Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:27

Bakıdakı tullantı sularının 40 faizi təmizlənmədən ətrafa axıdılır


Çirkabın Xəzərə axdığı yer: İnsanlar heç nə olmamış kimi çimir
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Çirkabın Xəzərə axdığı yer: İnsanlar heç nə olmamış kimi çimir (2019)

"Təsəvvür edin ki, Bakı kimi şəhərin 40 faiz tullantı suları mərkəzləşmiş təmizlənmədən keçmədən ətrafa axıdılır. Söhbət 1 milyon kubmetr sudan gedir (günlük)". Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə dilə gətirib. O, bir müddət öncəki açıqlamasında da bildirmişdi ki, təkcə Abşeron yarımadasından Xəzər dənizinə gündə 1 milyon kubmetr çirkli su axır. Bunu ölkə ərazisində Xəzər dənizinin sahili boyunca şimaldan cənuba doğru götürsək, həmin rəqəm iki dəfə artır.

Abşeron yarımadasında çirkab sularının təmizlənmədən axıdılmasının əsas səbəbləri ölkədə kollektorun və kanalizasiyaların yetərsizliyindən qaynaqlanır. Ölkə əhalisinin təxminən yarısının yaşadığı Abşeron yarımadasının önəmli bölümündə mərkəzləşmiş kanalizasiya qurğuları mövcud deyil. Olanların da bir hissəsi ya köhnəlib, ya da normativlərə uyğun təmizlənməni təmin etmir. Bütün bunların nəticəsində həm insanların sağlamlığı, həm də Xəzər dənizinin ekoloji durumu risk altında qalır.

Çirkab sularını təkcə özəl şirkətlər deyil, dövlət şirkətləri də təmizlənmədən Xəzərə axıdır. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin bu ilin iyulunda yaydığı məlumatda bildirilirdi ki, SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin etilen-polietilen zavodundan tullantı suların torpaq kanal vasitəsilə Sumqayıtçaya, oradan da təmizlənib-zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı müəyyənləşdirilib. Tullantı sularından götürülən nümunələrin analiz nəticələri zərərli maddə miqdarının normadan artıq olduğunu üzə çıxarıb.

İşlər görülür, amma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi də bildirib ki, ölkədə bu istiqamətdə irimiqyaslı layihələr hazırlanır, kollektorlar çəkilir, ancaq uyğunsuzluqlar aradan qalxmır. Məsələn, Pirşağıda 60 min insan üçün nəzərə tutulan təmizləyici qurğu quraşdırılsa da, çirkab sularını təmizləyici qurğulara yönəldən kanalizasiya sistemləri qurulmayıb. Lökbatanda isə sutəmizləyici qurğu yoxdur, amma bütün xətlər çəkilib. Bütün bunlar hökumətin tullantı sularının tənzimlənməsi ilə bağlı fəaliyyətlərinin uyğunlaşdırılmadan və düzgün planlanmadan aparıldığını göstərir.

Bir müddət öncə Hesablama Palatası da Pirşağıda quraşdırılan sutəmizləyici qurğu ilə bağlı auditin nəticəsini açıqlamışdı. Həmin araşdırmaya görə, qurğunun fəaliyyəti üçün kənar texniki şəraitin yaradılmasına zəruri maliyyə ayrılmayıb. Nəticədə həmin ərazinin su və kanalizasiya sistemi ilə təchizatı çox aşağı səviyyədədir. Hesablama Palatası qurğunun zəmanət sınaqları keçirilmədən istismarının, eləcə də indi və yaxın gələcəkdə tam gücü ilə işləməsinin mümkünsüzlüyü qənaətinə gəlib. Onu da unutmaq olmaz ki, bu layihənin icrasına 72 milyon dollar vəsait yönəldilsə də, heç bir ciddi nəticə əldə edilməyib.

Su az, itki çox

Diqqətdən qaçırmaq olmaz ki, bu qədər irihəcmli su itkisi Azərbaycanın su çatışmazlığından ciddi əziyyət çəkdiyi bir ortamda baş verir. Halbuki bir çox gəlişmiş ölkə tullantı sularını təmizləyib texniki məqsədlər üçün istifadə edir. Onu da unutmaq olmaz ki, Azərbaycanda vətəndaşlar çirkab sularının axıdılmasına pul da ödəyirlər. Tarif Şurasının 2021-ci ildəki qərarı ilə tullantı sularının axıdılmasına ölkə üzrə bir kubmetr üçün 30 qəpik ödəniş təyin edilib. "Azərsu"nun maliyyə hesabatına görə, qurumun kanalizasiya xidmətləri ilə bağlı əhalidən yığdığı vəsaitin həcmi 70 milyon manatı aşır. Bu vəsaitlə yanaşı, "Azərsu" hər il dövlət büdcəsindən subsidiya alsa da, yenə də ən çox borcu olan dövlət qurumlarından biridir. Beləcə, ölkədə su təminatı və kanalizasiya xidmətləri ilə bağlı problemlər uzun illərdir davam edir.

Səlahiyyətsiz nazirlik

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə parlamentdəki çıxışında zavodların ətraf mühit üçün yaratdığı risklərə də toxunub. Nazirlik rəsmisi bildirib ki, "Zavodlardan ətraf mühitə külli miqdarda tullantı atılır. Bizim səlahiyyətimiz yoxdur ki, zavoda daxil olub monitorinq edək, çünki biz sübut etməliyik ki, bunun əhaliyə ciddi təsiri var".

Dövlət Statistika Komitəsinin açıqladığı bilgilərə görə, ötən il Azərbaycanda stasionar mənbələrdən atmosferə 480 min ton çirkləndirici maddələr buraxılıb. Rəsmi rəqəmlərə görə, bunun üçdə biri (33 faizi) təmizlənməyib.

XS
SM
MD
LG