Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:24

Dövlət orqanı mərhum MTN polkovnikindən pul tələb edir


İ.Əliyev
İ.Əliyev

Əmanətlərin Sığortalanması Fondu həbsdə intihar etdiyi bildirilən keçmiş MTN polkovniki, nazirliyin Antiterror İdarəsinin rəis müavini olmuş İlqar Əliyevi məhkəməyə verib. Fond iddia edir ki, İ.Əliyevin «Texnikabank»a ödənilməmiş borcu var.

AzadlıqRadiosunun əldə etdiyi iddia ərizəsindən bəlli olur ki, tələb olunan məbləğ 5 min 626 manatdır. Bunun 3 min 137 manatı əsas borc, 2 min 62 manatı faiz, 427 manatı cərimədir.

«Texnikabank»ın lisenziyası ləğv olunduğuna görə bu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Bu qurum bankdakı əmanətlərin qaytarılması, kredit borclarının toplanmasıyla məşğul olur.

Fonda vərəsələri müəyyənləşdirmək tövsiyə olunub

İ.Əliyev 2015-ci ilin oktyabrında – MTN-nin 20-dən artıq vəzifəlisinin həbsi ilə nəticələnən əməliyyat zamanı saxlanılanlar arasında idi. Onun həbsindən iki ay sonra – 2015-ci il dekabrın 20-də Bakı İstintaq Təcridxanasında özünü asaraq, intihar etdiyi bildirilib.

Nəsimi rayon Məhkəməsi İ.Əliyevin 4 il əvvəl vəfat etdiyini əsas gətirərək, göstərilən məbləğin ondan tutulması barədə iddianı icraata götürməyib. Qərarda da göstərib ki, ölmüş şəxsin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti olmadığına görə ona qarşı iddia irəli sürülə, belə iddialara baxıla bilməz. Məhkəmə iş üzrə icraata xitam verib.

Əmanətlərin Sığortalanması Fondu bu qərarla razılaşmır. Fondun nümayəndələri hesab edir ki, məhkəmə icraata xitam verməməli, İ.Əliyevin hüquqi varislərini müəyyən etməlidir. O vaxta qədər isə icraat müvəqqəti dayandırıla bilər.

Fond qərardan apellyasiya şikayəti verib, lakin nəticə dəyişməyib. İş Ali Məhkəməyə gəlib çıxıb. Ali Məhkəmə də bugünlərdə qəbul etdiyi qərarla Əmanətlərin Sığortalanması Fonduna tövsiyə edib ki, İ.Əliyevdən miras qalmış əmlakı qəbul edən vərəsəni (vərəsələri) müəyyənləşdirsin, ona qarşı iddia qaldırsın.

Məhkəmə iclaslarında iştirak üçün İ.Əliyevin yaxınlarına da bildiriş göndərilib. Amma onlar iştirak etməyiblər.

Xatırlatma

İ.Əliyevin həbsindən sonra ona və yaxınlarına məxsus bir xeyli əmlakın üzərinə həbs qoyulmuşdu. MTN polkovnikinin ölümü ilə əlaqədar onun barəsində cinayət işinə xitam verilsə də, əmlakları üzərindən həbs götürülmədi. 2017-ci ilin avqustunda isə Bakı Hərbi Məhkəməsi üzərində həbs olan əmlakların müsadirə olunmasına qərar verdi.

İ.Əliyevin ailə üzvlərinin həmin qərardan verdiyi şikayət də təmin olunmadı. Məhkəmə qərarlarında yazılıb ki, o əmlaklar cinayət yolu ilə əldə olunub.

İ.Əliyevin müsadirə olunmuş əmlakları arasında Nabranda, Şamaxıda, Göyçayda, Badamdar qəsəbəsində bir neçə torpaq sahəsi və evlər, Nərimanov prospektində obyekt var.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Nazirliyin bir sıra vəzifəli şəxsləri həbs olunub. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun tələblərini pozma, mənimsəmə və başqa əməllərdə təqsirli biliniblər. Həbs olunanların bir qismi artıq azadlıqdadır. Keçmiş MTN generallarından Akif Çovdarov, Elçin Quliyev, Sübahir Qurbanov, Teymur Quliyevə isə 14 ilə qədər həbs cəzası verilib.

XS
SM
MD
LG