Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:38

Bu seçkilərlə islahat olarmı?


Prezident İlham Əliyev səs verir. 9 fevral 2020
Prezident İlham Əliyev səs verir. 9 fevral 2020

Azərbaycanda daha bir parlament seçkisi arxada qaldı. 2020-ci ilin noyabrında beş illik müddətini başa vurmalı olan parlamentin tərkibi 2019-cu ilin dekabrında buraxıldı. 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkiləri təyin edildi.

2015-ci ildə seçilmiş tərkibin buraxılmasına əsas kimi «prezidentin başladığı islahatlar kursu»na dəstək verilməsi göstərilirdi.

Bəs islahatlara dəstək verildimi?

A.Qurbanov
A.Qurbanov

«Dəyişikliklər olacağına ümid edən insanları bir daha aldatdı»

Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri, Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov fevralın 9-da keçirilən parlament seçkilərinin nəticələrini dəyərləndirərək AzadlıqRadiosuna deyib ki, bu prosesdə fərqli müsbət xüsusiyyətlər özünü göstərməyib. Onun fikrincə, Mərkəzi Seçki Komissiyasının (MSK) dairələr üzrə liderliyini elan etdiyi şəxslərə əslində hələ səsvermədən öncə inzibati resurslarla dəstək verilib:

«Onların lider namizəd mövqeyinə gəlmələri göstərdi ki, hakimiyyət cəmiyyətə dəyişikliklər olacağına ümid edən insanları bir daha aldatdı. Cəmiyyətə bir daha yalan satmış oldu. Hesab edirəm ki, hakimiyyət öz siyasətini davam etdirmək üçün uydurma hekayələr formalaşdırır. Bu hekayələr üzərindən də yerli və beynəlxalq ictimaiyyəti manipulyasiyaya məruz qoyur. Bu seçkinin nəticələri də göstərdi ki, hakimiyyət insanlarla bir daha manipulyasiya etdi».

«Özünüzü yığışdırın...»

Onun fikrincə, bu prosesdə hər hansı islahat xarakterli bir hal özünü göstərməyib, əksinə, hakimiyyət çox sərt və aqressiv başlayıb: «Bu, həm də «özünüzü yığışdırın, burada sizin gözlədiyiniz, sizin güman etdiyiniz çəkilişlər, baş verənləri cəmiyyətə olduğu kimi ötürə bilmək imkanları olmayacaq» mesajı idi».

M.Zülfüqarlı
M.Zülfüqarlı

«30 faizdən çox yenilənib»

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının sədri Məhərrəm Zülfüqarlı isə deyib ki, MSK-nın açıqladığı ilkin nəticələrdən öncə exit-poll-ların nəticələri açıqlanmışdı.

O vurğulayıb ki, bəzi dairələr üzrə nəticələr hələ də yoxdur. Onun fikrincə, üstəlik, müəyyən namizədlərin şikayətləri də olacaq, bunlara bir daha baxılacaq və hətta bu şikayətlərdən sonra bəzi dairələrdə dəyişikliklər də mümkündür: «Amma hər halda artıq ehtimal edilən parlamentin tərkibi 30 faizdən çox yenilənib. Düzdür, əvvəlki parlamentin üzvlərindən təqribən 50 faiz yeni parlamentdə də təmsil olunacaq. Amma 30 faizdən çoxunun dəyişməsinin özü də müsbət dəyişiklikdir»,

M.Zülfüqarlı seçkiləri baş tutmuş saydıqlarını, onun ədalətli və şəffaf keçirildiyini, qarşıya qoyulan məqsədə yetdiyini bəyan edib.

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG