Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:35

Kürdəmirin keçmiş icra başçısının cəzası azaldılıb


Ceyhun Cəfərov
Ceyhun Cəfərov

Kürdəmirin həbsdə olan keçmiş icra başçısı Ceyhun Cəfərovun cəzası bir az da azaldılıb. Ali Məhkəmə iyulun 28-də onun cəzasını 4 il 6 aya endirib.

Sabiq icra başçısına öncə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 8 il 6 ay həbs cəzası kəsilsə də, apellyasiya instansiyası bu müddəti 6 ilə endirmişdi. O, bu qərardan da narazı qalaraq, Ali Məhkəməyə şikayət vermişdi.

Avqustda həbsinin 3 ili tamam olur

Vəkili Ali Məhkəmədə çıxışında deyib ki, Cəfərov 5 milyon manatlıq yeyintidə ittiham olunsa da, bu vəsaitləri özü mənimsəməyib. Müdafiəçi deyir ki, həmin pullar görülən işlərə, rayonun inkişafına sərf olunub. Çünki elə işlər var ki, büdcədən onlar üçün vəsait nəzərdə tutulmur.

Müvəkkilinin xəstə olduğunu vurğulayan vəkil bu halın nəzərə alınmasını və onun cəzasının 3 ilə endirilməsini xahiş edib: “Ağır xəstəlikdən əziyyət çəkir, bu barədə sənədlər də təqdim etmişik...”

Avqustda Cəfərovun həbsinin 3 ili tamam olur.

Kürdəmirdə əməliyyat nəticəsində icra başçısıyla yanaşı həbs olunanlar arasında rayonun Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov da vardı. Onun vəkili deyir ki, Novruzovun sağlıq durumu ağırdır. O, xeyli vaxtdır, Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir.

“Ona qarşı ittihamlar da sübuta yetirilməyib”, – vəkil əlavə edib.

Sabiq icra başçısıyla birlikdə mühakimə olunan digər şəxslərin vəkilləri də çıxışlarında müvəkkillərinə bəraət verilməsini istəyiblər.

Cəzalar azaldılıb

Qısa müşavirədən sonra Ali Məhkəmənin hakimləri keçmiş icra başçısı Ceyhun Cəfərovun cəzasını 6 ildən 4 il 6 aya, onun birinci müavini olmuş Tacəddin Novruzovun cəzasını 5 il 6 aydan 4 il 5 aya endirib.

Kürdəmir rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Eynulla Novruzov, baş həkimi Məhəmməd Musayev, rayonun Təhsil Şöbəsinin müdiri olmuş Mətləb Allahverdiyev, şöbənin keçmiş baş mühasibi Rəcəb Hüseynovun cəzası isə 4 il 4 aya qədər azaldılıb.

Ceyhun Cəfərov 2011-2014-cü ildə Tərtər rayonunun icra başçısı olub. 2014-cü ildə Kürdəmirə icra başçısı təyin edilib və 2020-ci ilin avqustunda həbs olunana qədər bu vəzifədə çalışıb.

O, rüşvət alma, külli miqdarda mənimsəmə və başqa cinayətlər ittiham olunurdu. İddia olunur ki, rayonda fəaliyyət göstərən müxtəlif dövlət qurumları – xəstəxana, təhsil şöbəsinin rəhbərliyi mütəmadi icra hakimiyyətinin rəhbər vəzifəli şəxslərinə rüşvət verib, büdcə təşkilatlarına ayrılan vəsait mənimsənilib və s.

XS
SM
MD
LG