Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:17

Vəkil: 'Cahangir Hacıyevə ciddi qərəz hiss olunur'


Cahangir Hacıyev
Cahangir Hacıyev

"Bu iş üzrə ibtidai istintaq aparılmayıb. Əfsuslar olsun ki, birinci instansiya məhkəməsində də faktiki istintaq aparılmadı. Ona görə pənahımızı bura gətirmişik ki, bəlkə siz aparasız..."

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev belə deyir.

Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunanlardan daha dörd nəfər - Fındıq Emalı Zavodunun direktoru olmuş Azad Cavadov, bankın keçmiş filial müdirləri Məmməd Cahangirov, Yusif Ələkbərov və Beynəlxalq Bankın strukturlarının mühafizəsini gerçəkləşdirən "İntersecurity" MMC-nin rəhbəri İbrahim Hüseynov dekabrın 9-da yenidən məhkəmə qarşısına çıxarılıb. Bakı Apelyasiya Məhkəməsində onların şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Buna da bax:​ 'Nazirlik iki bankın öhdəsindən gələ bilmədi'

“TƏQSİRSİZLİK PREZUMPSİYASI POZULUB”

C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bankirin və o biri təqsirləndirilənlərin zaldakı səskeçirməyən şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsinə imkan verilməsini istəyib. Vəkil bildirib ki, onların müdafiəçiləri ilə məsləhətləşməsi baxımından bu vacibdi.

Amma Əflatun Qasımovun sədrlik etdiyi, Vüqar Məmmədov və Əmir Bayramovdan ibarət hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Ardınca Cahangir Hacıyevin vəkillərinin daha üç vəsatəti olub.

Buna da bax: Beynəlxalq Bankın rəhbərliyi yenə dəyişdirildi

Fəxrəddin Mehdiyev C. Hacıyevin əməlində cinayət tərkibi olmadığını deyib və bu səbəbdən cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb: "Bu proses əvvəldən ədalət mühakiməsinin prinsiplərinin pozulması ilə müşayiət olunub. Bu işə qanun əsasında, ədalətlə baxılmayıb. Amma lap başdan olduğu kimi, bu gün də Cahangir Hacıyevə ciddi qərəz hiss olunur. C. Hacıyev 38 gün qanunsuz olaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Müdafiə tərəfinin məhkəməyə müraciətindən sonra oradan istintaq təcridxanasına köçürülüb. Həyat yoldaşına əsassız cinayət işi başlanıb, bacısının ölkədən çıxışına məhdudiyyət qoyulub. Biz ilk gündən demişik ki, bu işlərin başında Maliyyə Nazirliyi durur. Amma Maliyyə Nazirliyi məhkəmənin gedişində açıqlama yayıb, gah 3, gah da 6 milyard vəsaiti Cahangir Hacıyevin ölkədən çıxartdığını bildirir. Ümumiyyətlə, Cahangir Hacıyevə münasibətdə addımbaşı təqsirsizlik prezumpsiyası pozulub".

Buna da bax:​ C.Hacıyev: 'Yarıtmaz devalvasiyanın müəllifi maliyyə naziridir'

“SƏNƏDLƏR 3-4 SAATA ELAN OLUNDU”

Bankirin digər vəkili Aqil Layıcov apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (sənədlərin, əlavə sübutların tədqiqi, şahidlərin dindirilməsi) baxılması haqda vəsatət qaldırıb. Deyib ki, Beynəlxalq Bank işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən qaldırdıqları 30-a yaxın vəsatətin heç biri təmin olunmayıb: "Məhkəmə ittiham aktını hökmə köçürüb, hətta riyazi hesablamalar da aparmayıblar. 24 cildlik iş materiallarındakı sənədlər cəmi 3-4 saata elan olundu. Bu da mümkünsüzdü. Bu baxımdan, mütləq şikayətimizə məhkəmə istintaqı aparılmaqla baxılmalıdı".

Aqil Layıcovun başqa bir vəsatəti Cahangir Hacıyev barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqda olub.

Buna da bax: Maliyyə Nazirliyi Cahangir Hacıyevin ittihamına cavab verdi

Məhkəmə qısa müşavirədən sonra vəsatətlərin heç birinin təmin olunmadığını açıqlayıb. Apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar verilib. Məhkəmə baxışı dekabrın 23-nə təyin olunub.

XATIRLATMA

Cahangir Hacıyev 2015-ci dekabrın 5-dən həbsdədi. O, bu il oktyabrın 14-də mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlarla 15 il azadlıqdan məhrum edilib. C. Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb, həmin vəsaitlərin özü və yaxınları tərəfindən mənimsənilməsində suçlu bilinir.

Buna da bax: 'Cahangir kölgəsindən qorxan adamdır'

Amma C. Hacıyev ittihamları qəbul etmir. Həbsinə görə isə Maliyyə naziri Samir Şərifovu günahlandırır.

XS
SM
MD
LG