Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:23

'Ermənistanın 10 minlik ordusu hələ də Azərbaycandadır'


E.Blinken və İ.Əliyev
E.Blinken və İ.Əliyev

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken martın 21-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon danışığında “Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət” müzakirə olunub.

Məlumata görə, Azərbaycan prezidenti deyib ki, “bu yolun blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır”:

“Prezident vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur.”

Məlumata görə, İlham Əliyev “Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb”:

“Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır. Son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib.”

Məlumata görə, dövlət katibi Entoni Blinken vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək.

Danışıqlar

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqıları aparılır.

Tərəflər arasında, hələlik, sülh müqaviləsi bağlanmayıb. ABŞ Avropa İttifaqının formatını müdafiə edir.

Azərbaycan rəsmiləri “Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılması” təklifini bundan əvvəl də sələndirib. Amma nə Ermənistan , nə də Rusiya bu təklifə müsbət yanaşır.

Bu ilin fevralında Azərbaycanda olarkən Rusiya Xarici İşlər naziri Sergey Lavrov da demişdi ki, üçtərəfli bəyanatda bu nəzərdə tutulmayıb. Ermənistan isə öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmadığı haqda deyilənləri qəbul etmir. Onlar deyirlər ki, Qarabağın “ müdafiə ordusu” onlara aid deyil. Üstəlik, Ermənistan Qarabağa hərbi yük daşımaları barədə ittihamları da "dezinformasiya" adlandırıb.

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirdirlər.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Onda Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG