Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:41

Azərbaycan BMT-də Rusiya ilə bağlı üçüncü səsvermədə də olmadı


BMT Rusiyaya qarşı qətnamə qəbul etdi
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

BMT Rusiyaya qarşı qətnamə qəbul etdi

BMT-nin Baş Assambleyası aprelin 7-də keçirilən səsvermə ilə Rusiyanı İnsan Haqları Şurasından xaric edib.

Qətnamədə deyilir ki, Rusiya barəsində bu addım Moskvanın Ukraynaya müdaxilə ilə insan haqlarını sistematik və kobud şəkildə pozmasına görə atılıb.

Qətnamənin leyhinə 93 ölkə, əleyhinə 24 ölkə səs verib. 58 ölkənin nümayəndələri bitərəf qalıb.

Azərbaycan Rusiya ilə bağlı son vaxtlar keçirilən üçüncü səsvermədə də iştirak etməyib.

Səsvermədə iştirak etməyən ölkələr təsnifatda ayrıca qeyd olunur.

Bunlar Azərbaycandan başqa, Ermənistan, Benin, Burkina Faso, Cibuti, Ekvatorial Qvineya, Qvineya, Livan, Mavritaniya, Mərakeş, Ruanda, San-Tome və Prinsipi, Solomon adaları, Somali, Türkmənistan, Venesuela və Zambiyadır.

Keçmiş sovet respublikalarından Gürcüstan və Baltik respublikalarlı Rusiyaya qarşı qətnaməni dəstəkləyiblər.

Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Belarus qətnamənin əleyhinə səs veriblər.

Türkiyə qətnamənin leyhinə, İran və Çin əleyhinə səs veriblər.

Beləliklə ABŞ tərəfindən təqdim olunmuş qətnamə böyük səs çoxluğu ilə qəbul olunub və Rusiya 47 üzvü olan İnsan Haqları Şurasından çıxarılıb.

Ukraynanın xarici işlər naziru Dmitro Kuleba qətnamənin leyhinə səs verən ölkələrə Ukraynanın minnətdarlığını bildirib.

Beləliklə Rusiya şurada çıxış etməkdən və səs verməkdən məhrum edilir, amma onun diplomatları iclaslarda iştirak edə bilərlər.

Səsvermə nəticələrini göstərən tablo
Səsvermə nəticələrini göstərən tablo

***

Bu gün, aprelin 7-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının Rusiyanın həmin qurumun İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı səsvermə keçirəcəyi gözlənir. Bu məsələ Ukraynanın işğal altında olan ərazilərində mülkü əhalinin kütləvi qətl edilməsi ilə bağlı şikayətlərdən sonra gündəmə gəlib. Rusiyanın Ukraynaya bu il fevralın 24-də növbəti təcavüzündən sonra BMT-də bu ölkə ilə bağlı artıq iki dəfə səsvermə keçirilib və səs çoxluğu ilə qətnamələr qəbul edilib.

Martın 2-də BMT Rusiyanın Ukraynaya müdaxiləsini pisləyən, bu ölkənin qoşunlarının dərhal Ukraynadan çıxarılmasını tələb edən qətnaməni böyük səs çoxluğu ilə dəstəkləyib. Səsvermədə qətnaməni 193 ölkədən 141-i müdafiə edib. 35 ölkə bitərəf qalıb, beş ölkə əleyhinə səs verib. Azərbaycan isə səsverməyə, ümumiyyətlə, qatılmayıb.

BMT Baş Assambleyasında martın 24-də Ukraynada dinc əhalinin və mülki infrastrukturun müdafiəsinə çağıran və bu ölkədə müharibəyə dərhal son qoyulmasını tələb edən növbəti qətnamənin lehinə isə 193 üzv ölkədən 140-ı səs verib. Ancaq Azərbaycan yenə də səsverməyə qatılmayıb.

Bəs bu dəfə Azərbaycan nə edəcək? Əvvəlki iki səsvermədə iştirak edib qətnamələrin dəstəklənmədiyinə görə Azərbaycan müxalifətindən tənqidlər səslənmişdi.

E.Mirbəşiroğlu
E.Mirbəşiroğlu

"Doğru deyil"

Hələlik, suala Azərbaycanın BMT-dəki diplomatlarından münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu "Turan"a bildirib ki, Ukrayna-Rusiya məsələsində həqiqətin harada olduğunu tam dəqiqləşdirmək çox çətindir: "Tərəflər qarşılıqlı şəkildə bir-birlərini feyk məlumatların yayılmasında günahlandırırlar. Ümumiyyətlə, müasir dövrdə odlu silahdan çox informasiya silahından istifadə edilməkdədir".

Onun fikrincə, Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasından çıxarılması kimi addımlarla bağların qırılması doğru deyil: "Kanada Rusiya diplomatlarının ölkədən çıxarılmasından imtina edərək bildirib ki, Rusiya ilə təmasları saxlamaq vacibdir. Yəni, tətbiq olunan sanksiyaların əks-effekti də var. Bu baxımından, əgər tərəflər arasında münasibətləri tənzimləmək istəyi varsa, Rusiya ilə birtərəfli qaydada təmasları bu həddə kəsmək doğru deyil".

Azərbaycan özünü Rusiyaya qarşı sanksiyaların hədəfinə çevirə bilər
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

Komitə üzvü Azərbaycanın əvvəlki səsvermələrdə iştirak etməməsinə dair fikirlərə belə münasibət bildirib: "Azərbaycan bütövlükdə beynəlxalq proseslərin fəal iştirakçısı olan bir ölkədir. Görünür, hansısa texniki səbəbə görə bizim nümayəndəmizin mövqeyini nümayiş etdirmək mümkün olmayıb. Amma bütün hallarda Azərbaycan özünün milli maraqlarına uyğun, eyni zamanda, gələcək əməkdaşlıq perspektivləri maraqlarından çıxış edərək beynəlxalq proseslərdə iştirak edir".

"Putinlə münasibətlərini pisləşdirmək istəmir"

Siyasi şərhçisi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərini pisləşdirmək istəmir: "Məhz bu səbəbdən də Azərbaycan istər BMT-də, istər Avropa Şurasının Nazirlər Komitəsində toplantıdakı səsvermədə iştirak etməyib".

A.Qasımlı
A.Qasımlı

O, Azərbaycanın səsvermədə iştirak edib qətnamənin əleyhinə səs verməsi variantı barədə isə bunları deyib: "Amma bu səfər Ukrayna ilə münasibətlərini korlamaq istəmədilər. Ona görə, hər zaman elə görüntü yaradırlar ki, sanki yoxdurlar. Əsas motivi Rusiya ilə münasibətləri korlamamaqdır və İlham Əliyev Vladimir Putinlə imzalanan müttəfiqlik bəyannaməsinə uyğun hərəkət edir".

4-cü maddə

Bu il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıblar.

Həmin sənədin 4-cü maddəsində yazılıb: "Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla, o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla, konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər". Amma bu sənəd Azərbaycan parlamentində ratifikasiya edilməyib.

Beynəlxalq aləm Rusiyanı Ukraynada kütləvi qırğında günühlandırır
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur.

Ukrayna prezidenti Vladimir Zelenski isə aprelin 5-də BMT Təhlükəsizlik Şurasını Rusiyanı onun ölkəsində törətdiyi cinayətlərə görə tam məsuliyyətə cəlb etməyə çağırıb. BMT Təhlükəsizlik Şurasının iclasına videobağlantı ilə qatılan Zelenski Rusiya qoşunlarının tərk etdiyi Buça şəhərində çoxsaylı cinayət aktları törətdiyini söyləyib. Ukrayna prezidenti deyib ki, adamlar evlərində, küçələrdə öldürülüblər, maşınlarının üstündən tanklar sürülüb. Rusiya tərəfi isə, öz növbəsində, belə iddiaları feyk məlumatlar adlandırıb.

XS
SM
MD
LG