Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:00

Milabad sakinləri: '10 ildir kanal suyunun içində yaşayırıq'


Arxiv fotosu
Arxiv fotosu

"Burda hamı xəstəliyə tutulub. Kanaldan axıb gələn, məhəllələri, həyətləri basan duzlu suyun içində nə qədər yaşamaq olar?!. Bu gedişlə kənddə adam qalmayacaq".

Beyləqanın Milabad kənd sakini Gülzar Xankişiyeva AzadlıqRadiosu-na belə deyir.

Kənd sakinlərinin sözlərinə görə, təxminən 10 ildir ki, Araz çayına mənsub kanaldan kəndə axan suyun içində yaşayırlar.

Buna da bax:​ Qumuxda çaya dərman qutularını kim atıb?

“10 ildir bu zülmü çəkirik”

"Böyüklü-kiçikli, hamı xəstəliyə tutulub. Bronxlarımız, böyrəklərimiz, ciyərlərimiz sıradan çıxıb. Revmatizmdən əziyyət çəkməyən sakin yoxdur. Uşaqlar xəstə doğulur. 10 ildir ki, bu zülmün içindəyik”.

- Deyirsiniz ki, 10 ildir bu problem mövcuddur. Bu müddətdə hökumət qurumları hansı tədbirləri görüb?

- Hansı tədbirdən danışırsınız, 10 ilə yaxındır qapılarında sürünürük. Nə rayonun icra hakimiyyəti, nə su kanal idarəsi, nə suvarma sistemləri idarəsi, nə meliorasiya idarəsi müraciətlərimizə baxır. Daha doğrusu, gedirik, toplaşıb dirəşirik qapılarına, su çəkən nasoslarla gəlib həyətlərdən suları çəkib gedirlər. Bununla da işlərini bitmiş sayırlar".

Buna da bax: Köçkün: "Başımıza sidik axıdılır"

Yay günəşinin gücü çatmır?

Kənd sakini Səfayə Sultanova deyir, küçədə, həyət-bacada, yay-qış, uzunboğaz çəkmədə gəzirlər. Hətta küçələrdəki suyu buxarlandırmağa yay günəşinin də gücü çatmır:

"Su kəndə fasiləsiz axır deyə, heç günəş şüası buxarlandırmaqla da yer qurumur. Hər gün dayanmadan həyətlərimizdən vedrələrlə su yığıb küçəyə tökürük. Küçədən təzədən həyətə qayıdır. Elə vaxt olur, su evlərimizə dolur. Və bu vəziyyət 10 ildir davam edir. Uşaqlarımız səhərdən axşamadək duzlu suyun içində oynayır, hamısının da canı xəstə...".

Kənddəki evlərin xeyli hissəsi qəzalı vəziyyətə düşüb. Kənd məktəbinin və başqa inzibati binaların ətrafında da eyni mənzərə gözə dəyir.

Burada kəndlilərin ənənəvi məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Amma bu problem üzündən artıq illərdir ki, kəndlilər həmin məşğuliyyətdən və ruzilərindən də uzaq düşüblər.

Buna da bax:​ Gəncə sakini: 'Hökumətdən heç nə istəmirik, yaşamağa imkan versin'

“Problemin köklü həllinə çalışırıq”

Beyləqan Rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, bu problemlə Beyləqan Su Kanal İdarəsi və Meliorasiya İdarəsi məşğul olmalıdır: "Tapşırıq verilib, su nasosları vasitəsilə həyətlərdəki sular çəkilir. Bu problem ilin müəyyən vaxtlarında olur".

İcra hakimiyyətindən bildirilib ki, əlaqədar qurumlar problemin köklü həllinə çalışırlar.

XS
SM
MD
LG