Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:23

Bulqakovu yazıçı olmağa həvəsləndirmiş üç kitab


M.Bulqakov
M.Bulqakov

Mixail Bulqakov dahi yazıçı kimi tanınmazdan əvvəl həkim işləyirdi. Onu yazıçı olmağa dəvət edənsə klassik rus ədəbiyyatına duyduğu sevgi idi. "Russia Beyond" saytı yazır ki, Bulqakovun kitabxanasındakı çoxsaylı kitablardan yalnız bir neçəsi onun qəlbində dərin iz buraxıb.

Bulqakov uşaqlıqda Puşkinin şeirlərini və Ceyms Fenimor Kuperin romanlarını oxumağı sevirmiş. O, ilk dəfə yeniyetmə yaşlarında yazmağa cəhd edib. İlk yazdığı isə yaşadığı şəhərin sakinləri haqda kiçik hekayələr olub.

"Nə edirsən et, ancaq nahardan əvvəl sovet qəzetlərini oxuma", – Bulqakov despotik "İt ürəyi" romanında yazır. Bu roman 1925-ci ildə yazılsa da, SSRİ-də rəsmən yalnız 1987-ci ildə çap olunub. Sayt yazır ki, bu ifadə sovet gənclərinin bir neçə nəsli arasında devizə çevrilibmiş.

Bulqakovun özü sovet qəzetlərinin başını buraxıb əvəzində klassik ədəbiyyat oxuyurdu.

Klassik rus ədiblərindən üçü Bulqakova qəlbən daha yaxın idi. O, həyatın çətin suallarına cavab axtarışında dönə-dönə bu müəlliflərin kitablarına müraciət edib.

1. Mixail Saltıkov-Şedrinin hekayələri

Sayt yazır ki, satirik yazıçı Saltıkov-Şedrinin Bulqakova son dərəcə güclü təsiri olub. Xüsusən də karyerasının başlanğıcında. Yazıçının "Gənc yaşlarımda qərara gəldim ki, baş verənləri sağlam istehza dozası ilə qəbul edim" sözləri məşhurdur.

Bulqakov Saltıkovla tanış olmağa hələ 13 yaşında başlamış, sonradan dəfələrlə onun kitablarına dönmüş, öz əsərlərində də Şedrinin satira texnikasından yararlanmağa çalışmışdı.

Saltıkov-Şedrin klassik rus ədəbiyyatında rus reallığını ən amansız tənqid edən yazıçı sayılır. Rus fizioloqu İvan Seçenov (1829-1905) bir dəfə Saltıkov-Şedrinin şərəfinə tost deyib və onu "ən böyük diaqnostik" adlandırıb.

2. Anton Çexovun məktubları və gündəlikləri

Anton Çexov hesab edirdi ki, "Özünü xoşbəxt hiss etmək üçün saatı qurmaq qədər vaxt lazımdır".

Sayt yazır ki, dünya ədəbiyyatının ən böyük dramaturqlarından olan Çexov Bulqakov üçün əsl intellektual maqnit idi.

Bulqakov Çexovun əsərlərinə öz əsərləri kimi dərindən bələd idi. "Leysanda evdə oturub evində zəhərli və darıxdırıcı adamların olmadığını bilmək nə gözəldir", – Çexov yazırdı.

3. Qoqolun "Müfəttiş"i

Qoqol (1809-1852) və Bulqakov (1891-1940) fərqli dövrlərdə doğulub yaşasalar da, ədəbiyyatçılar onların adını yanaşı çəkir.

Bulqakov məktublarında Qoqolu öz müəllimi adlandırırdı. Sonradan o, Qoqol ədəbi məktəbinin davamçısına çevrilmişdi. Bulqakov "Ölü canlar"ı hələ doqquz yaşında ikən oxumuşdu. "Ölü canlar" əsərində hadisələr XIX əsrin ilk yarısında Rusiya İmperiyasının ucqar bir yerində cərəyan edir. Təqaüdə çıxmış məmur Pavel Çiçikov "ölü canları" – ölmüş, adları yalnız kağızda qalmış kəndliləri almaq üçün ucqar və kiçik bir kəndə gəlir.

Qoqolun romanı Bulqakova o qədər təsir etmişdi ki, o, hətta "Çiçikovun macəraları" adlı nəzirə də yazmışdı. 1922-ci ildə yazdığı bu nəzirədə o bir növ Qoqolun personajını sovet Rusiyasına "teleportasiya" etmişdi. Bulqakov "Ölü canlar"ın dramatik adaptasiyasını da yaradıb. Konstantin Stanislavski bu adaptasiyaya quruluş verib və onu 1932-ci ildə Moskva İncəsənət Teatrında səhnəyə qoyub.

Qoqolun "Müfəttiş"i Bulqakovun ən sevdiyi kitablardan biri idi. Rusiya İmperiyasında çiçəklənən bürokratiyanı anlamaq üçün ilk növbədə "Müfəttiş" romanını oxumaq lazımdır. Əyalət şəhərciyində son dərəcə rüşvətxor məmurlar hökumətin müfəttiş göndərdiyini eşidib əl-ayağa düşürlər. Ancaq onların yanılması Qoqolun romanının mərkəzi elementini təşkil edir.

XS
SM
MD
LG