Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:48

Dörd binanın sakini İlham Əliyevdən cavab gözləyir


'Xruşşovka' sakinləri etiraza qalxır
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

'Xruşşovka' sakinləri etiraza qalxır

«Yasamal rayonunda söküntü layihəsinə cəmi 18 qəzalı bina salınıb. Ancaq görünən odur ki, məmurlar qəzalı binaları kənara qoyub, onlara daha çox pul qazanmaq imkanı yaradan ərazilərdəki möhkəm binaları sökmək fikrinə düşüblər. Məsələn, bizim 8-bloklu 112-mənzilli, 5-mərtəbəli daş binalar heç vaxt təmir olunmasa da, istinad divarları möhkəmdir. Hər iki bina zəlzələyə davam gətirən binalar sırasındadır. Bu binaların həyətində 334 ədəd müxtəlif növ ağac və 65 ədəd gül kolları var. Binalarımızla bərabər bu yaşıllıqlar da məhv olacaq».

Bu cümlələr Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 174, 176, 180 və 182 saylı binaların sakinləri tərəfindən ölkə başçısı İlham Əliyevə ünvanlanıb. Sakinlər söküntü qərarlarının ləğvini xahiş edirlər.

Keçmiş icra başçısı hələ vəzifədə olarkən, bu binaların sökülməsi ilə bağlı 22 iyun 2017-ci il tarixli, 195 saylı sərəncam imzalayıb. Binaların söküntüsü və yerində yenilərinin tikintisini elə yenicə yaradılmış «Qismət-M Construction» MMC və «SKY Residence» MMC gerçəkləşdirəcək.

***Buna da bax-Yasamal sakinləri: 'İlham Əliyev dovşana qaç, tazıya tut deyir'

«HAMISI BİR-BİRİYLƏ ƏLBİRDİR»

174 saylı binanın sakini Mehman Səlimov AzadlıqRadiosuna deyir ki, binaları sökmək istəyənsə bundan əvvəl «Ovçular Evi»ni söküb ətrafındakı yaşıllıqları məhv edən şirkətdir:

«Orada söküntü dayandırıldı, şirkət rəhbəri cərimələndi. Yağlı tikə ağızlarından çıxdı, indi də keçiblər bizim tərəflərə... Səbəb də odur ki, binalarımız yaşamağa əlverişli yerdədir, bir tərəfdə metro, Bakının hər tərəfinə marşrut xətti, yaşamaq üçün bütün şərtlər... Belə yağlı tikəni kim ağzından qaçırar?..».

Sakinlər tələb edirlər ki, binalar ekspertizadan keçirilsin, ancaq bu iş ictimai nəzarətlə və müstəqil ekspertlərin də iştirakı ilə görülsün:

«Hamısı bir-biri ilə əlbirdir. Fövqəladə Halları görürlər, oradan da gəlib baxış keçirib, gedib «qəzalıdır» deyə bir saxta rəy verirlər. Bu ölkənin hansı yazılmamış qaydalarla idarə olunduğunu bu ölkənin bağçaya gedən uşağı da yaxşı anlayır. Düzdür, tikiləcək binalardan bizə də ev veriləcək, ancaq axı söküntüsünə ehtiyac olmayan binaları sökməklə büdcənin anasını ağlar qoyurlar. Belə bir vaxtımızda bu bizə lazımdırmı?».

Haraları sökəcəklər?- Bakının yeni baş planı hazırdır
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

«HƏMİN İŞADAMI YENƏ PEYDA OLUB»

Prezident İlham Əliyevə yazan sakinlər qeyd edirlər ki, Yasamal rayonu ərazisində boş torpaq sahəsi qalmayıb:

«Yaşıllıqlar məhv edilib. Torpaqları yüksək qiymətlərə sataraq, binaların ara məsafələrini normadan qat-qat az məsafədə kiçildiblər. Bir yanğın, uçqun baş verərsə, bir-birinə sıx binalardan insanların çıxarılması belə mümkün olmayacaq. 2014-cü ildə sənəddə 164 saylı ərazi göstərilsə də, gerçəkdə 162 və 166 saylı binaların arasındakı ərazi 850 min manata bir işadamına satılıb. İşadamı da həmin ərazidə 10 metr hündürlükdə 4-mərtəbəli iaşə obyekti tikmək istəyirdi. Hansı ki, onun tikinti aparacağı ərazidə ətrafda yerləşən binalara gedən qaz boruları, su və istilik təchizat xətləri, o cümlədən metronun havalandırma sistemi, metroya aid kabel xətləri keçir. Sakinlərin etirazı ilə rastlaşdıqdan sonra həmin ərazidə tikinti dayandırıldı. İndi həmin işadamı yenə peyda olub, sakinlərə acıq verir ki, binalar sökülən kimi tikintiyə başlayacaq. Hörmətli prezident, bizim artıq bu işbazlarla mübarizə aparmağa gücümüz qalmayıb, bəlkə bunları siz durdurasız?..».

***Buna da bax-'Xruşşovka'ların yerində 20-30 mərtəbəli binalar tikiləcək

«ÖZ MƏNZİLLƏRİNƏ QAYIDACAQLAR»

Yasamal Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, sakinlərin narahatçılığına əsas yoxdur:

«Deyilənlər həqiqətəuyğun deyil. Bu binalar müvafiq orqanların verdikləri rəylər əsasında siyahıya alınıb və həqiqətən də qəzalı binalardır. Sovet vaxtından inşa olunub və heç vaxt təmir-bərpa işləri aparılmayan binalardır. Layihəyə uyğun olaraq, sakinlərə müvəqqəti məskunlaşmaq üçün kirayəpulu verilir və qısa müddət ərzində öz ünvanlarında yeni tikilmiş binaya - öz mənzillərinə qayıdacaqlar».

Bundan əvvəl - 2015-ci ilin dekabr və 2016-cı ilin sentyabrında keçmiş icra başçısı İbrahim Mehdiyevin rəhbərliyi ilə Yasamal rayonunun başqa ərazilərində də söküntü işləri aparılıb, sakinlər məcburi kirayə evlərə köçürülüblər. Onlara 1 il 6 ay ərzində inşa olunacaq yeni binalardan mənzillər vəd edilsə də, «Qaynar xətt»ə bildiriblər ki, tikintilərin heç yarısı da həyata keçirilməyib.

Bu ilin iyulunda eyni küçədə, sökülməsi nəzərdə tutulan 162 saylı beşmərtəbəli binanın sakinləriylə «SKY Residence» MMC nümayəndələri arasında qarşıdurma olub. Həmin vaxt sakinlər «Qaynar xətt»ə bildirmişdilər ki, onlar nəinki sökülməyə, heç təmir-bərpaya da ehtiyacı olmayan binanın sökülməsini işbazların fırıldağı hesab edirlər və bu oyunların qurbanına çevrilmək istəmirlər.

XS
SM
MD
LG