Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:49

Avtoritarlar göründüklərindən daha zəifdirlər - Qərb mediası


G20 sammitində (Arxiv fotosu)
G20 sammitində (Arxiv fotosu)

Pandemiyanın ikinci ilində dünya avtoritarları kollektiv şəkildə dünyanın inandığından daha zəif durumdadırlar

“Çin prezidenti Si Tsinpin texnologiya nəhəngləri üzərinə hücumlar edir, Tayvanın başı üzərində qılınc oynadır, kosmosda hipersonik raketləri sınaqdan çıxarır. Türkiyə prezidenti Recep Tayyip Erdoğan qlobal maliyyə bazarlarına meydan oxuyur, qısa müddətdə 10 səfiri ölkəsindən qovmaqla hədələyir və Moskvada prezident Vladimir Putin Ukrayna sərhədinə ABŞ-ı müdaxilənin reallığına inandıracaq qədər qoşun yığır. Pandemiyanın iki ili bir çox demokratiyaları əldən salıb, amma dünya boyunca avtoritarlar cürətlənib. Lakin onların bəzən təntənəli, bəzən də davakar ritorikalarını azacıq qaşıyanda, altından bu qüdrətlilərin ölkələrinin daxilindəki zəifliyi üzə çıxır, çünki pandemiya onlar üçün də asan olmayıb”.

Bloomberg saytında dərc edilmiş “Avtoritarlar göründüklərindən daha zəifdirlər” başlıqlı məqalədə deyilir ki, avtoritarlar COVID-19 pandemiyası sınağından demokratik ölkələrdəki həmkarlarından heç də daha yaxşı çıxa bilməyiblər.

Məqalədə deyilir ki, öz ölkələrində kövrəklik, xaricdə isə özünəinam sabitsizliyə və riskə aparan düsturdur.

Müəllifin firkincə, pandemiyanın əvvəllərində avtoritarlar sanki bir qrup kimi mənfi ictimai və iqtisadi reaksiyadan daha yaxşı müdafiə olunmuşdular.

Si sərt karantinlər tətbiq etmiş, Putin xəstəliyin təhlükəli olmadığını iddia etmişdi. Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka isə COVID-i araq içmək və traktor sürməklə müalicə etməyi məsləhət görmüşdü.

Amma indi pandemiya sərtləşdikcə bu fəndlər işləmir.

Rusiya rekord COVID ölümlərini azaltmağa çalışır, ailələr yoxsullaşır, Putinin reytinqi düşür. Çinin sərt karantin qaydaları 2021-ci ilin birinci rübündə iqtisadiyyatın dirçəlməsi və 18.3 faiz artımla nəticələnmişdisə, sonradan iqtisadi artım səngidi. Erdoğana gəldikdə isə, müəllifin təbirincə deyilərsə, o ölkəsindəki iqtisadiyyatın “uzun COVID-inin” öhdəsindən gələ bilməyib.

Gələcəyin avtoritarları - populistlər

Bloomberg yazır ki, pandemiya ABŞ da daxil, bir çox demokratiyaları da bəlaya salıb. Amma Bolqarıstanda mənzillənmiş Liberral Tədqiqatlar Mərkəzindən İvan Krastev demişkən, pandemiyanın belə çətin mərhələsində demokratiyaların dadına onların bir üstünlüyü yetişir.

Seçkili hökumətlər pandemiyanın öhdəsindən gələ, vətəndaşların həyatını qoruya bilməyəndə bunun bədəlini seçki qutularında ödəyir, hakimiyyəti tərk edərək ölkəni yaralı da olsa, salamat buraxırlar.

Məqalədə deylir ki, bu, gələcəyin avtoritarları olan populistlər üçün də doğrudur. Onlar hələ bundan sonra mənalı seçki sınağından keçməlidirlər.

Pandemiya ilə mübarizədə uğursuzluğuna görə Donald Tramp, lap bu yaxınlarda isə Çexiyanın baş naziri Andrey Babiş məğlub oldular. Krastev deyir:

“Biz hazırda populist dövrənin sonunu görürük. Amma seçkiləri saxtalaşdıran və ya heç saymayanlar üçün belə bir dövrə yoxdur. Avtokratiyalarda bütün problemlərə sistemin özü sahiblənir”.

Çox böyük “əgər”

Bloomberg yazır ki, ötən oktyabrda Moskvada keçirilən bir qlobal siyasət forumunda Putin rahat və özünəinamlı görünürdü. O iddia edirdi ki, pandemiya ABŞ-ın hegemon olduğu liberal dünya nizamının sonunu gətirib.

Rusiya politoloqu və Valday Diskussiya Klubunun təsisçilərindən biri - Sergey Karaqanov iddia edib ki, COVID böyük bir müharibə kimi qüvvələr balansını Rusiyanın xeyrinə dəyişdirib.

O deyib ki, “Rusiyanın vəziyyəti heç vaxt bu qədər yaxşı olmayıb: Çin müttəfiqdir, Qərb xaosdadır, odur ki, bizim söhbət edəcəyimiz opponent qalmayıb”.

Karaqanov əlavə edib ki, “pandemiyasız və ya pandemiya ilə, əgər Rusiya yaxşı iqtisadi siyasəti davam etdirsə və demokratiyanın bəzi əlamətlərini qaytarsa, hər şey yaxşı olacaq”.

Müləllif yazır ki, Karaqanovun cümləsindəki “əgər” sözü çox böyük “əgər”dir.

Rusiyalılar Qərblə əməkdaşlığı və investisiyanın yolunu kəsən siyasətlərə görə ilbəil gəlirlərinin azaldığını müşahidə ediblər. Sentyabr seçkisi ərəfəsində Putinin siyasi opponentləri üzərinə misli görünməmiş hücumlar edilib.

Vaksini ilk təsdiqləyən Rusiyada yalnız 35 faiz peyvənd olunub

Məqalədə deyilir ki, bunlardan heç biri ölkə daxilində inama xidmət etmir. Prezident Corc Buşun hakimiyyətində ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü olmuş Tomas Qraham deyir ki, Kremldə rusiyalıların xobəxt olmadıqlarını yaxşı bilir və buna görə də onlar üçün təhlükə yaradacaq nə varsa, əzməyə çalışırlar.

Məqalədə deyilir ki, Putini də Si kimi yaxın gələcəkdə vəzifəsini itirmək riski gözləyir, amma onlar indilik enerji qiymətlərinin bahalığından faydalanırlar. Rusiyalı politoloq Dmitri Suslov deyir ki, hətta koronavirusa qarşı vaksinin yaradılmasına baxmayaraq hakimiyyətlə vətəndaşlar arasında etimadsızlıq aradan qalxmayıb:

“Rusiyalıların peyvənd olunmaq üçün vaxtları dünyanın başqa yerlərindəki əhalidən xeyli uzun olub. Buna baxmayaraq indiyədək ölkə əhalisinin yalnız 35 faizi peyvənd olunub. Bu, mövcud atmosferi, dövlətə olan ümumi inamsızlığı nümayiş etdirir. Vacib deyil ki, bu etirazlarla nəticələnsin. Əvəzində laqeydlik və yadlaşma prosesi gedir”.

Portulqaliyada keçmiş Avropa məsələləri naziri Bruno Masayeş deyir ki, Çində Kommunist Partiyası lap əvvəldən koronavirusa ölkənin milli təhlükəsizliyinə hədə kimi yanaşıb. Lakin bu, Çin rəhbərliyini dünya ekspansiyası siyasətindən çəkindirməyib, Sinin texnoloji şirkətlər üzərinə marksistsayağı təzyiqi güclənib.

Masayeşin fikrincə bütün bunların eyni vaxtda baş verməsi bir çox çinliləri üzüb.

Pandemiya Erdoğan tərəfdarlarını daha sərt vurub

Məqalədə deyilir ki, Sinin COVID-ə reaksiyası Erdoğanın reaksiyası ilə müqayisə oluna bilər.

Populyarlığının azalması ilə üzləşən Erdoğan mərkəzi bankı uçot dərəcələrini azaltmağa məcbur edib. Oktyabrda inflyasiyanın 19.9 faizə çatmasına rəğmən iqtisadiyyata kreditlər yatırıb.

Müəllif yazır ki, keçmişdə, seçkiqabağı belə gedişlər iqtisadiyyatı ayaqda saxlasa da, indi Türkiyə valyutasının rekord səviyyədə dəyərdən düşməsinə səbəb olub, iqtisadiyyatın ucuz ixracatdan qazandıqları silinib. Bugün Türkiyə lirəsinin məzənnəsi 2012-ci ildəki məzənnənin yalnız beşdə biri qədərdir.

Məqalə müəllifinin firkincə, Erdoğanın hakimiyyətdən möhkəm yapışması onun siyasi dəstəyinin özəyi olan daha yoxsul türklərin pandemiyadan daha çox ziyan görməsi ilə nəticələnib.

Berlindəki Robert Bosch Academy analitik mərkəzinin eksperti Galip Dalayın fikrincə, “indi türkləri özbaşına buraxıblar”.

Ekpsert bunu da vurğulayır ki, müxalifət böyük şəhərlərdə nəzarəti ələ alıb.

Köhnə “oyun kitabları” işə yaramır

O bildirir ki, Erdoğan son illərdə Putinin taktikasından nümunə götürərək populyarlığını artırmaq üçün Azərbaycan, Liviya və Suriya kimi əməliyyatlar vasitəsilə milli qürur faktorundan faydalanmağa çalışıb.

Dalayın fikrincə, indi ilk dəfə olaraq Erdoğanın başı həqiqətən də real bəladadır.

Control Risks analitik mərkəzindən Oksana Antonenko deyir ki, Erdoğan və Putinin köhnə “oyun kitabları” daha işə yaramır.

Buna baxmayaraq, Rusiyanın Lukaşenkaya dəstəyini davam etdirməsi, Ukrayna sərhədinə böyük qoşun cəmləşdirməsi göstərir ki, Kremlin “alət qutusunda” heç bir dəyişiklik baş verməyib.

Ekspertin fikrincə, hərbi təcavüz bundan sonra Putinə daxili auditoriyada çətin ki, alqışlar qazandırsın. Son rəy sorğuları göstərir ki, ölkə əhalisinin yalnız 32 faizi Rusiyanın böyük dövlət statusunun ən əsas məsələ olduğunu düşünür. Qalan 66 faizi gündəlik güzaran narahat edir.

Antonenko bildirir ki, indi ən böyük risk vəziyyətə adaptasiya oluna bilməyən rejimin kövrəkliyidir.

Məqalədə deyilir ki, Sinin hazırda Çin üzərində hökmü yalnız Mao Tze Dundan bir qədər azdır. Amma pandemiyanın ikinci ilində dünya avtoritarları kollektiv şəkildə dünyanın inandığından daha zəif durumdadırlar.

XS
SM
MD
LG