Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:31

Cəbhəçi xanımdan polis şikayətçidir


Məhkəməyə müraciəti polis əməkdaşı Seymur İmanov edib. O, Gülnarə Rəhimovanın Facebook sosial şəbəkəsində paylaşdığı postundan şikayətçidir

Bugün avqustun 24-də Xətai Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Gülnarə Rəhimovadan xüsusi ittiham qaydasında verilən şikayətlə bağlı məhkəmə prosesi keçirilib.

Proses Sülhanə Hacıyevanın sədrliyi ilə gerçəkləşib.

Prosesdə Gülnarə Rəhimova təqsirləndirilən şəxs qismində tanınıb. Ona qarşı Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddə (təhqir) ittihamı irəli sürülüb.

Məhkəmə zalına 10-dan da az şəxs keçə bilib, digərləri zalın kiçik olması səbəbindən içəri buraxılmayıb.

Məhkəməyə müraciəti polis əməkdaşı Seymur İmanov edib. O, Gülnarə Rəhimovanın Facebook sosial şəbəkəsində paylaşdığı postundan şikayətçidir.

Bu il iyulun 20-də Bakıda Müsavat partiyasının üzvü Tofiq Yaqublunun təşkilatçılığı ilə bəzi müxalifət nümayəndələri "Sərhədləri bağlama, xalqı əsir saxlama!" şüarları ilə Nazirlər Kabinetinin qarşısında aksiya keçirməyə cəhd göstərib.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını səbəb göstərərək onun keçirilməsinə imkan verməyib.

Facebook postundakı şəkil

Aksiya zamanı saxlananların əksəriyyəti buraxılsa da Müsavat Partiyasının fəallarından Əziz Məmiyevə polisin qanuni tələbinə əməl etməmək ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib.

Əziz Məmiyev saxlanarkən polisin işgəncələri ilə üzləşdiyini iddia edib.

Amma Daxili İşlər Nazirliyi bunu təkzib edib.

AXCP fəalı Gülnarə Rəhimova isə həmin polis əməkdaşı Seymur İmanovun Facebook-da şəklini paylaşaraq yazıb ki, Əziz Məmiyevi döyən bu polisdir.

Gülnarə Rəhimovanın məhkəmədən sonra vurğulamasına görə, onun bu ittihamla üzləşməsi o deməkdir ki, ölkə rəhbəri polisin arxasında durub.

Həmin maddələrlə şəxsə 3 ilə qədər həbs cəzası verilə bilər.

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından Azərbaycanda karantindir.

Karantin rejimi son vaxtlar yumşaldılsa da Azərbaycanın qonşu ölkələrlə quru sərhəddində məhdudiyyətlər qalır.

XS
SM
MD
LG