Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:55

Cizgi filmlərinin uşaqların davranışına müsbət və mənfi təsiri


Animasiya filmi
Animasiya filmi

Artıq bir əsrdən çoxdur mövcud olan cizgi filmləri hər uşağın həyatının ayrılmaz hissəsidir. Ancaq onların uşaqların zehni inkişafı və davranışına həm müsbət, həm də mənfi təsirləri ola bilər.

Cizgi filmlərinin uşaqlara müsbət təsirləri

1. Erkən öyrənmə

Cizgi filmləri uşaqların öyrənməyə erkən başlamasına yol aça bilər. Bu, xüsusən də həndəsi fiqurlar, rəqəm və rəngləri öyrədən cizgi filmlərinə aiddir. Belə filmlər öyrənməni zövqlü bir işə çevirir. Hərəkət edən, danışan şəkillər öyrənməni maraqlı və əyləncəli edir.

2. Zehni inkişaf

Cizgi filmlərinə baxmaq uşağınızın işlək və uzunmüddətli yaddaş, davamlı və selektiv diqqət, məntiq, vizual və auditor emal kimi zehni bacarıqlarını inkişaf etdirə bilər.

3. Nitqlin inkişafı

Cizgi filmləri uşaqlarınızı müxtəlif dillərlə tanış edə, dil bacarıqlarını inkişaf etdirə bilər. Uşağa öz ana dilində cizgi filmi izləməyə imkan yaratsanız, o bu dili daha yaxşı öyrənə bilər.

4. Kreativlik

Cizgi filmləri övladınızın təxəyyül və kreativliyini artırmağa kömək edir. Uşaq bu filmlərdən ilhamlanaraq yeni ideyalar haqda düşünür, öz hekayələrini və rəsmlərini yaradır.

5. Gülüş və stressin azalması

Cizgi filmləri uşaqları əyləndirir. Çox vaxt onlar film qəhrəmanlarının çıxardığı oyunlara ürəkdən gülürlər. Bildiyimiz kimi, gülüş stressi azaldır, özünə inamı artırır. O, həm də immuniteti gücləndirir, müsbət hisslərə yol açan endorfini artırır.

6. Təhsil

Cizgi filmləri vasitəsilə uşağınıza yerli adət-ənənələri, tarixi və mifologiyanı öyrədə bilərsiniz. Məsələn, uşaqlar «Ramayana», yaxud «Mahabharata»nın animasiya versiyalarına baxmaqla hind mifologiyası haqda öyrənə bilərlər. Ezopul təmsilləri əsasında çəkilmiş cizgi filmləri isə onlara yaxşı davranış, ədəb və empatiyanı öyrədə bilər.

Cizgi filmlərinin uşaqlara mənfi təsiri

1. Zorakılığa təşviq

Zorakılığı təsvir edən cizgi filmlərinə baxmaq uşaqları real həyatda zorakı davranışa təşviq edə bilər. Uşaqlar bu zaman heç kimə ziyan vurmadıqlarını düşünə bilərlər. Çünki cizgi filmlərində zorakılığın nəticələri göstərilmir. Məsələn, «Tom və Jerry» kimi filmlərdə personajlar bir-birini vururlar, sonra isə yollarına davam edirlər.

2. Arzuolunmaz davranış, empatiyanın olmaması

Öz müəllimlərinə və böyüklərinə qarşı kobud və asi davranan personajları göstərən cizgi filmləri var. Uşaqlar onların davranışını təqlid edə, valideynlərinin və müəllimlərinin üzünə ağ ola bilər.

3. Xoşagəlməz ifadələr

Tez-tez cizgi filmlərində uşaqlara uyğun olmayan ifadələrə rast gəlinir. Uşaqlar təsir altına tez düşdüklərindən burada eşitdikləri ifadələri tezliklə real həyatda işlətməyə başlayacaqlar.

4. Antisosial davranış

Antisosial davranışı təsvir edən, uşaqlara yanlış mesajlar verən, aqressiya və kobud davranışı normal kimi qələmə verən cizgi filmləri mövcuddur. Bunlar övladınızın davranışına təsir edə, bu növ davranışın normal olduğunu düşünməyə sövq edə bilər.

5. Oturaq həyat tərzindən doğan sağlamlıq problemləri

Bunlara köklük, görmə problemləri, pis qida vərdişlərindən doğan qidalanma problemləri də daxildir.

Bəs valideynlər nə edə bilər

1. Cizgi filmini övladınızla birgə izləyin

Bu, uşağın gördüklərini, fərqli hekayə və hadisələrə reaksiyasını monitorinq etməyə imkan verir. Eyni zamanda, uşağınızla bağlarınız daha da sıxlaşır. Uşağın ən sevdiyi cizgi filmi personajını tanımağınız, onunla birlikdə gülməyiniz, uşağın düşüncə tərzini anlamağınız aranızdakı münasibətləri daha da yaxşılaşdırır.

2. Baxış saatlarını azaldın

TV, yaxud cizgi filmi izləmə saatlarına məhdudiyyət qoyulmalıdır. Bu məşğuliyyətə gündə 1 saat ayırmaq olar. Bu, xüsusən də azyaşlılara aiddir. Uşaqlarınızı oturub cizgi filminə baxmaqdansa, həyətə çıxıb oynamağa həvəsləndirin.

3. Uyğun və öyrədici cizgi filmlərini seçin

Uşaqların yaşlarına uyğun öyrədici cizgi filmlərinə baxmasına imkan yaradın.

4. Cizgi filmi ilə reallıq arasındakı fərqi başa salın

Övladınıza nəyin ziyanlı, nəyin normal və real olduğunu izah edin. Məsələn, uşağa personajın zorakılıqdan sonra rahat yoluna davam etməsinə, qurtulmasına baxmayaraq, reallıqda hər şeyin fərqli olduğunu başa salın.

5. Filtr və monitorinq əlavələrindən yararlanın

Valideyn nəzarəti əlavələrindən və proqramlarından yararlanın. Uşağın nəyə baxdığına əmin olmadan onu TV, yaxud iPad qarşısında tək buraxmayın.

6. İnformativ kanallardan yararlanın

Discovery, National Geographic və Animal Planet kimi kanallarda çoxlu informativ və öyrədici kontent var. Bu kontent övladınızın ümumi dünyagörüşünün inkişafına çox müsbət təsir göstərəcək. Bundan sonra onları TV-də gördüklərini reallıqda görməyə apara bilərsiniz. Məsələn, qalaktikalar, yaxud Günəş sistemi haqda proqram izlədikdən sonra planetariuma getmək, yaxud hətta səmada bürcləri və planetləri göstərmək olar.

7. Dil öyrənmə

Övladınızı əlifbanı, sözləri, hecaları, yaxud xarici dilləri öyrədən proqramlara baxmağa həvəsləndirin.

8. Audio CD-lərdən yararlanın

Hekayə, şeir və mahnılar üçün cizgi filmləri əvəzində audio CD-lərdən yararlanmaq olar. Bu, övladınızın daha yaxşı dinləyici olmasına kömək edər.

9. TV qarşısında yeməyə imkan verməyin

Ekran başına keçməzdən öncə yemək ömür boyu sürəcək pis vərdişlər yarada bilər. Bura davamlı atışdırmaq və ziyanlı qidaya aludəçilik də daxildir. Uşaqlar ekran qarşısında daha çox yeməyə, ziyanlı qidalara meylli olurlar. Masa arxasında ailəlikcə yemək yeyin və yemək zamanı TV izləməyin. Bu, uşağınızın yeməyə fokuslanmasına, qidalı yeməklər yeməsinə və doyanda dayanmasına imkan verəcək.

XS
SM
MD
LG