Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20

İranlı fəal xəstəxana çarpayısına zəncirlənib


Cəfər İbrahimi
Cəfər İbrahimi

Tehranın bədnam Evin həbsxanasında saxlanan fəal xəstəliyinə görə tibb ocağına köçürüləndə 12 gün ərzində xəstəxana çarpayısına zəncirlənib, onun vəkili və ailəsi ilə əlaqə saxlamasına icazə verilməyib. Bu haqda İran Müəllimlər Birliyi Koordinasiya Şurasının həbsdə olan sözçüsünün məktubu yayılıb.

Həbsxanadan betər

Şura Cəfər İbrahiminin məktubunu noyabrın 28-də dərc edib. Qurum bildirib ki, bu, “həbsxana məmurlarının xəstə məhbusa mənfur münasibəti”nin göstəricisidir.

“Onlar xəstəxananı mənim üçün həbsxanadan betər yerə çevirdilər”, – İbrahimi məktubunda yazır. O, qohumları və vəkillərindən xəbərsiz saxlanıldığını bildirir.

Evin həbsxanası məhbuslarla qəddar rəftara görə ad çıxarıb.

İranda işlədiyini iddia edən “Edalat-e Ali” adlı haker qrupu martda “rejimin əsl üzü”nü açmaq üçün bu həbsxanadakı qeyri-insani şəraiti göstərən video yayıb.

Fəallar may etirazları öncəsi saxlanıb

İbrahimi müəllimlər birliyinin digər fəalları – Rəsul Bodagi, Əli Əkbər BağaniMəhəmməd Həbibi ilə birlikdə aprelin 30-da təhlükəsizlik agentləri tərəfindən saxlanıb. Bu, İranda Müəllimlər Günü ilə üst-üstə düşən May günündə bir neçə şəhərdə nümayişlər öncəsi baş verib.

Fəallar etirazları Fransa müəllimlər birliyinin rəsmisi Sesil Kohler (Cecile Kohler) və onun tərəfdaşı Jak Parislə (Jacques Paris) koordinasiya etməkdə suçlanıblar.

İran sözügedən Fransa vətəndaşlarını etirazçı iranlı müəllimlərlə əlaqələndirməyə çalışır. Həbslər isə etirazları gözdən salmaq, onları dayandırmaq üçün müəllimlərə təzyiqi artırmaq cəhdi kimi dəyərləndirilib.

İran rəsmiləri həmin şəxslərin “xaos səpmək və cəmiyyətdə sabitsizlik yaratmaq üçün ölkəyə girməkdə” ittiham edir.

XS
SM
MD
LG