Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:39

Corc Kluni də Baydeni prezident seçkisindən çəkilməyə çağırır


Co Bayden NATO sammitində
Co Bayden NATO sammitində

ABŞ-də Demokratlar Partiyasının üzvləri və tərəfdarları prezident Co Baydenin yenidən bu vəzifəyə seçilmək şansını şübhə altına alırlar. Bu haqda "Reuters" yazır.

Nümayəndələr Palatasının keçmiş spikeri, prezidentin çoxdankı müttəfiqi Nensi Pelosi deyib ki, Baydenin ötən ayın sonundakı uğursuz debatdan sonra seçki yarışında qalıb-qalmamasını qərarlaşdırmağa "çox az" zamanı var. MSNBC-yə müsahibəsində Pelosi ABŞ prezidentinin təkrar seçilmək niyyətinə dəstək verib-verməməklə bağlı sualı birmənalı cavablandırmayıb.

"Hər şey yaşla bağlıdır”

Amerikalı aktyor, Demokratlar Partiyası üçün ianə toplanışının təşkilatçılarından biri Corc Kluni Baydeni seçki kampaniyasından çəkilməyə çağırıb. Bu haqda o, "The New York Times" qəzetində yazıb.

Kluni qeyd edir ki, üç həftə öncə Co Baydenlə görüşüb və onun 2010-cu ildəki, hətta 2020-ci ildəki Baydenə bənzəmədiyini anlayıb. "Hər şey yaşla bağlıdır, başqa məsələ yoxdur", - Kluni belə yazır. Aktyor əmindir ki, Demokratlar Partiyası seçkiyə Co Baydenlə getsə, onu uda bilməz.

Prezident Co Bayden Vaşinqtonda Ağ Evdə Kennedi Mərkəzi mükafatı laureatlarını qəbul edərkən aktyor, rejissor və prodüser Corc Kluni ilə əl sıxır.
Prezident Co Bayden Vaşinqtonda Ağ Evdə Kennedi Mərkəzi mükafatı laureatlarını qəbul edərkən aktyor, rejissor və prodüser Corc Kluni ilə əl sıxır.

Debatdan sonra artan çağırışlar

İyunun 27-də 78 yaşlı Donald Trampla debatdan sonra 81 yaşlı Baydenin seçki kampaniyasından uzaqlaşdırılması yönündə təzyiq artıb. Həmin debatda Bayden bəzən fikrini tamamlaya bilməyib, bəzən hansısa sözü axtarıb, cavabları dolaşıq olub. Bundan sonra "The New York Times" qəzeti redaksiya məqaləsində yazıb ki, indiki prezident seçki yarışından çəkilməlidir, onda qalmaq "məntiqsiz avantüra" olardı. Bayden özü isə debatlarda uğursuz çıxışını beynəlxalq uçuşlardan yorulması ilə əlaqələndirib.

Həmin debatlardan sonra Demokratlar Partiyasının bəzi sponsorları xəbərdarlıq edilər ki, Bayden kampaniyadan çəkilməsə, seçki kampaniyasına pul ayırmayacaqlar.

Konqresdən altı demokrat Baydenə prezident kampaniyasından çıxmaq çağırışı edib. Bugünlərdə ilk dəfə bir senator-demokrat – Maykl Bennet də belə bir çağırışla çıxış edib.

ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Co Baydenin CNN studiyasında ilk teledebatı
ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Co Baydenin CNN studiyasında ilk teledebatı

Senatda çoxluğun lideri Çak Şumer bildirib ki, Demokratlar Partiyasından, Baydeni çıxmaqla, istənilən namizədi qəbul edər.

Biznes və vətəndaş cəmiyyətinin liderləri də "demokratiya və millətin gələcəyi naminə" Baydenə müraciət ediblər. Məktubu artıq 168 demokrat yönümlü fəal imzalayıb.

Co Bayden özü prezident seçkisinə getmək və qələbə çalmaq əzmini bildirir. Ağ ev isə onun sağlamlığı ilə bağlı qorxuları dağıtmağa çalışır.

"Reuters" yazır ki, Baydenin seçki qərargahı Pelosinin dedikləri və Kluninin məqaləsinə cavab olaraq prezidentin Konqresdəki demokratlara göndərdiyi məktuba istinad ediblər. Məktubda Bayden seçki yarışından çəkilməmək və Trampı "əzmək" qətiyyətini ifadə edir.

NATO sammitində Baydendən soruşublar ki, Pelosi hələ də onu dəstəkləyirmi. Bayden buna zəfər yumruğu qaldırmaqla cavab verib.

ABŞ-də prezident seçkisi noyabrın 5-dədir. Keçmiş prezident Donald Tramp respublikaçılardan gözlənən namizəddir. Baydenin namizədliyi avqustda demokratların qurultayında təsdiqlənməlidir.

XS
SM
MD
LG