Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:00

Cahangir Hacıyev Beynəlxalq Bankın müflisləşməsindən danışdı


Cahangir Hacıyev
Cahangir Hacıyev

"Xarici borc 1,1 milyarddan çox ola bilməzdi, amma hazırda bu rəqəm 3,3 milyard dollardan çoxdur"

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev bankın müflişləşmə həddinə çatmasına münasibət bildirib. Cahangir Hacıyev bu haqda mayın 25-də öz məhkəməsində danışıb.

Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunanların işinə hazırda Bakı Apellyasiya Məhkəməsində Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ 'Moody's' Azərbaycanın maliyyə gələcəyindən nikbin deyil

“KREDİT VERMƏK NƏ VAXTDAN CİNAYƏT OLUB?”

C. Hacıyev deyib ki, xarici borclar 1,1 milyarddan çox ola bilməzdi, amma hazırda bu rəqəm 3,3 milyard dollardan çoxdur: "Bankın belə aşağı səviyyəyə düşməsinə cavabdeh olan şəxslər izahat verməlidir".

Özü haqqında cinayət işindən danışan bankir bildirib ki, bu iş başdan-ayağa saxtadır: "Səksən nəfərdən çox adam dindirilib. Nəinki bir, heç yarım nəfər də mənimsəmə ilə bağlı fakt ortaya qoymayıb. Məni kredit verməyə görə ittiham edirlər. Kredit vermək nə vaxtdan cinayət olub?"

C. Hacıyevin sözlərinə görə, Beynəlxalq Bankın 6 milyard kredit portfeli olub, onun cəmi 30 faizi həcmində – 2 milyard kredit verilib: "Hazırda isə Beynəlxalq Bankın təkcə problemli kreditləri 12 milyardı keçib. Bunu necə izah edəcəklər?

Buna da bax:​ 'Beynəlxalq Bank defolt elan edildi'

2010-2014-cü illərdə Vergilər Nazirliyi yoxlama aparıb, 80-ə qədər cinayət işi başlanıb. Amma sonradan onların hamısına sonradan xitam verilib. Prokurorluq xitam verib. İndi həmin prokurorluq zəhmət çəkib araşdırsaydı, görərdi ki, mən cinayət eləmişəm, yoxsa yox. Mən 20 il Beynəlxalq Bankda işləmişəm, bu müddətdə bankın reytinqi həmişə yüksək olub".

“KREDİT DÖVLƏT ZƏMANƏTİ İLƏ AYRILIB”

Məhkəmədə Cahangir Hacıyevin vəkilləri də çıxış edib. Vəkil Aqil Layıcov məhkəməyə bir sıra sənədlər təqdim edib. Müdafiəçi bildirib ki, bu sənədlərin bir qismi işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən də təqdim olunmuşdu, qalanı isə yenidir: "Sual oluna bilər ki, qalan sənədləri niyə Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim eləməmişdik? O vaxt bu sənədləri ittiham tərəfi ortaya qoymalı idi. Amma təəssüf ki, ittiham tərəfi heç bir iş görmədi. Sonradan biz özümüz onları əldə etdik. Ona görə də indi təqdim edirik. Sənədlərin bir hissəsi xarici ölkələrdən - Lüksemburqdan, Almaniyadan göndərilib. Arasında "AMİKA" layihəsinə aid sənədlər də var. Bu layihə ilə Albaniyada iki neftayırma zavodu alınmışdı. Bu layihə çərçivəsində zavodlara 40 milyon kredit ayrılıb. Bu kredit dövlət zəmanəti ilə ayrılıb. Zavodların səhmlərinin alınması üçün girov qoyulub. Həmin səhmlər indi də girovdur. İkinci layihə Dubayda həyata keçirilib. Orada tekstil fabriki və metal zavoduna xeyli vəsait ayrılıb. Ofşor şirkətlərin sənədlərində də bu məsələlər öz əksini tapıb".

Buna da bax:​ Azərbaycan Beynəlxalq Bankı borcdan çıxmaq üçün kreditorlara nə təklif edir?

Maliyyə Bazarlarına Nəzarət Palatasının ekspertlərinin rəyinin obyektiv olmadığını, onların ittiham mövqeyindən çıxış etdiyini deyən vəkil Cahangir Hacıyevə CM-nin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə irəli sürülən ittihamlara xitam verilməsini istəyib.

“TƏQSİRSİZLİK PREZUMPSİYASI POZULUB”

Digər vəkil Fəxrəddin Mehdiyev Cahangir Hacıyevin rəhbərliyi dövründə Beynəlxalq Bankın gəlirlə işlədiyini vurğulayıb. Bu işə birinci instansiya məhkəməsində baxılarkən obyektiv araşdırma üçün xeyli vəsatət qaldırıldığını, ancaq heç birinin təmin olunmadığını xatırladan vəkil bildirib ki, vəsatətlərdən biri də Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin dindirilməsi haqda idi: "Mais Piriyev bir sıra açıqlamalar verib Cahangir Hacıyevin təqsirsizlik prezumpsiyası hüququnu pozmuşdu. Ona görə də onun dindirilməsini istəmişdik. Əgər o dindirilsəydi, bir çox məsələlərə aydınlıq gələrdi. Biz həmçinin maliyyə nazirinin də əlavə şahid qismində dindirilməsini istəmişdik. Bu vəsatət də təmin olunmadı. Əgər vəsatətlərimiz təmin olunsaydı, həqiqətlər üzə çıxardı".

Buna da bax:​ ABB-nin kreditorları narazıdır: 'Ödəmək istəmirlər'

Fəxrəddin Mehdiyev çıxışının sonunda Cahangir Hacıyev haqda hökmün qanunsuz və əsassız olduğunu vurğulayıb, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Məhkəmə mayın 31-də davam edəcək.

XATIRLATMA

C.Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, ötən il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi əməllərdə suçlu hesab olunaraq, 15 il azadlıqdan məhrum edilib.

Buna da bax: Londonda Beynəlxalq Bank müzakirələri: Hələlik, nəticə yoxdur

C.Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb həmin vəsaitlərin mənimsənilməsində təqsirləndirilir.

Amma C.Hacıyev ittihamları qəbul etmir. Ona görə də haqqındakı hökmdən apellyasiya şikayəti verib.

XS
SM
MD
LG