Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:40

Ekzit-poll Britaniya mühafizəkarlarına qələbə vəd edir, amma..


Baş nazir Boris Johnson öz iti ilə seçki məntəqəsindən çıxır
Baş nazir Boris Johnson öz iti ilə seçki məntəqəsindən çıxır

Britaniyada keçirilən ekzit-poll baş nazir Boris Johnson-un Mühafizəkar Partiyasının dekabrın 12-də İcmalar Palatasına keçirilən seçkidə liderlik etdiyini göstərir.

Ekzit-pollun nəticələri seçki məntəqələri bağlandıqdan dərhal sonra elan edilib. Bu nəticələrə görə mühafizəkarların parlamentdə 368 mandata sahiblənəcəyi gözlənilir. Əgər proqnozlar doğrularsa hakim partiya seçkidə uğurlu nəticə qazanaraq parlamentdə mütləq çoxluğa malik olacaq.

Ekzit-pollun nəticələri Leyborist Partiyasına 191 yer vəd edir. Bu, gözlənildiyindən aşağı nəticədir.

Daha bir müxalifət partiyası olan liberal-demokratlar proqnozlara görə parlamentdə 13, yaşıllar 1 mandata sahib olacaqlar. Maraqlıdır ki, Breksit partiyasının mandat ala bilməyəcəyi proqnozlaşdırılıb.

Ekzit-pollun nəticələrinə görə Şotlandiyanın Millətçi Partiyası 55 mandat qazana bilər. Bu, Şotlandiyadakı seçki dairələrində mütləq çoxluq deməkdir.

Boris Johnson tərəfdarlarına Twitter-də təşəkkürünü bildirsə də, qələbəni elan etməyib.

Britaniyada majoritar seçki sistemi mövcuddur. 650 millət vəkili birmandatlı dairələrdən seçilir.

Məhz buna görə də seçkinin yekun nəticələri ekzit-pollun nəticələrindən əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Hərçənd son seçkidə proqnozlar tamamilə dəqiq idi.

Səslər dekabrın 12-dən 13-ə keçən gecə sayılacaq və nəticələr Bakı vaxtı ilə dekabrın 13-də səhər məlum olacaq.

İlkin proqnozlara görə mühafizəkarlar Londondakı bir çox mandatlarını itirə bilərlər, amma əvəzində onların ölkənin şimal rayonlarında breksitçilərin dəstəyi ilə leyboristlərin mandatlarını “əllərindən ala biləcəyi” gözlənilir.

Əgər bu seçkidə mühafizəkarlar mütləq çoxluğa sahiblənə bilsələr, bu o deməkdir ki, Britaniya fevralın 1-dək Avropa İttifaqından çıxdığını elan edəcək.

Mütləq çoxluq Boris Johnsona Breksit sənədini parlamentdən keçirmək imkanı verəcək.

XS
SM
MD
LG