Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:25

Dağıstanda “qadın sünnəti” geniş yayılıb


Rusiyada Hüquqi Təşəbbüs Fondunun hesabatında deyilir ki, bu adət Rusiyada və dünyanın əksər ölkələrində qadağan olunsa da, Dağıstan kəndlərində qadınların sünnət edilməsi praktikası davam edir.

Hesabat müəllifləri bildirirlər ki, bu prosedur Dağıstanın həm ucqar dağlıq, həm də düzənlik kəndlərində icra olunur.

Hesabatda qeyd olunur ki, sözü gedən “cərrahiyyə” əməliyyatları çox vaxt antisanitariya şəraitində aparıldığından qadın və qızlar üçün ciddi fiziki və ruhi problemlər yaradır.

Hesabat müəlliflərindən fondun baş hüquqşünası Yuliya Antonova BBC-nun Rus xidmətinə deyib ki, baş çəkdikləri yerlərdə adamlar bu mövzuda söhbətlərdən qaçırdılar.

Antonovanın sözlərinə görə, onlar qadınlarla təklikdə söhbət edə bilməyiblər. Otaqda bir qayda olaraq kişilər olur və qrupun işini pozurdular.

Qadınların “odunu almaq”

Antonova həmçinin deyib ki, yerli hakimiyyət orqanları bu qanunsuz praktikaya son qoyulmasını istəsələr də, bu adət bəzi müsəlman ruhanilər tərəfindən müdafiə olunur.

BBC xəbər verir ki, qeyri-mənfəət “Rusiya Hüquqi Təşəbbüs Fondu” 2001-ci ildə Hollandiyanın Utrext şəhərində qeydiyyatdan keçib.

FEMEN qrupunun fəalı 2013-cü il Berlin Kino Festivalında qadın sünnətinə etirazını bildirir
FEMEN qrupunun fəalı 2013-cü il Berlin Kino Festivalında qadın sünnətinə etirazını bildirir

Qrup Çeçenistan, İnquşetiya, Kabardo-Balkar və Dağıstan respublikalarında insan haqlarının pozulması hallarını araşdırır.

BBC-nin xəbərində deyilir ki, avqustun 15-də Şimali Qafqaz Müsəlmanları Koordinasiya Şurasının sədri İsmayıl Berdiyev qadın sünnətinin zərərli adət olmadığını bəyan edib.

Bu şura Şimali Qafqaz federal dairəsinin, habelə Adıgeyin və Krasnodar vilayətin müsəlman təşkilatlarının fəaliyyətini əlaqələndirir.

“Mənim bildiyimə görə, bunu qadınların odunu bir az almaq üçün edirlər. Bunun sağlamlığa heç bir təsiri yoxdur” – deyib Berdiyev “Qovorit Moskva” radiosuna.

Hər il 3 milyon qız

Beynəlxalq təşkilatların məlumatlarına görə bütün dünyada hər il 3 milyonadək qız və qadın sünnət təhlükəsi ilə üzləşir.

Beynəlxalq terminologiya ilə deyilərsə, hazırda dünyada “cinsi orqanı şikəst edilmiş” 125 milyon qadın var.

Britaniya mətbuatının ilin əvvəllərində verdiyi məlumata görə, təkcə Birləşmiş Krallıqda minlərlə qadın, o cümlədən çox sayda həddi-büluğa çatmamış qız gizli şəraitdə həyata keçirilən sünnətin qurbanı olur.

İngiltərə və Uelsdə mövcud qanunlara görə, belə hallar barədə xəbəri olan həkim, tibb bacısı və mamalar polisə xəbər verməlidirlər.

Britaniya hökuməti “bu təhqiramiz və qanunsuz praktikaya” elə hazırkı nəslin dövründə son qoymağı vəd edib.

Britaniyada belə əməliyyatlara əksərən Afrika və bir sıra müsəlman ölkələrindən olan miqrantlar müraciət edirlər.

Azərbaycanın bəzi şimal bölgələrində belə cərrahiyyə əməliyyatları barədə ara-sıra xəbərlər gəlsə də, rəsmi təsdiqini tapmır.

XS
SM
MD
LG