Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:43

Daşkəsəndəki kombinatın satışı gələn ilə qaldı


Daşkəsən Filizsaflaşdırma Kombinatı
Daşkəsən Filizsaflaşdırma Kombinatı

Avqustun sonuncu gününə təyin olunmuş, sayca 5-ci investisiya müsabiqəsinin necə bitdiyini açıqlamadan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yenidən Daşkəsəndəki kombinatdan ötrü sərmayəçi axtarışına çıxdı. Bu dəfə müsabiqənin keçirilməsi yanvarın əvvəlinədək uzadıldı.

Ötən ilin iyulunda özəlləşdirməyə açılan «Daşkəsən Filizsaflaşdırma» ASC elə o vaxtdan istehsal fəaliyyətini dayandırıb. Ekspertlərin ümumi qənaəti isə budur ki, Azərbaycanda investisiya risklərinin artdığı şəraitdə kombinata «yaxın duran» sərmayəçiyə müəyyən təminatlar verilməlidir.

VAXT UZADILDI, ŞƏRTLƏR DƏYİŞMƏDİ

Müsabiqənin vaxtı 4 ay uzadılıb. Amma şərt eynidir: kombinatın istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klaster yaratmaq. Bundan ötrü ümumi həcmi 600 milyon dollardan az olmayan beşilliik investisiya proqramı təqdim edilməlidir. Bu, son deyil: səhmdar cəmiyyətini almaq fikrinə düşən şirkət dövlət büdcəsinə, azı, 100 milyon manat pul ödəməlidir.

***Buna da bax-Filizsaflaşdırmanın özəlləşdirilməsi ilə bağlı iradlara cavab verildi

«İqtisadi Resursların Öyrənilməsi Mərkəzi» İB-nin sədri Ruslan Atakişiyev dövlətin və investorların maraqlarının heç də hər zaman kəsişmədiyini deyir və müsabiqə şərtlərində stimullaşdırıcı addımlara da yer verilməsini zəruri sayır. Onun fikrincə, iri həcmdə sərmayə qoyan şirkət həm də yaxın dövrdə həmin vəsaiti geri qaytarmaq haqda da düşünür və investisiya risklərinin artdığı hazırkı şəraitə çox həssas yanaşır.

«STİMULLAŞDIRICI ADDIMLARA EHTİYAC VAR»

«Keçən ilin sonunda növbəti dövr üçün dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı tədbirlər planı qəbul edilib. Plana əsasən, özəlləşdirmədən dövlət büdcəsinə 200 mln. manatdan çox vəsaitin daxil olması da nəzərdə tutulur. Yarım ilin hesabatı göstərdi ki, bu sahədə işlər gözləniləndən ləng gedir və dövlət əmlakının satışından, hələlik, 50 milyon manat əldə olunub. İnvestor maraqlıdır ki, özəlləşdirmədə daha çox güzəştlər alsın və xərclərinə qənaət etsin. Dövlət isə əksinə, özəlləşdirilən əmlakdan büdcəyə daha çox vəsaitin daxil olmasını istəyir. Axı, bunun vasitəsilə hökumət bir sıra tədbirləri gerçəkləşdirməyə yeni imkanlar əldə etmiş olur», – iqtisadçı belə deyir.

Bu baxımdan R.Atakişiyev hazırda özəlləşdirmə prosesində investorları əmlakı satın almağa stimullaşdıracaq addımların atılmalı olduğunu deyir. Onun fikrincə, investorları çəkindirən amillərdən biri obyektlərin «dəyərindən baha» təklif olunmasıdır:

***Buna da bax-Daşkəsəndə filiz kombinatının özəlləşdirilməsi 'daşa dirənib'

«İnvestorları gözləmə mövqeyində saxlayan həm də iqtisadi gözləntilərdir. Onlar fikirləşir ki, gələcəkdə iqtisadi vəziyyətin təsirindən bu əmlakı daha ucuz qiymətə ala bilərlər».

EKSPERT: «İNVESTORLARA TƏMİNATLAR YAZIMDIR»

İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblının fikrincə, Daşkəsəndəki filizsaflaşdırma kombinatının özəlləşdirilməsindəki yubanma mədən sənayesindəki şirkətlərin yüksək səviyyədə təminat əldə etmək maraqlarıyla bağlıdır.

«Bu sektorda əsas sərmayəçilər transmilli korporasiyalar, iri şirkətlər və kapital gücü olan biznes quruluşlarıdır. Siyasi və iqtisadi təminatları əldə edə bilməyəndə, bu tipli layihələrə qoşulmaqdan çəkinirlər. Antiinhisar tədbirləri və hüquqi sahədə çərçivələr dəqiq əks olunmayınca, investorları «ram etmək» mümkün olmayacaq. Bununla belə, mən həm də bu sahəyə marağın səviyyəsini makroiqtisadi kontekstdə ölkədə əlverişsiz investisiya iqlimi ilə əlaqələndirməyin tərəfdarıyam», – ekspert belə düşünür.

ƏMDK «Daşkəsən Filizsaflaşdırma» ASC üçün investor axtarışının gedişi haqda hər hansı açıqlama vermir. Bundan öncə elan olunmuşdu ki, kombinata maraq göstərən 40-dək şirkət var.

2016-cı ilin dekabrında italyan şirkətlərindən birinin iştirakıyla «xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər istehsal zəncirinin» () qurulacağını bəyan etmiş «Baku Steel Company» MMC-nin planlarından da bir xəbər yoxdur.

ƏVVƏL İNVESTORLARA SATILIB, SONRA ƏLLƏRİNDƏN ALINIB

«Daşkəsən Filizsaflaşdırma» ASC son 14 ildə iki dəfə xarici investorlara («Aldex Limited», Britaniya, «Det.Al Metal Limited», BƏƏ) satılıb. Lakin hər dəfə təzminat ödənilmədən özəlləşdirmənin nəticələri ləğv olunub. 2013-cü ildə kombinatın bazasında səhmləri dövlətə məxsus «Azərbaycan Polad İstehsalı Kompleksi» QSC yaradılıb və üç il sonra ləğv edilib. 2011-ci ildə kombinat Birləşmiş Ərəb Əmirliklərində yaradılmış «Det.Al Metal Limited» şirkətinin nəzarətində olarkən, burada 214 min ton dəmir filizi konsentratı istehsal olunmuşdu. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə istehsal 25 min tona düşüb.

İstehsal göstəricilərinin azalması səhmdar cəmiyyətinin maliyyə durumuna da təsir edib. Təkcə son üç ayda şirkətin borcları 469 min manat artıb və 18.3 milyon manatı keçib. Son altı ayda kombinatda 35 nəfər işdən gedib.

XS
SM
MD
LG