Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:32

Deputat: 'Düz 20 ölkə bu yarışın keçirilməsi üçün xahiş edir'


Avropa Gənclər Olimpiya Festivalı Gürcüstanda da (2015) baş tutub
Avropa Gənclər Olimpiya Festivalı Gürcüstanda da (2015) baş tutub

Azərbaycan gələn il Avropa Gənclər Olimpiya Festivalına (AGOF) ev sahibliyi edəcək. Prezident İlham Əliyev Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Festival Avropa Olimpiya Komitələrinə üzv olan dövlətlər arasında, özü də iki ildən bir keçirilir. Bu tədbirə, adətən, 14-18 yaşlılar qatılır.

AGOF-un yaşı elə də çox deyil. İlk dəfə 1991-ci ildə Brüsseldə keçirilib. Festival Azərbaycanın qonşuları Türkiyə (2011) ilə Gürcüstanda da (2015) baş tutub.

Hələ iki il öncə açıqlanan məlumatda deyilirdi ki, Azərbaycanda keçiriləcək festivala 4 minə yaxın iştirakçının qatılması nəzərdə tutulur. 50 Avropa olimpiya komitəsi və 50 dünya olimpiya komitəsinin bu festivalda iştirakı gözlənilir.

Festivalda 9 idman növü üzrə yarışlar keçirilməlidir.

Hökumətin imic layihəsi və ya pulsilmə?

Adətən, bu cür beynəlxalq tədbirlər, xüsusən də Bakı Birinci Avropa Oyunları, İslam Oyunları, Formula-1 ölkədə tənqidlə, iradla qarşılanır. Yerli iqtisadçılar bu cür idman yarışlarına milyonların, bəzən milyardların xərcləndiyini, amma əvəzində onun ölkəyə nə maddi, nə də mənəvi heç nə qazandırmadığını iddia edirlər. Bu cür mübahisələr 2015-ci ildə keçirilmiş Bakı Birinci Avropa Oyunları zamanı daha qızğın gedirdi. Hakimiyyət isə hər zaman beynəlxalq yarışların ölkənin imicinə, tanınmasına xidmət etdiyini bildirir.

N.Cəfərli
N.Cəfərli

«Çox güman, hökumət yenə də deyəcək ki, ölkəni tanıtmaq, ölkə idmanının inkişafı üçün bu tipli festivalların, yarışların keçirilməsi vacibdir», – REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli söyləyir. Ancaq o sual edir: «Azərbaycan indiyədək bu qədər yarış keçirib, belə çıxır ki, hələ də ölkəni tanımayıblar? Buna görə yenidən yarışların, tədbirlərin keçirilməsinə ehtiyac yaranıb?..».

İqtisadçının qənaətincə, hakimiyyət beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsində çox maraqlıdır. Amma o bu marağı, bəzi iqtisadçıların iddia etdiyi kimi, hakimiyyətin «büdcədən pul silmək» istəyi ilə bağlamır, bunun üçün yetərincə başqa yolların, başqa layihələrin olduğunu söyləyir.

N.Cəfərlinin sözlərinə görə, hakimiyyət beynəlxalq layihələrə «imic layihəsi», daha dəqiq desək, «imicinin yaxşılaşdırılması və ya adını təmizə çıxarmaq layihəsi» kimi baxır: «Sadəcə, Azərbaycan hökuməti özünü sivil dünyanın, Avropanın bir parçası hiss etmək üçün belə tədbirlərin keçirilməsinə lüzum görür. O, insan haqları sahəsində, iqtisadi sahədə, başqa institutların işlək olmaması ilə bağlı imicində, təqdimatında problemlərin olduğunu bildiyindən özünü beynəlxalq layihələrin gerçəkləşdirilməsi ilə sığortalamağa çalışır. Bunun başqa izahını tapa bilmirəm. Özünə güvənən, ya da özünü tanıtmaq istəyən ölkənin buna ehtiyacı yoxdur. Məsələn, qonşu Gürcüstan böyük beynəlxalq yarışlar keçirmir. Amma Azərbaycandan daha çox turist qəbul edir, Azərbaycandan fərqli olaraq imici də dünyada yaxşıdır».

A.Əbiyev
A.Əbiyev

Deputat: «Bu, ölkə üçün komplimentdir»

«Bizim təşkilatçılıq qabiliyyətimiz çox yüksəkdir. Bizi dünya tanıyır. Azərbaycanı tanıtmağa ehtiyac yoxdur», – bunu Milli Olimpiya Komitəsinin baş katibi, hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki təmsilçisi Ağacan Əbiyev deyir. Tənqidlərlə razılaşmayan MOK baş katibinin qənaətincə, belə bir yarışın Azərbaycanda keçirilməsi ölkə üçün sadəcə, komplimentdir: «Belə festivalın keçirilməsini hər ölkəyə etibar etmirlər. Düz 20 ölkə bu yarışın keçirilməsi üçün xahiş edir. Ancaq bunu inkişaf etmiş, idmanı yüksək səviyyədə olan ölkələrə keçirməyə icazə verirlər. Azərbaycan da həm inkişaf etmiş, həm də idmanı yüksək səviyyədə olan ölkədir. Bu yarışın keçirilməsi ölkə üçün komplimentdir».

«Beynəlxalq tədbirlərə pul xərcləməkdənsə, gənclərin problemləri həll edilsin»

Başqa bir iqtisadçı, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyevsə hesab edir ki, gənclərlə bağlı tədbirlərin keçirilməsi təqdirəlayiqdir. Ancaq ona təəssüflənir ki, bunun «deqradasiyaya uğrayan» Azərbaycan gəncliyinə bir faydası yoxdur:

N.Əliyev
N.Əliyev

«Bu deqradasiya fonunda, gənclərin sosial-iqtisadi çətinliklər içində boğulduğu dövrdə belə tədbirlərin keçirilməsi, əlbəttə, gözdağına çevrilir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son illər 15-30 yaşlıların sıra sayında təxminən 300 min nəfərlik azalma yaşanıb. Bunun səbəbi nədir? Niyə gənclər ölkədə duruş gətirmir, başını götürüb getməyə məcbur qalır? Mənə elə gəlir, hökumətin son illər gənclərlə bağlı keçirdiyi tədbirlərin adı hər nə olur olsun, cavanları ölkədən didərgin salmağa xidmət edir. Bu, yaramaz haldır».

İqtisadçının fikrincə, beynəlxalq idman tədbirlərinə xərclənən vəsait gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilsə, xüsusən də mənzil probleminin, işsizliyin aradan qaldırılması daha yaxşı olardı.

Nə qədər pul xərclənəcək?

Bu yarışlara nə qədər vəsait xərclənəcəyi hələlik açıqlanmayıb. N.Cəfərlinin sözlərinə görə, bu, gələn ilin büdcəsi açıqlananda bəlli olacaq.

A.Əbiyev isə Azərbaycanın Avropa Gənclər Olimpiya Festivalına böyük məbləğdə pul xərcləməyəcəyini bildirir: «Gələnlər öz hesablarına gəlir, mehmanxana pulunu-zadı özləri verəcəklər. İkincisi, biz ancaq təşkil edirik. Təşkilatçı kimi isə bizə heç nə lazım deyil. Azərbaycandakı idman infrastrukturu Avropada belə yoxdur. Bilməyənlər danışmasın. Elə bilirlər, burda alver gedir, pul xərcləyirik. Amma artıq bir dəfə infrastrukturu qurmağa, stadionlar, komplekslər tikməyə pul xərcləmişik. Biz indi ancaq yarışların keçirilməsinə pul xərcləyirik».

Avropa Gənclər Olimpiya Festivalı 2019-cu ilin 20-28 iyulunda Bakıda keçiriləcək.

XS
SM
MD
LG