Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:25

Qarabağa 'qayıdış planı', yoxsa şou?


Cocuq Mərcanlı
Cocuq Mərcanlı

«Transitions Online» (TOL) jurnalı Azərbaycanın Qarabağa «qayıdış planı»ndan yazır.

Müəllif Azərbaycanın Cəbrayıl rayonunda yerləşən Cocuq Mərcanlı kəndinin minalardan sürətlə təmizləndiyini, kəndə əhali yerləşdirməkdən ötrü bərpa işləri aparıldığını qeyd edir. Burada 50 evin, məktəb və infrastrukturun bərpasına 4 milyon manat, daha sonra kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulmasına isə 4.3 milyon manat ayrılıb.

«PR FÜRSƏTİ»

Əslində Cocuq Mərcanlı kəndi 1994-cü ildən – atəşkəs razılaşması bağlanandan Azərbaycanın özündə idi. Amma kəndin ətrafındakı yüksəkliklərin erməni silahlı qüvvələrinin nəzarətində olması onun minalardan təmizlənməsinə, bərpasına imkan vermirdi. Keçən ilin aprel döyüşlərində həmin təpələrin azad edilməsi bu işləri mümkün edib və həm də, məqalə müəllifinin fikrincə, Azərbaycan hökumətinə «PR fürsəti» verib.

Buna da bax-Kocharian: 'Azərbaycanın qərarı Qarabağa səfərlərə təsir etməyəcək'

Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov «EurasiaNet»ə müsahibəsində Cocuq Mərcanlı kəndinin bərpasının Qarabağa «Böyük qayıdış» planın bir hissəsi olduğunu söyləyib: «Bu, bizim beynəlxalq ictimaiyyətə mesajımızdır, işğal altında olan torpaqlarımızı bərpa etmək, əvvəlki halına salmaq niyyətimizin nümayişidir». F.Hüseynov «Böyük qayıdış» planının detalları, planın dəyəri haqda danışmayıb, yalnız Azərbaycanın bu işə çox böyük pullar xərcləmək fikrində olduğunu bildirib.

HÖKUMƏTİ XALQIN GÖZÜNDƏ QALDIRMAQ

«EurasiaNet»in müəllifi Joshua Kucera Azərbaycan büdcəsinin buna qadir olduğuna şübhə edir, neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına vurduğu zərəri xatırladır. Onun fikrincə, Azərbaycan rəsmilərinin belə böyük planlardan danışmasında məqsəd, sadəcə, xalqın gözündən pərdə asmaq, 20 ildir Qarabağı qaytaracağını vəd edən hökuməti xalqın gözündə qaldırmaqdır.

Buna da bax - Moskva Qarabağla bağlı yeni üçtərəfli görüş təklif edə bilər

Sayt «Carnegie» fondunun eksperti Thomas de Waal-dan sitat gətirir: «Azərbaycan ordusunun uğurlarını eşitmək 20 illik həqarət hisslərini yox etməyə, vətənpərvərlik ruhunun yüksəlməsi isə Azərbaycan əhalisinin diqqətini iqtisadi böhrandan yayındırmağa kömək edir».

DAXİLİ «İSTEHLAK» GÖSTƏRİSİ

Bakıda fəaliyyət göstərən, adının açıqlanmasını istəməyən bir Qərb diplomatı da «EurasiaNet»ə müsahibəsində Azərbaycan hökumətinin bu kiçik kənddə baş verənləri daxili «istehlak»dan ötrü göstəriyə çevirdiyini söyləyib: «Əhali arasında gözlənti yaradırsınız, sonra da ona əldə etdiklərinizi göstərirsiniz. Beləliklə, özünüzə təzyiqi azaldırsız, vaxt qazanmış olursuz».

TOL isə bu prosesin davamlı olacağını, Azərbaycanın aprel uğurundan ruhlanaraq, yeni cəhdlər edə biləcəyini vurğulayır, Qarabağa səfər etmiş bloqqerin həbsini, «İnterpol»a tanınmamış Qarabağ Respublikasını təbliğ edən Avropa parlamentariləriylə bağlı sorğu göndərdiyini qeyd edir.

Adını verməyən qərbli diplomatın fikrincə, Azərbaycan bütün bunlarla həm də beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə, münaqişənin həllində vasitəçi rolunu üzərinə götürmüş Minsk qrupu həmsədrlərinə təzyiq göstərməyə çalışır. Çünki qrup danışıqları yubadır, bu isə Ermənistanın mənafeyinə xidmət edir.

XS
SM
MD
LG