Cəbhə xəttindən görüntülər
Ü.Cəfərli: «Burada Rusiya izi var»
«Bu gün Qarabağ cəbhəsində baş verən gərginlikdə birbaşa bu ölkəyə himayədarlıq edən Rusiya izi görünür. Özü də açıq aydın görünür. Rusiya prezidenti V.Putin-in tərəfləri atəşkəsə çağırması isə özünü sığortalamaqdan başqa bir şey deyil».
Bunu AzadlıqRadiosuna hərbi ekspert Üzeyir Cəfərli bildirib.
Ü.Cəfərli bu gərginliklə dövlət başçısı İlham Əliyevin ABŞ səfəri arasında birbaşa əlaqə olduğunu deyir: «Buna hər hansı şübhəm yoxdur. Dövlət başçısı İlham Əliyevin ABŞ səfəri ilə bu hadisələr arasında birbaşa əlaqə var. Çünki Rusiya Azərbaycanın Qərblə sıx təmasda olmasını istəmir və bunu açıq aydın büruzə verir. Bu gün Qarabağda açılan atəşlər həm də Azərbaycan dövlətinin müstəqil siyasi kursuna açılan atəşdir». Davamı
Cəbhədə gərginlik davam edir
Müdafiə Nazirliyi bildirir ki, aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.
Nazirlik qeyd edir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub.
«Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub. Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər vurulub», - deyə Müdafiə Nazirliyi qeyd edib.
Məlumatda həmçinin deyilir ki, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Nəmirli və Qaraqaşlı kəndləri atəşə tutulub.
Müdafiə Nazirliyi Xocavənd, Füzuli və Goranboy rayonlarının də atəş altında qaldığını bildirir.
Nazirlik bütün atəşlərə cavab verildiyini deyir.
Minsk Qrupu təcili toplanır
ATƏT-in Minsk Qrupu həmsədrləri gələn həftə Vyanada iclas keçirəcək.
APA bu xəbəri Rusiya KİV-lərinə istinadən yayıb.
Toplantıda Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsinin müzakirə olunacağı gözlənilir.
Aprelin 2-ci gecədən etibarən cəbhə bölgəsində artilleriya işə düşüb. Azərbaycan Müdafiə Nazirliyi mülkü obyektlərin də atəşə tutulduğunu bildirib.
Tərtərin Qarağacı kəndində məskunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşdüyü bildirilir. C.Rəhimovun həlak olduğu, onun oğlu Orxan Rəhimovun isə ayaqlarını itirdiyi deyilir.