Qolovneva deyir ki, bu say təqribidir, çünki təşkilat adətən kütləvi həbslərdən xəbər tutur. "Məsələn, iyunda 40 nəfər saxlanılmışdı", – o, "Nastoyaşeye Vremya"ya deyib.

Fəalların sözlərinə görə, artıq üç aydan artıqdır ki, vətənə dönən belaruslular sərhəddə daha ciddi yoxlanılır. Təhlükəsizlik rəsmiləri çox vaxt onların telefonlarını yoxlayır və onlara 2020-ci il seçkilərindən sonra baş qaldırılan etirazlarda iştirak edib-etmədikləri, hətta Rusiyanın Ukraynaya hücumuna münasibətləri haqda suallar verir.

Bir çox Belarus vətəndaşı üçün evə dönmək heç də asan deyil. Avropa şəhərlərindən Belarusa uçuşlara ciddi məhdudiyyət qoyulub. 2021-ci ilin mayında Belarus rəsmilərinin dissident bloqer Raman Prataseviçin də içində olduğu təyyarəni yerə endirmək üçün bomba təhlükəsi ilə bağlı saxta bildiriş verməsindən sonra Avropa Birliyi Belarusla bağlı uçuş və hava limanı qadağaları tətbiq etməli olub.

Quru yolu bağlıdır

Vətənə quru yolu ilə getmək istəyənlər üçün də variantlar get-gedə azalır. Belarusla həmsərhəd ölkələr yaranmış miqrant və təhlükəsizlik böhranı, habelə Minsklə gərginliyin artması fonunda keçid məntəqələrini bağlayırlar.

Polşa Belarusla sərhəddə yalnız bir keçid məntəqəsini açıq saxlayıb. Bu il Polşa əsilli jurnalistin həbsi və polşalı diplomatların ölkədən çıxarılmasından sonra bütün digər sərhəd keçid məntəqələri bağlanıb. Litva da altı keçid məntəqəsindən ikisini bağlayıb.

Avqustun 28-də Polşa və üç Baltik dövləti Rusiyanın "Vaqner" muzdlu döyüşçü qrupu ilə bağlı hər hansı kritik insident baş verərsə, Belarusla sərhədlərini bütünlüklə bağlayacaqlarına söz veriblər. Polşanın Daxili İşlər naziri Mariuş Kaminski "Reuters"ə verdiyi açıqlamada da bunu deyib.

Yüzlərlə "Vaqner" muzdlusunun Lukaşenkanın dəvəti ilə Belarusa gəlməsindən sonra Belarusla ümumi sərhədləri olan AB və NATO üzvləri - Latviya, Litva və Polşanın narahatlığı daha da artıb.

Bu ölkələr son aylarda sərhədi keçməyə çalışan Yaxın Şərq və Afrikadan gələn miqrantların sayının da ciddi artdığını görürlər. Onlar Belarusun bunu qəsdən təşkil etdiyini deyir, Minsksə bu ittihamları rədd edir. Qərb rəsmiləri bu hərəkəti Lukaşenkanın üçüncü dünya ölkələrindən olan miqrantlardan "silah kimi istifadə etməsi" adlandırırlar.

Belaruslu qızlar Lukaşenka ilə mübarizə aparmaq üçün xaricdə hərbi təlim keçirlər
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Lukaşenkanın xüsusi komissiyası

Fevralda Lukaşenka hökuməti, guya, evə dönüb-dönməməklə bağlı tərəddüd edən belaruslulara yardım etmək, onlara vətəndə həbs oluna bilib-bilməyəcəkləri haqda praktik məlumat vermək üçün xüsusi komissiya yaradıb. Hökumətin tənqidçiləri bu komissiyanın da Lukaşenkanın opponentlərini tapıb yerlərini öyrənə bilməsi üçün daha bir alət olduğunu deyirlər.

"Biz təkcə sözdə mühacirətdə olan müxalifətə baxmalı deyilik. Başqaları da ola bilər. Onlar çox yaxşı başa düşürlər ki, biz onları onsuz da tapacağıq. Kimsə komissiyaya müraciət edəcək. Siz də komissiyada hər şeyi həll edəcəksiniz", – Lukaşenkanın özü fevralın 6-da komissiyanın yaradılmasını elan edərkən deyib.

Xaricdəki mütəşəkkil müxalifətin bir qismi həbs riski ilə üzləşən belaruslular üçün çıxış yolu kimi öz pasportlarını yaradıblar. Onlar avqustun 6-da "yeni milli pasport"un yaradıldığını elan ediblər. Belarusun Birləşmiş Kölgə Kabineti adlı qrupun üzvü Valer Kavaleuski Varşavada keçirilən konfransda pasportun tanınması istiqamətində AB ilə danışıqların getdiyini deyib.

Beynəlxalq ictimaiyyətin, yaxud Belarus vətəndaşlarının bu sənədi qəbul edib-etməyəcəyi, hələlik, bilinmir. Ancaq bir çox təhlilçilər xaricdə yaşayan belaruslular arasında sığınacaq, yaşadıqları ölkənin vətəndaşlığı və pasportunu almağa çalışanların artacağını proqnozlaşdırırlar.

XS
SM
MD
LG